Ötən gecə bütün Azərbaycanın diqqəti Belçikanın Gent şəhərinə yönəlmişdi.
Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" UEFA Konfrans Liqasında 1/8 finala adlayaraq, azərbaycanlı futbolsevərlərə növbəti dəfə tarixi an yaşada bilərdi. Bakıdakı matçda "Gent"ə 1:0 hesabıyla qalib gələn "köhlən atlar"a cavab oyununda heç-heçə də bəs edirdi. Lakin bu baş vermədi...
Belçikadakı qarşılaşmaya da Qurban Qurbanovun yetirmələri daha üstün başladılar. Əsasən cinahlardan qurulan hücumlarla rəqibi qapısı qarşıxına sıxışdırmağa çalışan "atlılar" özünü qonaq kimi aparmırdı. Hətta "Qarabağ" ilk dəqiqələrdə hesabı aça da bilərdi. Amma Bəhlul Mustafazadənin başla endirdiyi zərbə qapı tirinə tuş gəldi. "Gent" isə aram-aram özü oyununu tapmağa başladı. "Qarabağ"dan "topu alan" rəqib, təmsilçimizin təzyiqini yatıra bildi.
Təsadüfi deyil ki, ilk hissənin ortalarında "Gent" daha təhlükəli olmağa başladı. Lakin "Qarabağ"ın müdafiə xəttinin inamlı oyunu belçikalıların daha da dərinə dalmasına mane olurdu.
"Qarabağ" Belçikaya daha bir ciddi itkiylə yollanmışdı. Şahruddin Məhəmmədəliyev, Kevin Medina və Abbas Hüseynovun ardıyca komandanın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də bu vacib matçda iştirak edə bilmədi. Qurbanov isə zədə səbəbindən oyunu kənardan izləyən Yankoviçin əvəzinə meydana 33 yaşlı Riçard Almeydanı buraxdı. Düzdür, Riçard üzərinə düşən vəzifəni - oyun qurmaq və top dağıtmaq funksiyasını layiqincə yerinə yetirirdi. Amma bu oyunda Qara Qarayevin yeri görünürdü. O da səhhətində yaranan problemə görə, yalnız ikinci hissənin sonlarına yaxın meydana çıxdı.
Cavab matçında da Ramil Şeydayevlə Musa Qurbanlı start heyətində yer almışdı. Lakin adıçəkilən futbolçular Bakıdakı oyundakı kimi, Belçikada da heç nə ilə yadda qalmadı. Eyni ssenari təkrarlandı və Musa Qurbanlı yeni transfer Adama Diakabi ilə əvəzləndi. Lakin fransalı vinger bu görüşə rəng qata bilmədi.
Get-getə təzyiqi artıran "Gent" 75-ci dəqiqədə Orbanla hesabı açdı. Gözlənilən o idi ki, "Qarabağ" bu qoldan sonra hücumlarının intensivliyini artıracaq. Amma əksinə oldu. Belçikalılar təmsilçimizi "topla döyürdü". Sanki bu, Bakıdakı "Gent" deyildi... "Qarabağ"ın isə sonuncu dəfə nə vaxt belə zəif, bərbad mübarizə apardığını xatırlamaq çətindir.
Cütün taleyininin həll olunması üçün əlavə 30 dəqiqəyə ehtiyac duyuldu. Burada da qol olmayınca penaltilər seriyasına ehtiyac duyuldu. 11 metrlik zərbələr seriyası da bineyi-qədimdən "lotereya" adlandırılır. Bu lotereyada isə üzü gülən tərəf "Gent" oldu. Ağdam təmsilçisinin yeni transferi, bəh-bəhlə gətirilən, oyunda da yanlış ötürmələri ilə yadda qalan Yassin Benzia qeyri-dəqiq zərbə ilə "Qarabağ"ın "evini yıxdı". Hələ ki Benzianın oyununu izlədikcə belə təsəvvür yaranır ki, "Qarabağ" rəhbərliyi mayanı küləyə verib...
Bu görüşdə "Qarabağ"ı “Gelamko Arena”da təxminən 800 tamaşaçı dəstəkləyirdi. Ki, bu da Azərbaycan klublarının avrokubokların səfər matçlarında mütləq rekord idi. Ağdamlılar həm o 800 nəfəri, həm də 100 minlərlə azərbaycanlı futbolsevəri məyus etdi.
Ümuilikdə isə bunu demək olar: rəqib qələbəyə yox, "Qarabağ" məğlubiyyətə layiq idi.
Xülasə, növbəti avrokubok həyəcanı üçün yeni mövsümü gözləyəcəyik. Ağdam təmsilçisinin isə 3 gündən sonra Azərbaycan çempionatında "Neftçi" ilə derbi oyunu var...
Offsideplus.az