Azərbaycan futbolunda gündəmdə olan mövzulardan biri Juninyonun transferidirsə, digəri də legioner limitidir.

Bəzilərinə görə bu limit ləğv olmalı, bəzilərinə görə isə qalmalıdır. 

Niyə qalmalıdır? 

"Çünki ləğv olsa, azərbaycanlı futbolçular itib-batacaq, ölkə futbolu pis vəziyyətə düşəcək”.

Adətən bu suala cavablar belə olur. Onsuz da pis vəziyyətdə olan futbol bundan pis vəziyyətdə necə ola bilər ki? 

Klublarda olan yerli futbolçuların bir çoxu arxayın şəkildə matçlara çıxır, aylıq məvaciblərini alırlar. Limit ləğv olsa, yerli oyunçular üçün də həyacan təbili çalacaq. İstər-istəməz daha rəqabətli mühit formalaşacaq. Rəqabətli mühit hazırda azərbaycanlı futbolçular arasındadırsa, limit ləğv olarsa, yerlilər həm gənclərlə, həm də legioner futbolçularla daim rəqabətdə olacaq. Bu da nə qədər çox olarsa, idmançılarımız bir o qədər çox inkşaf edəcək. 

Bir az fərqli tərəfdən də baxsaq, əslində o olmasın, bu, olsun. Yəni, yüksək səviyyəli futbolçu legioner limiti olan liqadan da çıxıb, legioner limiti olmayan liqadan da. Demək ki, oyunçunun oynaması üçün, inkşaf etməsi üçün ən önəmli faktor legioner limitinin olub-olmaması deyil. 24 futbolçudan ibarət olan hər hansısa bir komandada heyət 23 legioner 1 yerlidən ibarət olsa belə, həmin azərbaycanlı həqiqətən öz üzərində çalışırsa, oynamaq istəyirsə, rəqiblərinin legioner olub-olmamasının fərqi olmayacaq. O yenə də oynamaq üçün əlindən gələni edəcək. Yəni, buradan o qənaətə gəlmək olar ki, oynayan futbolçu limit olsa da, oynayacaq, olmasa da. Amma bir seçim etmək gərəkirsə, limitin ləğv olunması tərəfdarıyam.

Ümumiyyətlə, məsələyə dərindən baxsaq, Azərbaycan futbolunun gündəmi legioner limiti yox, uşaq futbolu olmalıdır. Bütün klubların  stadionlarında təbii örtüklü meydança olmalıdır. Uşaq futbolunun inkşafı ölkə futbolunun inkişafıdır. Bu, gələcək üçün yüksək səviyyəli futbolçu yetişdirə bilmək potensialı deməkdir. Ümid edirəm ki, bir gün azərbaycanlı futbolçuların da adını TOP liqalarda görə biləcəyik. Kvaratsxeliya, Mikautadze, Abdukodir Xusanov kimi...

Nihat Kərimli