2005-ci ilin 19 yanvar tarixində "Neftçi"nin Ermənistan klubu "Pünik" üzərində qələbəsindən bu gün 20 il keçir.

Offsideplus.az xatırladır ki, “Birlik Kuboku”nun 1/4 final mərhələsi üzrə Moskvada keçirilən oyunda təmsilçimiz rəqibini 2:0 hesabla məğlub etmişdi. "Ağ-qaralar"a tarixi qələbənin bəxş edən qolların müəllifləri isə Georgi Adamiya və Vidadi Rzayev olmuşdu.

Azərbaycan futbolunda unudulmaz qollardan birinə imza atmış Vidadi Rzayevlə əlaqə saxladıq və oyunla bağlı xatirələrini soruşduq.

- Vidadi müəllim, oyunla bağlı nələri xatırlayırsınız?

- Torpaqlarımızın işğal altında olan dövründə belə qələbənin olması bizə çox şirin gəldi. Hesab 0:0 olarkən onların təhlükəli epizodu oldu. Amma onlar o epizoddan yararlana bilmədi. Məğlub da ola bilərdik, heç-heçə də ola bilərdi. Tale elə gətirdi ki, qalib gəldik. Bu, çox qürurverici hiss idi. Mən şanslıyam ki, həm o oyunda erməniləri məğlub etmə hissini yaşamışam, həm də vətən müharibəsində ermənilərin bizim qarşımızda diz çökməsini görmüşəm. Bu, mənim üçün 2 qat qələbədir. Təbii ki, bunun üçün Ali Baş Komandanımıza təşəkkürlər düşür. Torpaqlarımız onun sayəsində azad oldu. Bunlar hamısı qürurverici hisslərdir. Nə yaxşı ki, mən bu qələbə hisslərini yaşaya bilmişəm.

- Qol vurduqdan sonra nə hisslər keçirdiniz?

- Qol vurduqdan sonra hesab 2:0 oldu. Digər uşaqlar hamısı üstümə qaçdı. Qolu bayram etdik. Artıq qələbənin gələcəyini hiss edirdik. Çox gözəl xatirələr idi. Həm gözəl, həm də, unudulmaz hadisələr. Qoldan sonra Ağasəlim Mircavadova dedim ki, məni oyundan çıxarsın. Artıq mənim o vaxt 37-38 yaşım var idi. Tez-tez də oyunlar oynayırdıq. 90 dəqiqə templə oynamaq olmurdu. Növbəti ildə artıq mən "Neftçi”də yox idim, amma xatırlayıram ki, yenə ermənilərlə oyun oldu. Bu səfər ermənilər oyuna çıxmadı. Qorxub qaçdılar (gülür).

- Qalib gəlməsəydiniz, nə baş verərdi?

- Yaxşı ki, qalib gəldik. Qalib gəlməsəydik, bu gün siz məndən o anları soruşanda mən utancımdan cavab verə bilməzdim. Əgər biz o oyunu uduzsaydıq, mən futbolu buraxacaqdım və utancımdan Bakıya qayıtmayacaqdım. Amma nə yaxşı ki, qalib gəldik və daha 1 il oynadım. Xoşbəxtəm ki, karyeramı pis an ilə bitirmədim. Çox şadam ki, karyeramı xoş xatirələrlə bitirdim.