Bir neçə gündür Azərbaycan şəhmatsevərləri və cəmiəsi bir məsələ haqda düşünür və müzakirə edir: Vasif Durarbəyli milli komandanın Ümumdünya Şahmat Olimpiadası üçün heyətinə niyə daxil edilmədi? Məlum olduğu kimi, Teymur Rəcəbovun kaiptanlıq etdiyi, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı daxil edilib.
Məsələni daha dərindən təhlil etmək üçün bir qədər keçmişə səyahət edək.
Əslində, problemin kökü bir neçə ay əvvələ qədər gedib çıxır. Belə ki, ABŞ-də yaşayan Durarbəyli ölkə çempionatına dəvət edilmədi. 2023-cü ildə sözügedən turnirin çempionu olan şahmatçımızın bu yarışda çıxış etməməsi bir qədər təəccüblə qarşılandı. Komandamızın üzvü ona dəvət göndərilmədiyini, ümumilikdə isə federasiya tərəfindən diqqətin az olmasını qeyd etmişdi. Hadisədən bir müddət sonra AŞF-nin prezideni Mahir Məmmədovla müsahibə zamanı bu məsələni qabartmış, ondan cavab istəmişdim. Cənab Məmmədovun münasibəti isə belə olmuşdu:
Sitat: "Vasif Durarbəylinin sözündə həqiqət yoxdur. Ölkə çempionatının vaxtını, şərtlərini də bilirdi. Vasiflə söhbətimiz oldu. O, müxtəlif səbəbdən çempionata qatılmadı. Aparıcı şahmatçılarımızdan biridir, Vasifin növbəti yarışlarda iştirakına inanırıq. Hər zaman onun hazırlığı diqqətimizdədir".
Bir qədər də əvvələ qayıdaq:
4 noyabr 2023-cü il.
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda verilən əsas qərar:
"1 noyabr 2023-cü il və 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakı ilə bağlı qərar qəbul edilsin".
Baxın, bu olduqca vacib məqamdır. Qeyd olunan punkt məsələnin ekvatorundadır.
Milli çempionata dəvət edilməyən Durarbəyli, bu müddət ərzində ABŞ-də müxtəlif turnirlərə qatılır, qalib və mükafatçılar sırasında düşürdü. İti zəka sahibi qeyd olunan limitlə yetinmədi, qoyulan saydan iki dəfə çox yarışlarda iştirak etdi. Fəqət, bu şahmatçımız üçün risk idi. Çünki Vasif mümkün uğursuzluq nəticəsində reytinq itirə və Azərbaycan yığmasının heyətindən kənarda qala bilərdi. Ancaq onun milli komanda və şahmat sevgisi bütün risklərin üzərinə çıxdı. Ümumilikdə baxdıqda isə artıq Vasifin olimpiada üçün siyahıya daxil edilməsində problem görünmürdü. Heyətin iki üzvü əvvəlcədən məlum idi. Bunlar Namizədlər Turnirində iştirak edən Nicat Abasov və ölkə çempionu Aydın Süleymanlı idi. Burada daha bir məsələ ortaya çıxır. Dünya reytinqində ilk "100-lük"də olmayan Abasovun heyətə daxil edilməsi sırf Namizədlər Turnirində iştirakla bağlıdır. Başqa meyar yoxdur. Millimizin aparıcı üzvlərindən olan Şəhriyar Məmmədyarov isə heyətə ölkənin ən reytinqli şahmatçısı kimi daxil edilib. Yerdə qalır iki vakant yer. Burada da Rauf Məmmədovla Durarbəylinin olacağı gözlənilirdi. Amma Vasifin yerinə siyahıda Məhəmməd Muradlının adı qeyd olundu. Bir sözlə, təcrübəli şahmatçımız heyətdən kənar buraxıldı. Təbii ki, bu da narazılığın yaranmasına səbəb oldu. Sayı o qədər də çox olmayan şahmat azarkeşləri məsələyə biganə qalmadı. Etirazlardan sonra federasiya açıqlama yaydı. Amma press-reliz özü belə nöqsanlı idi.
Açıqlamada qeyd olunur.
Sitat: "Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdı. Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır".
Birincisi, şahmatçı özü təsdiq edir ki, ona federasiya tərəfindən ölkə çempionatına və ya hər hansı hazırlığa dəvət göndərilməyib. Belə olan halda, bu necə kriteriya ola bilər?
İkincisi, qeyd olunub ki, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Uzun müddətdir şahmatı izləyən biri kimi deyə bilərəm ki, qrossmeysterimiz hər zaman Azərbaycan adı üçün əlindən gələni edir, ən azı bu, kameralardan belə görünüb. Və indiyə qədər Vasif haqda hər hansı narazılıq olmayıb. Azərbaycanın 3-4 şahmatçısından biridir ki, 0.1 faiz qələbə şansı olsa belə, sona qədər mübarizə aparıb, döyüşüb. Bəzi şahmatçılarımız partiyanı yarıda saxlayıb, yarışı tərk etməyib.
Xülasə, Azərbaycan Şahmat Federasiyası komandamızın olimpiadada qələbə şanslarını aşağı salır. Qeyd olunub ki, Durarbəyli ehtiyat qüvvə kimi saxlanılır. Amma onun yeri ilk lövhələrdən biri olmalıdır.
AŞF daxilində onların təbirincə desək, şəxsi maraqlar ümumi məsələlərdən üstündürsə, o zaman bu millidən qələbə gözləməyək. Olimpiadadır, bayrağımız, Vətənimiz təmsil olunur. Onların adına xələl gətirəcək bütün şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Bu, şübhəsizdir.
Baxın, əgər federasiya haqlıdırsa, onlar məsələni açıq şəkildə detallarına qədər bildirməlidirlər. Qeyd etdiyim kimi, hər fərd bayrağımızı təmsil edir. Bəlkə doğrudan da Vasif Azərbaycan adına, komanda ruhuna xələl gətirəcək hərəkətlər edir (düzü, buna 1 % belə olsa, ehtimal vermirəm). Belədirsə, hörmətli AŞF rəsmiləri məsələni açıqlayın, insanlar da Vasifin necə biri olduğunu tanısın. Yox, burada şəxsi fikirlər önə çıxırsa və idmançı bu məsələdə haqlıdırsa, onda federasiya bu biabırçılığa cavab verməli, anlaşılmazlığı aradan qaldırmalıdır!
Burada bir məğlub var: o da Azərbaycan milli komandası. Dünya əhəmiyyətli yarışdan öncə bu kimi xoşagəlməz halların yaşanması utancvericidir. Yığma sözügedən turnirdə uğursuz çıxış edəcəksə, bu xəmir çox su aparacaq. Məsələ daha da alovlanacaq, ona qədər tutarlı açıqlama olmasa...