Son on ildə ərəblər dünya futbol bazarında atamanlıq edirlər və günü-gündən də dairə genişlənir.
Avropada üzdə olan iki böyük klubun - PSJ və "Mançester Siti"nin Ərəbistan şirkətlərinin, iş adamlarının kurasiyasında olmasından əksər futbolsevər xəbərdardır. Təsadüfi deyil ki, bu iki klubun azarkeşlərini qıcıqlandırmaq üçün "ərəb komandası" ifadəsi ortaya atılır. Bir neçə il əvvəl İngiltərənin köklü klublarından olan "Nyukasl Yunayted" də bu siyahıya düşüb. Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman böyük maliyyə imkanları ilə Avropanı "fəth etmək" fikrindədir. Yeni mövsümdən "sağsağanlar"ın Neymar və onun kimi bir neçə ulduz futbolçuyla güclənəcəyi gözlənilir.
Bir məsələ də var. Kristiano Ronaldo ilə Kərim Benzema kimi dünya ulduzlarını ardıcıl olaraq "Əl-Nəsr" və "Əl-ittihad"a transfer edən ərəblər indi də komandalarını Avropada oynatmaq fikrinə düşüblər.
Bu gün yayılan xəbərlərə görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyası 3 klubun - "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Hilal"ın UEFA Çempionlar Liqasında çıxış etməsi üçün Avropanın nüfuzlu futbol qurumuna müraciət ünvanlayıb. Bir sözlə, yaxın şərqlilər "əl əli yuyar, əl də üzü", - deyib klublarını UÇL-ə inteqrasiya etmək eşqinə düşüblər.
Qəribədir, elə deyilmi? Avropanı "zəbt edən" ərəblər qitənin bir nömrəli futbol turnirinə də "barmaq etmək" niyyəti güdürlər.
Düzdür, bu baş versə, futbol dünyası çalxalanacaq, böyük rezonans yaranacaq. Amma kapitalizm dövründə baş tutmayacaq iş/plan da deyil.
Əlləri pulla oynayan ərəblərin bu arzuya da çatacaqlarına şübhə yeri qalmır artıq...
Daşqın Əziz