“Gənc ulduzlar” rubrikamızın ilk qonağı “Zirə”nin U-16 komandasının üzvü Fəriddir. “Qartallar”ın əsas komandası Premyer Liqada gümüş medala iddialı olduğu halda, balacaları AFFA U-16 Liqasında çempionluğa oynayır. “Zirə”lilərin müdafiəçisi və kapitanı olan Fərid məşqlərini əvəzedici komanda ilə edir, ən bəyəndiyi futbolçu Ramosdur, lakin sevdiyi oyunçunun klub karyerası əksinə “Zirə” kimi göy rəngli loqosu olan “Çelsi”ni tutur.
Gənc həmsöhbətimizlə müsahibəni təqdim edirik:
– Salam, Fərid.
– Salam.
– Tam adın necə idi?
– Fərid Cabbarlı.
— Haçan anadan olmusan?
— 2008-ci il, 20 sentyabrda doğulmuşam.
– Nə vaxtdan futbolla məşğulsan?
– 8 yaşımdan futbol oynayıram, futbola bu akademiyada başlamışam. Müdafiə mövqeyində oynayıram.
– Futbolçu olmağında kimin rolu olub?
– Futbola lap əvvəldən məni Seymur müəllim (Seymur Şəbiyevlə müsahibəni buradan oxuya bilərsiniz) gətirib. Məktəbdə seçim olmuşdu, ordan Seymur müəllimin yanına göndərdilər, o da məni "Zirə"yə yönəltdi.
– Sevdiyin klub və futbolçu?
– Azərbaycanda "Zirə", dünya üzrə "Çelsi" klubunu tuturam. Sevdiyim futbolçu Serxio Ramosdur.
– Azərbaycanda bəyəndiyin futbolçu kimdir?
– Azərbaycanda isə "Zirə"nin stoperi Çantakiası bəyənirəm.
– Digər klublarımızın oyunçularından?
– Digər klublarımızdan Bəhlul, Yankoviç, axır vaxtlar isə aparıcı futbolçulardan Zubir, Benzia, Juninyo xoşuma gəlir.
– Futbolçu karyeranı xaricdə davam etdirmək arzun var?
– Əlbəttə istəyərəm. Xaricdə oynamaq seçimi olsa, niyə də yox?!
– Cari mövsüm fərqlənmisən?
– Bu il 5-6 qol vurmuşam. 1 dəfə də dubl etmişəm.
– Əvəzedici komanda ilə məşqlər edirsən. Debüt etmisən?
– Daimi olaraq əvəzedicilərlə məşq edirəm. "Zirə-2"nin heyətində yoldaşlıq oyununda çıxış etmişəm. Həmin oyunda "Səbail"ə qarşı oynadıq və 2:1 hesabı ilə qalib gəldik. Hələ ki klubla müqaviləm yoxdur.
– İndiyə qədər “Zirə” ilə hansı uğurlarınız olub?
– "Zirə" ilə turnirdə 2 kubok qazanmışıq, 2 ədəd Respublika üçüncülüyümüz var.
– Dərslərin necə gedir?
– Dərslərim yaxşıdır, pis deyil. Qiymətlərim normaldır, orta səviyyədə. Hazırlıqlara gedirəm, dərslərimə əsasən orda fikir verirəm. I qrupa hazırlaşıram, hədəfim kompüter mühəndisliyidir. Həm futbol oynayıb, həm də universitetə daxil olacam.
– Başqa idman növü ilə maraqlanırsan?
– Futboldan başqa, güləş və boks izləyirəm.
– Boş vaxtlarında nə edirsən bəs?
– Boş vaxtlarımda dərs oxuyuram və məşq edirəm, başqa heç nə (gülür).
– Ən çox hansı oyunda sevinmişdin?
– Tam yadımda deyil... Yadıma sala bilmədim.
– Bəs üzüldüyün?
– Üzüldüyüm… Keçən il AFFA Liqasında yarımfinalda "Sabah"a uduzduğumuz oyunlar idi. Hər iki mərhələdə uduzmuşduq. Ən üzüldüyüm oyunlar bunlar olub.
– Bu il çempion olmağa iddialısınız...
– İnşallah, komandaya inanıram.
– Təşəkkürlər və uğurlar, Fərid.
– Çox sağ olun.
Günay Xəlil