Azərbaycan Basketbol Liqasının I turunda dünən "Neftçi" "Xəzri" komandası ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, görüşdə "ağ-qaralar"ın eyniadlı futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, baş məşqçi Adrian Mutu və yeni idman direktoru Yens Andersson da iştirak edib. 

"Neftçi TV"nin oyunla əlaqədar hazırladığı reportajı və A.Mutunun Sport24.az-a verdiyi müsahibəni təqdim edirik. 

 

Adrian Mutunun müsahibəsi...

- Meydançanı səhv salmamısınız? Bildiyim qədəri ilə ancaq futbol komandasına cavabdehlik daşıyırsınız...
- (gülür) İlk olaraq, onu deyimki mənim ən çox sevdiyim idman növlərindən biri basketboldur. Böyük oğlum da basketbolla məşğul olub. Bura "Neftçi"nin oyununu izləməyə və komandaya dəstək olmağa gəlmişəm.

- Necə düşünürsünüz, "Neftçi"nin basketbol komandası daha yaxşı oynayır, ya futbol?
- Hansının daha yaxşı olduğunu deyə bilmərəm. Hər iki komanda eyni rəngləri təmsil edir. Fərqi yoxdur, əsas odur ki, biz "Neftçi"ni təmsil edirik. Məhz bu səbəbdən də birlik olmalıdır. Buna görə də "Neftçi"ni dəstəkləmək üçün burdayıq.

- Dediniz ki, oğlunuz da basketbolla məşğul olub. Onu "Neftçi"yə transfer etmək fikriniz var?
- O artıq bu peşəni buraxıb. Amma kiçik oğlum oynayır və hazırda "Neftçi"dədi.

- Fikrimcə, futbol mövzusuna toxunmasaq, azarkeşləriniz saytımızı daş-qalaq edər... "Neftçi" son turda oyunu ilə fanatlarını sevindirdi. "Səbail" üzərində qələbə qazanmaqla yanaşı, şən, diri futbol oynadınız. Hətta deyərdim ki, rəhbərliyiniz altında komandanızın ən yaxşı oyununu izlədik. Buna dirçəliş kimi baxmaq olar, ya sadəcə, belə alındı?
- Komanda son oyunda yaxşı oyunla qələbə qazandı. Zənnimcə, hər şey qaydası ilə gedir. Ümid edirəm ki, komandada olan bu konsentrasiya və motivasiya sona qədər davam edəcək. Məhz bu cür oyunla azarkeşlərimizi sevindirməyə davam edəcəyik.

- Azarkeşlər arasında belə bir fikir formalaşıb ki, Emin Mahmudovsuz "Neftçi" daha əzəmətli göründü. Hər halda, komandanız daha sürətli futbol sərgilədi. Bu barədə nə deyə bilərsiniz?
- Belə olduğunu düşünmürəm. Həmin oyunda komanda birlik nümayiş etdirdi, xarakter göstərdi və qələbə qazandı. Eminlə və ya Eminsiz, komanda oyuna köklənməli və nəticə qazanmalıdır.

- Növbəti turda "Sabah"la qarşılaşırsınız. Hazırda turnir cədvəlinə baxdıqda, nə "Neftçi", nə də "Sabah" barəsində müsbət fikir söyləmək olur. Ancaq oyunun afişası əzəmətli görünür: ötən mövsümün gümüş və bürünc medalçıları qarşılaşacaq...
- Murad Musayevin komandasının indi hansı pillədə olmasının fərqi yoxdur. Ciddiyə alınası, hörmət ediləsi rəqibdi. Qarşıda çətin oyun var. Fikrimcə, bizi amansız 90 dəqiqə gözləyir. Maraqlı matçın sonunda hansı nəticənin qeydə alınacağını birlikdə görəcəyik.

- Futbol ictimaiyyəti "Neftçi" adına layiq hücumçunu hələ də görmür. Qış fasiləsində hücumda "Adrian Mutu"yla güclənmək mümkün olacaq?
- Əgər daha yaxşı hücumçu tapa bilməsəm, özüm oynayacam.