Dünən Misli Premyer Liqasının 17-ci turunda "Qarabağ" "Sumqayıt"ı 5:0 hesabı ilə darmadağın etdi.
Oyun haqda danışmağa gərək yoxdur. "Kimyaçılar"ın Ağdam təmsilçisini məğlub etmək potensialından olmadığını hamı gördü. Baxmayaraq ki, "köhlən atlar" meydana əsas heyəti ilə çıxmamışdı. "Sumqayıt"ın "Qarabağ"a uduzması mövzu deyil. Məsələ Ağdam təmsilçisinin rəsmən mərkəz müdafiəçisiz qalmasıdır.
Matçın 28-ci dəqiqəsində Bədavi Hüseynov zədələnərək oyunu tərk etdi. Millimizin üzvünün zədəsinin nə qədər ciddi olduğu bəlli deyil. Bu gün axşam saatlarında Bədavi MRT olacaq. Bundan sonra, oyunçunun durumu bəlli olacaq.
İstənilən məqamda "Qarabağ" mərkəz müdafiəçisiz qalıb. Kevin Medina və Bəhlul Mustafazadə zədəlidir. Bədavi də dünən sıradan çıxdı. Qalıb təkcə Mateus Silva. Braziliyalı da mərkəz müdafiəçisi deyil.
"Qarabağ"ın qarşıda 2 görüşü var. Dekabrın 19-da "Şamaxı" ilə 3-cü turdan təxirə salınmış oyun keçiriləcək. Ayın 22-sində isə "Araz-Naxçıvan"la vacib qarşılaşma var.
Zədəsi çox ciddi olmasa da, Bədavi azı bu görüşlərin 1-də oynaya bilməyəcək. Amma düşünmək olar ki, Qurban Qurbanov belə məqamlarda oyunçularını riskə atmır. Onları qorumağa çalışır. O zaman deyə bilər ki, Bədavi üçün 2024-cü il başa çatdı.
Belə olan məqamda "Şamaxı" və "Araz-Naxçıvan"la görüşlərdə "Qarabağ" nə edəcək? Qurban Qurbanov kimi mərkəzdə oynadacaq?
Gəlin, etiraf edək ki, "Şamaxı" ilə qarşılaşmada Toral Bayramov da müdafiənin mərkəzində oynasa, olar. Onsuz da "münəccimlər"in Ağdam təmsilçisinə güc gəlmək potensialı yoxdur.
"Araz-Naxçıvan"la görüş isə vacibdir. Ağdamlılar bu oyunda mütləq qələbə qazanmaq haqda düşüncək. Çünki "köhlən atlar"ın çempionluq mübarizəsi apardığı rəqib naxçıvanlılardır.
Qurban Qurbanov bu oyunda kimi müdafiənin mərkəzində oynada bilər ki, həm sistem, həm də limit pozulmasın? Müdafiənin mərkəzində isə Julio Romao top qova bilər. Onsuz da dayaq yarımmüdafiəçiləri daha çox arxa xəttə kömək olmağa çalışırlar. Yəni, Julio Romao - Mateus Silva ikilisi bu çətin məqamda "Qarabağ"a kömək ola bilər.
Ağdam təmsilçisi isə indidən mərkəz müdafiəçisi axtarmalıdır. Düzdür, qışdan sonra zədəli futbolçular geri dönəcək. Amma betərin betəri var. Sağalmasalar, nə olacaq? Ya da Mateus da zədələnsə, onun yerinə kimi oynayacaq? Bu səbəbdən də "Qarabağ" qış "transfer pəncərəsi"ndə ən azı 1 mərkəz müdafiəçisi transfer etməlidir...