Gün işığı görməyən, gündüzün hər dəqiqəsinin dəyərinin qədrini bilmək üçün fikalara ehtiyac duyulduğu ölkəyə - İsveçə 17 noyabrda yerli vaxtla saat 7-nin yarısında çatdıq. Elə yenicə Stokholma havada ayaq basmışdıq ki, təyyarə bələdçisi millimizə "ümid edirik ki, qələbə sizin olsun" deyə səsləndi. 

Dəstəksiz qalan milli

O bilmirdi ki, Azərbaycan milli komandasına fərqi yoxdur, istər Tofiq Bəhramov adına Respublika stadionunda səpələnmiş tərəfdarlar önünə çıxsınlar, istərsə də ilk dəfə milli oyunu önlərinə gətirdikləri Qəbələ şəhər stadionuna. İlk dəfə idi, stadionda boş yer qoymamışdılar, Qəbələlilərdən savayı, Tovuzdan, Bakıdan və bəlkə də bilmədiyim digər şəhərlərimizdən, rayonlarımızdan gələnlər vardı. 80-ci dəqiqədən sonra "Azərbaycan" deyə bağıran bir nəfərə tamaşaçılar da qoşuldu. O an Qəbələnin soyuq axşamında isti havanı hiss etdim. Bir də Bakını xatırlayaq, Stokholmun şaxtalı havası və gözlərimi acılaşdıran yüngül mehli havası belə yığmanın paytaxtda keçirdiyi oyunlara gələn tamaşaçı-azarkeşlərlə olan münasibətindən istidir. Bu gün 180-dən bir az çox azərbaycanlı skandinav torpaqlarında azmış Azərbaycan millisinə dəstək olmağa gələcək. Vikinqləri qəbirlərində güldürməyin, çoxdan gəlmiş (Qəbələ) və az azarkeş (Bakı) dəstəyinə öyrəşən millidə çatışmayan dəstəkdir təkcə?!

Qələbə həsrəti

O bilmirdi ki, indiki dövrdə qələbə necə çətin şeydir. 18 noyabrda Lixtenşteyndə (eyni zamanda Stokholmda) saat 22:45, Bakıda 1:45 (19 noyabr) olduğu gecə vaxtı San Marino millisi UEFA Millətlər Liqasında D Liqasının 1-ci qrupunun lideri kimi birbaşa C Liqasına yüksəldi. 20 illik qələbəsizlik seriyasını 2024-cü ildə qıraraq yüksək liqaya vəsiqə qazandı? Qazandı. İlk dəfə bir oyunda 3 qol vurdu? Vurdu. Tarixində 3-cü qalibiyyətinə nail oldu? Oldu. Son 138 oyunda cəmi 2 qələbəsi, 7 heç-heçəsi olan bu cırtdan ölkə işini sabaha saxlamadan futbol dünyasına “mən də varam”, - deyə səsləndi. Yenidən qayıdaq Azərbaycana. Baxmayaraq ki, saatımız qabaqdadır, amma məlum idman növündə 3 il, bəlkə də 3 onillik qədər geridəyik. Azərbaycan millisi D Liqasına düşdü? Böyük ehtimal düşəcək. "Bizim üçün vacib olmayan" turnirdəki ardıcıl 5 oyunun ayrılıqda hər birində 2-dən çox qol vurulub? Vurulmayıb. Ümidimiz vardı ki, D Liqasında San Marinoya həddini bildirək, üzümüzə qayıtdı ki, "nə həddinə?!"

Emosional insan deyiləm. Sosiallaşan zaman üzümə qarşındakına nəzakət xətrinə gülümsəmə qondururam. Amma Azərbaycan futbolunda 2 şeyi düşünəndə gözlərim Baltik dənizinə sular axıtmağa yol tapır. İkisi də ürəyimizin yaralı yeri, bəziləri üçün yara, bəziləri üçün yararlı olan sahədir. 

Uşaq futbolu. Yetkinlikdən uzaq olan balacaların çiyninə hamımız - mediasından valideynlərinə,  məşqçilərinə kimi o qədər yük qoymuşuq ki, məktəbli çantalarından daha ağır olur. Onlar da böyüyəndə asana qaçmaq istəməyəcək? Klublarda sağ qalmağı seçib, milli formanı Xəzərində, Baltikində, Qarasında, Aralığında, boğulmağa buraxmayacaq?! 

Milli komanda və azarkeşlər arasındakı bağlılıq. Formanı qan, tərlə çirkləndirməyənlərlə bayrağının olduğu hesab tablosuna baxanda beyni çönməyən emosiyasız insanlarla mənəvi əlaqə qurmaq? Mümkün deyil. Rəqib qapılarına onlarla zərbədən biri qələbə qoluna çevrilmirsə, futbolçularımız Həkim baba demiş, hələ qələbə kəmərinə layiq deyil. Utanırmış kimi pıçıldayaraq oxuduqları Azərbaycan himnini hayqırmadıqca, 90 dəqiqə bitəndə azarkeşlərə hesabat verməli olduqlarına məcbur hiss etmədikcə, paltardəyişmə otağına yollandıqları zaman məğlubiyyəti addım-addım yaddaşlarına həkk edib utanmadıqca kəmər onların belində qalmayacaq.

Bizim qələbəmiz... 

Mənə görə, insanlar həyatda əzab-əziyyətlərə 2 cür reaksiya verir. Uzun müddət məşəqqətlərə dözən biri bir gün ürəkdən xoşbəxt olmağı elə arzulayacaq və qarşısına məqsəd qoyacaq ki, axırda ona nail olacaq. San Marino millisi kimi. Ağrı-acını dərindən yaşamayan insan isə tədricən uğursuzluqlara öyrəşib zombiləşəcək və artıq qələbəni aclığı doyduran yem kimi görəcək. O zamana qədər isə aclığını ağız dadına uyuşmayan qidalarla yatızdırmağa çalışacaq.

Sözsüz ki, bunlar mənim fərziyyələrimdir. Bəlkə də səhərin 5-də meşənin qoynunda yerləşən Solna qəsəbəsindəki hotel otağımda sayaqlayıram və yuxudan tam ayılmamışam. Amma müşahidəm budur. Yaxından müşahidə edə, son günlərdə Azərbaycan millisi ilə əlaqədar video kontentlər yarada bilməyimə şərait yaratdığına görə AFFA və "Misli"yə təşəkkür edirəm. Bu təşəkkürə layiqdirlər, çünki Azərbaycanda ilk dəfə vebsaytda çalışan qadın idman jurnalisti səfərə yollanıb. Sözün açığı, Qəbələdə həmkarlarım bu faktı mənə deyəndə çox təəccübləndim. Bu halda daha bir təşəkkür "Offside"a düşür. Hər redaksiya qadın jurnalistlərini səfərə göndərmək üçün mübarizə aparmazdı. Təəssüratlarımı vloqda daha sonra daha geniş görəcəksiniz.

Günay Xəlil / Stokholm