Millinin hər tsikl öncəsi "qazlı" gəlib, yekunda boynunu bükməsinə adət etmişik. Başlayan kimi bitirmək bizim üçün ənənəvi haldır.
Azarkeşlər, keçmiş oyunçular, mətbuat - bir sözlə, futbol ictimaiyyəti bezib. Düzdür, futbol camiəsində suyu, çörəyi AFFA-dan gələn kəslər də var, hansı ki ya susmağı, ya da nə şiş, nə kabab yandırmadan danışmağı üstün tuturlar.
Futbolçuların yerinə danışmaq çətindir, amma onların da çoxu bezib. Təsəvvür edin, ölkə çempionatında yaxşı çıxış edib, adından söz etdirən oyunçular "milli burulğana" düşüb reputasiyalarını zədələyirlər. Tənqid olunanda da yaxşı, pis oynayan fərqi qoymadan hamısı qınanır. Məsələn, ilk dəfə yığmaya çağırılan Yusif İmanova niyə Avro-2024-ün birinci və ən ağır oyunlarından birində şans verildi? Gənc qapıçı indiyədək belə atmosfer görməmişdisə, niyə haya-küyə gedib onu elə ilk matçdaca bədbəxt etdilər? İsveçlə matçda da onu ehtiyatda saxlayıb, bir növ "sındırdılar". Yaxşı, millinin qapıçılar üzrə məşqçisi Kamran Ağayev də bilmirdi? Azərbaycan futbolunda qapıçılıq üzrə yerin altını da, üstünü də bilən Ağayev niyə De Byaziyə demədi ki, Yusif üçün tezdir. Onu bu iki matçda ehtiyat oyunçular skamyasında oturdub, ən azından atmosferə öyrəşdirək...
Hətta AFFA da bezib. Bilirsiz, niyə? Hər fiaskodan sonra sosial şəbəkələrdəki "müdafiəçilərini" qabağa verməkdən. Nə qədər olar, milli uduzsun, tənqid olunsunlar və bu şəbəkəni işə salsınlar. Bir deyil, beş deyil. Yüzlərlə saxta profildən millinin biabırçı nəticələrinə don geyindirilir. Qurumun rəsmi səhifəsinin şərh bölməsinə nəzər yetirəndə, onların rəylərindən başqa heç nə oxumaq olmur. AFFA üçün "qalxan tutanlar"ın qolları hələ ki yorulmur. Amma nə vaxta qədər?..
Offsideplus.az