On il əvvəl Araz Abdullayevlə bağlı böyük skandal mətbuatda, sosial şəbəkələrdə gündəmi zəbt etmişdi.
2013-cü ilin aprel ayında - "Neftçi"nin formasını geyinən Abdullayev, Bakının Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə yolu təmizləyən iki süpürgəçi qadını vurmuşdu. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölmüşdü, digər qadın Gülsabah Nuriyeva isə ağır halda xəstəxanaya yerləşdirilmişdi.
Araz Abdullayev saxlanılsa da, sonradan “Neftçi” klubunun sabiq prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılmışdı. Ardınca zərərçəkmişin hüzuruna gedən futbolçu ondan üzr istəyərək könlünü almış, habelə, öz doğum gününü ağır xəsarət yetirdiyi qadınla xəstəxanada keçirmişdi. Hələ bu haqq-hesabdan bir neçə gün sonra heç nə olmamış kimi yaşıl meydanlara da qayıtmışdı.
Söz saatına çəkər deyiblər. Araz Abdullayev 2023-cü ilin aprelində də gündəmi zəbt etməyi bacardı. Xoşbəxtlikdən, bu dəfə ortada ölüm-itim hadisəsi yoxdur. Amma yenə də sosial şəbəkələr səhər saatlarından bəri bir-birinə dəyib. Belə ki, "TikTok" video platformasında yayılan videoda futbolçunun yeniyetmə "parkovşik"lə çox qeyri-etik davranması, hətta onu təhdid etməsi görünür. Düzdür, hadisənin hansı zəmində baş verdiyini deyə bilmərəm. Amma üzdə olan, uzun illər Azərbaycan millisinin şərəfini qorumuş, adlı-sanlı klublarımızda çıxış etmiş, hətta legioner həyatı yaşamış ("Boluspor" (Türkiyə), "Anortosis", "Etnikos" (hər ikisi Kipr -red.) bir futbolçunun özündən yaşca kiçik, çörəkpulu qazanan yeniyetməyə bu cür kobud davranması, jarqonla danışması qınanmalıdır. Bəli, futbolçu bu hərəkətindən sonra həmin yeniyetmədən üzr istədi, forma hədiyyə etdi. Amma bu, heç nəyi dəyişmir. Bir deyil, iki deyil. Abdullayev bir müddət öncə bahalı avtomobili ilə avtoşluq etməsi ilə də yadda qalmışdı. Amma bu, o qədər də müzakirə predmeti olmamışdı.
Vaxtilə İngiltərə "Everton"unun düşərgəsinə dəvət olunan Arazın karyerası ilə bağlı bugünkü durumu ürəkaçan deyil. Abdullayev hazırda azad agentdir. Son olaraq "Sumqayıt"da top qovan 31 yaşlı vingerin bundan sonra Premyer Liqada hansısa iddialı kluba keçəcəyi də real görünmür. Ya elitada çıxış edən ortabab klublardan birinin sıralarına qoşulacaq, ya da Cavid İmamverdiyev, Rəşad Eyubov kimi hansısa Region Liqası komandası ilə anlaşıb, yola davam edəcək. Bədində də karyerasını bitirəcək.
Bir vaxtlar Azərbaycanın ən istedadlı, gələcəyi parlaq futbolçularından hesab olunan Araz son nöqtəni bu formada qoymamalıdır...
Daşqın Əziz