"Sumqayıt" Misli Premyer Liqasında 2023/24 mövsümünün ilk turu çərçivəsində ötən gün səfərdə "Səbail"i 4:1 hesabıyla məğlub edib.
"Kimyaçılar"ın yeni transferi Rövlan Muradov matçdan sonra Offsideplus.az-ın suallarını cavablandırıb.
- Əvvəlcə oyun haqda danışardın.
- Mövsümün ilk oyunu idi. Bilirdik ki, bizi çox ağır səfər matçı gözləyir. Çünki "Səbail" yeni oyunçulardan formalaşmış bir komandadır. Rəqib də iddialı idi, qələbə qazanmaq istəyirdi. Şükürlər olsun ki, ağır mübarizədən üzüağ çıxdıq.
- "Sumqayıt"ın heyətində debüt oyununda fərqlənməyi bacardın. Bu, həm də komandanın yeni mövsümdə ilk qolu oldu...
- Yeni komandamın heyətində ilk qolu vurmaq, özü də çempionatın birinci turunda fərqlənmək mənim üçün çox sevindirici haldır. Lakin bununla belə, arxayınlaşmaq olmaz. Bundan sonrakı oyunlarda da əlimdən gələni edib, komandama fayda vermək istəyirəm.
- Matçın sonlarına yaxın reklam lövhəsinə çırpılaraq zədə aldın və əvəzləndin. Hazırda durumun necədir, ciddi problem yoxdur ki?
- Qol və belimdə ağrılar var. Ümumilikdə ciddi bir şey yoxdur, yaxşıyam.
- Bu mövsüm iddianız nədir?
- Məqsədimiz ilk növbədə avrokuboklara vəsiqə qazanmaqdır. Ümumiyyətlə, hər bir komandanın iddiası olmalıdır ki, uğur haqda düşünsün. Ona görə də fikrimiz avrokuboklara vəsiqə qazanmaq və yenidən Azərbaycanı Avropada təmsil etməkdir.
- Avrokuboklar demişkən, "Qəbələ" ilə Konfrans Liqasına vəsiqə qazanmışdın. Lakin "Sumqayıt"a keçdin. Mətbuatda yayılan xəbərlərə görə, bölgə təmsilçisi ilə aranda inciklik də olub. Bununla bağlı nə deyə bilərsən?
- Kubokun finalından sonra rəhbərliyə bildirmişdim ki, komandadan ayrılacağam. Bəlkə də müəyyən anlaşılmazlıq olub, amma o da ötüb keçib. Yəni, "Sumqayıt"a keçidimdən bir müddət öncə "Qəbələ"də qalmaq niyyətində olmadığımı rəhbərliyə bildirmişdim. Bu, birdən-birə baş verməyib.
- "Qəbələ"nin KL-dəki çıxışı haqda nə deyə bilərsən? "Qırmızı-qaralar" yenə mərhələ keçə bilmədi...
- Birinci növbədə heyətin optimal formada olmamasını səbəb göstərərdim. Əksər futbolçular komandadan ayrıldı və heyətin komplektləşdirilməsi üçün zamana ehtiyac vardı. Bununla belə, "Qəbələ"dən uğurlu çıxış gözləyirdim. Bu, futboldur. Biri udar, biri uduzar. Önə baxmaq lazımdır.
Daşqın Əziz