Axşam saatlarında ürək sarsıdan bir xəbər aldıq.
Aşağı yaş qruplarımızdan birində Mingəçevirdə oyun zamanı qapıçımız Nurəziz Əzizov ağır zədə aldı. Hətta həyatı üçün təhlükə yarada biləcək bir zədə idi.
Səhər tezdən klubumuzun İcraçı Direktoru Fərrux Mahmudovla birlikdə dərhal yola düşdük. Nurəzizi həmin an Kürdəmirə aparmışdılar, ilk əməliyyat orada olmuşdu. Ora çatanda gördük ki, aşağı yaş qruplarımızın bütün məşqçi heyəti və digər işçilər xəstəxananın həyətində narahat halda gözləyirlər. Anladıq ki, burada əsas məsələ Nurəzizin futbola yox, normal həyata qayıtmasıdır.
Çətinliklə bizi yuxarı buraxdılar. Nurəzizi gördük və bir az söhbət etmək imkanı əldə etdik. Qısa söhbət əsnasında anladıq ki, bu gənc futbolla yaşayır. Onun üçün həyat elə futboldur. Sonra atası ilə də görüşdük və söhbət etdik.
Bildiyiniz kimi, Azərbaycanda belə halları görən bəzi ailələr uşaqlarını idmana göndərməkdən çəkinir. Ancaq Nurəzizin valideynləri əsl fədakarlıq göstərərək, “Hər şeyi edəcəyik ki, oğlumuz yenidən meydana qayıtsın,” dedilər. Onların bu möhkəm iradəsi bizi həm təsirləndirdi, həm də ruhlandırdı.
Sonra Nurəzizi Bakıya gətirdilər, burada daha bir əməliyyat oldu. Klub üzvlərimiz, “Forza Neftçi” azarkeş qrupu və digər dəstəkçilərimiz onu ziyarət etdilər. Hər zaman yanında olduğumuzu göstərdilər. Nurəziz get-gedə sağalmağa başladı. Keçən il artıq oyunlara çıxdığını eşidəndə çox sevindim.
Ancaq bu dəfə xəbər daha da böyük və sevincli idi: Nurəziz Əzizov Azərbaycan U-16 millisinə dəvət aldı!
Bu, sadəcə bir futbolçunun uğuru deyil, həm də insan iradəsinin və dəstəyin gücünün sübutudur. Nurəziz, sən meydanlarda olduğun müddətcə biz də hər zaman yanında olacağıq. Uğurlar sənə, gələcəyin ulduzu! “Neftçi”nin ulduzu! Azərbaycanın ulduzu!