Barış Şimşək Hakimlər Komitəsinə sədr təyin olunanda sevinmişdim. Düşünmüşdüm ki, azərbaycanlı referilər ondan nəsə öyrənəcək. Çünki türkiyəli qardaşımızın hakimlik karyerası “çiçək” kimi idi.

 

Çempionlar Liqasında, Avropa Liqasında, Avropa Çempionatında oyunlar, yarımfinallar, final görmüş adamdır. Barış Şimşəyin aldığı serfikatları burada qeyd etsək, səhər açılar. Romada, Nyonda, Lissabonda, Malaqada, İstanbulda UEFA tərəfindən keçirilən kurslarda xüsusi fərqlənib, hətta bir çoxunda təlimatçı olub. Azərbaycana da VAR-la bağlı gəlmişdi. Burada təlimatçı çalışırdı. Frits Ştuxlikin müqaviləsi bitəndən sonra AFFA rəhbərliyi türkiyəlini Hakimlər Komitəsinə sədr olaraq təyin etdi.

Vəzifəyə başlayanda çox fəal görsənirdi. Hər həftə “CBC Sport”a verilişə çıxaraq referilərin səhvlərini izah edirdi. Zaman keçdikcə türkiyəlidə rəhbər hissləri formalaşmağa başladı. İndi hakimlərin səhvlərini dilə gətirmək nədir, hər vəclə doğru olduğunu isbat etməyə çalışır. Amma son zamanlar referilərin etdiyi səhvlər primitiv şeylərdi. “Sumqayıt” – “Araz-Naxçıvan” matçında Kamranbəy Rəhimovun təyin etdiyi biabırçı penaltini qınamayan qalmadı. Mən şəxsən hazırda Hakim-inspketor kimi fəaliyyət göstərən, FIFA statusu olan 3-4 nəfərlə bu epizodu müzakirə edəndə açıq-aşkar bildirdilər ki, həmin anda 11 metrlik cərimə zərbəsi yox idi. AFFA-dakı prezident seçkisi zamanı həm Barış Şimşəkdən, həm də Cavid Cəlilovdan epizodu şərh etmələrini istədim. Hər ikisi də bildirdi ki, rəsmi olaraq müraciət edin, cavablayaq. Amma məktublara həmişə eyni cavab verirlir:

“Hakim qərarlarını müzakirə etmək etik olmadığı üçün mediaya hansısa açıqlama verə bilmərik”.

Bu, Ştuxlikin vaxtında da belə idi, indi də. Amma avstriyalı heç olmasa bəzi prosesləri izah edirdi. Cavabı ingiliscə özü yazırdı, tərcüməsini də Cavid Cəlilova etdirirdi.

Hər nəysə! Düşündüm ki, Kamranbəy Rəhimov məsələsini uzatmayım. İnsandır, gəncdir. Yanlış qərar verə bilər. Bu hadisədən 1 həftə keçməmiş başqa biabırçılıq baş verdi. “Neftçi” – “Sumqayıt” matçında Elçin Məsiyev flaqmanın təmiz qolunu saymadı, qarşılaşmanın son dəqiqəsində “ağ-qaralar”ın penaltisini vermədi. Mən bunu özümdən demirəm. Bu epizodları hazırda hakim-inspektor kimi çalışan 3-4 nəfərdən soruşmuşam. Hamısı da deyib ki, qol qeydə alınmalı, penalti verilməli idi. Həmin şəxslərin adlarını da açıqlaya bilərəm. Lakin konfidensiallığı qorumaq lazımdır. Həmişə bu söhbəti siz etməli deyilsiniz ki...

Uzatmağa gərək yoxdur. Azərbaycanda hakimlik, oyun idarəçiliyi günü-gündən pis vəziyyətə düşür. Qardaş Türkiyədən olan Barış Şimşək özü yaxşı hakim idi, amma idarəçiliyi bacarmadı. O, bizimkilərə heç nə öyrədə bilmədi. Əksinə normal 3-4 hakimimiz var idi. Onlar da indi normal qərarlar verə bilmirlər. Barış Şimşəyə qardaş dedik, bağrımıza basdıq, o da hakimliyimizi məhv etdi...

İLKİN SULTANLI