Bildiyiniz kimi, UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib.
Bu da Azərbaycan futbol ictimaiyyətində ciddi narazılığa səbəb olub. Ələlxüsus futbolsevərlər və media nümayəndələrini gileyləndirən qərarla bağlı AFFA ötən gün Avropanın ali futbol qurumuna məktub da ünvanlayıb. Fəqət müraciətin nəticəsi mənfi olub. UEFA fikrindən daşınmayaraq, hər üç matçın eyni gündə - avqustun 10-da "Küləklər şəhəri"ndə keçirilməsi qərarını qüvvədə saxlayıb. Bu barədə məlumatı AFFA-nın mətbuat katibi Elnur Məmmədli verib.
Sitat: “Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. Qurumdan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.
Belə bir məqamda ilk olaraq çoxunun ağlına AFFA-nın sabiq baş katibi Elxan Məmmədov gəlir. Axı həmyerlimiz hazırda FIFA-da yüksək vəzifə tutur. Hardasa ümid vardı ki, dünyanın ən nüfuzlu futbol qurumunun Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini tutan Məmmədov məsələyə qarışa bilər. Düzdür, bunu açıq şəkildə ondan tələb etmək də bir qədər absurddur. Çünki Elxan bəyin belə bir öhdəliyi yoxdur.
Lakin "yerli düşüncə" ilə yanaşsaq, Məmmədov bu məsələyə müdaxilə edə bilərdi, bəlkə də. Amma etmədi...
Xülasə, 10 avqust tarixi Azərbaycan futbolsevəri, jurnalisti üçün "unudulmaz" gün olacaq. Təsəvvür edin, həmin gün "Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Fİnalandiya), "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"la (Türkiyə) və "Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"la (Serbiya) oyunları var.
Nə isə, buna qatlanmaq olar. Mühüm olan Azərbaycan təmsilçilərinin mərhələ keçməsidir. Ki, buna da ümidliyik...
Offsideplus.az