“Məncə, milli komanda Ayxan Abbasovla davam etməlidir”.

Bunu Offsideplus.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Azərbaycan - Ukrayna matçı (1:1) haqqında fikirlərini bölüşüb:

“Ayxan Abbasovun heyətdə etdiyi dəyişiklikdən tutmuş, seçdiyi oyun modelinə kimi doğru idi. Biz Ukrayna ilə matçda öz simasını itirməyən, intizamlı, etibarlı komanda gördük. Ancaq qeyd etməliyəm ki, müəyyən boşluqlar da vardı, hələ xeyli çalışmalara ehtiyac var. Ayxan Abbasov yığmaya milli ruhu qaytardı. Ən vacibi budur. 

Hazırda yeni baş məşqçi axtarışına çıxmaq düzgün deyil. Bundan sonra isə gedişat göstərəcək ki, hansı addımlar atılmalıdır. İstənilən halda yığma komanda sistemindən çıxan Abbasov bu postda daha faydalı ola bilər”.

Sadıqov Fernandu Santuşun istefaya göndərilməsinə də münasibət bildirib:

“Santuşun rəhbərliyi dövründə ruhsuz komanda gördük. Əgər müqayisə etsək, dünən çox güclü rəqibə qarşı mübarizə aparırdıq. Görünür, o, futbolçulara lazımi məqamları çatdırmağa qadir deyildi. Ancaq Ayxan Abbasov az bir müddətdə bunu bacardı. Dünən meydandakı hər futbolçu verilən tapşırığı maksimum şəkildə həyata keçirməyə, əlindən gələnin də artığını etməyə çalışırdı. Hesab edirəm ki, bu heç-heçə komandada özünəinamı qaytarmaqla növbəti matçlarda da stimul olacaq. Oyundan-oyuna bunu daha yaxşı hiss edəcəyik. Baxmayaraq ki, Santuş xarici mətbuata açıqlamasında deyir ki, 2028-ci ilə kimi plan qurubmuş. Fikrimcə, həmin vaxta qədər də istədiyimiz yığmanı görə bilməyəcəkdik. Atılan ilk addımlar bunu deməyə əsas verir. Hesab edirəm ki, Santuşun göndərilməsi AFFA rəhbərliyi tərəfindən çox sərt, qətiyyətli və vaxtında verilmiş qərardır. Baxmayaraq ki, Ukrayna ilə oyunöncəsi bu qərar riskli idi, çünki İslandiyadan sonra cəmi üç gün vaxt vardı. Ancaq risk özünü doğrultdu və görünən odur ki, yerli mütəxəssislərə güvənib şərait yaratmaq lazımdır. 

Qeyd edək ki, yığmamız oktyabrın 10-da Fransa milli komandası ilə qarşılaşacaq.