Tofiq Bəhramov adına Respublika stadionunun jurnalistlər üçün ayrılan sektorunda sonuncu dəfə 8 il əvvəl olmuşdum. 2015-ci ildə "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Monteneqro "Rudar"ı ilə qarşılaşmasında (0:0) mərkəzi arenada media nümayəndəsi kimi yerimi almışdım. Uzun müddətdən sonra yenidən və yenə "Qarabağ"ın oyununu izləmək üçün "Tofiq Bəhramov"a üz tutdum.

Matçın start fitindən bir qədər əvvəl – 19:00-da artıq arenada idim. Vaxtdan istifadə edib, həmkarlarla söhbətləşir, oyundan gözləntilərimizi bölüşürdük. Əsas müzakirə mövzusu isə Qurban Qurbanovun qapıda kimə güvənəcəyi ilə bağlı idi. Görüşün başlamasına az müddət qalmış ənənəvi olaraq rəsmi protokol təqdim olundu. Qapıda "atlılar"ın gürcüstanlı qolkiperi Luka Quqeşaşvili dayanacaqdı. Hamı bir ağızdan "ən doğru seçim edildi", - söylədi. Düzdür, Quqeşaşvili bunadək kobud səhvləri ilə azarkeşləri tərəddüd içində buraxmışdı, amma müəyyən avrokubok təcrübəsi baxımından çərçivənin ona əmanət olunması ən doğru qərar idi. Bu mənada, Qurban Qurbanov gənc qapıçı Amin Ramazanova güvənərək riskə getmədi.

Belçikalı jurnalistlərin təşvişi

Mətbuat nümayəndələri üçün ayrılan otaqda bizlə bərabər Belçikadan gələn jurnalistlər də vardı. Oyunun startını gözləyən həmkarlara yaxınlaşaraq matçla bağlı fikirlərini almaq istədim:

- Salam. Bakıya xoş gəlmisiz! Oyundan nə gözləyirsiz? Sizcə, hansı komanda qalib gələcək?

- Salam. Təşəkkür edirik! Açığı, qələbəyə ümidimiz yoxdur. "Gent" ən yaxşı halda 1:2 hesabıyla uduzacaq.

- Belə çıxır ki, "Qarabağ"dan çəkinirsiz...

- Ola bilər. Öncədən tədbirli davranırıq (gülürlər).

dgs

Dialoqumuz bitər-bitməz media sektora qalxdıq. Bu zaman meydançanın kənarında xüsusi qonaq da gözə dəydi. Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın texniki zonasında baş məşqçi Qurban Qurbanovla söhbət edirdi. Orada olan tanınmış personalardan biri də vaxtilə "Turan" və AZAL-da oynamış gürcüstanlı futbolçu Nuqzar Kvirtiya idi. O isə fotoqraflıqla məşğul idi.

Təxminən 15 dəqiqədən sonra komandalar meydana daxil oldular. Ənənəvi olaraq UEFA Konfrans Liqasının himni səsləndi. Ardınca Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

İlk hissədə başabaş mübarizə

"Qarabağ" oyuna yaxşı başladı. İlk dəqiqələrdən ərazi üstünlüyünü ələ alan "köhlən atlar" sürətli hücumlarla "Gent"in üzərinə şığıdı. Lakin bu, çox çəkmədi. Rəqib təxminən 8-ci dəqiqədən sonra qismən təşəbbüsə yiyələndi. "Qarabağ" artıq "Gent"ə oynamaq imkanı yaratdı. Xüsusən cinahlardan "işləyən" belçikalılar təmsilçimizin qapısı qarşısına tez-tez yaxınlaşırdı. Hətta bir neçə epizodda uzaqdan zərbələrlə çərçivəyə düşməyə çalışdılar.

"Qarabağ" isə maksimum səhv etməməyə, rəqibin yaratdığı ani boşluqlardan yararlanmağa çalışırdı. Ağdamlıların heyətində ilk dəqiqələrdən öndə Abdullah Zubir daha çox gözə dəyirdi. Təsadüfi deyil ki, hücumlar əsasən sol cinahdan qurulurdu. Ramil Şeydayev isə fərdi ustalığı sayəsində rəqib müdafiəsini yarmağa çalışsa da, buna müəssər ola bilmirdi. Start heyətində meydana çıxan Musa Qurbanlı da epizodik rolda idi. Daha doğrusu, topla təmin olunmurdu.

İlk hissənin 30 dəqiqəsi ərzində "Qarabağ"ın heyətində nisbətən zəif təsir bağışlayan oyunçulardan biri də Marko Veşoviç idi. Monteneqrolu müdafiəçi mövqe səhvlərinə yol verirdi. Oyunu alınmadıqca daha da özündən çıxan Veşoviç sonradan toparlanmağı bacardı.

İkinci yarıda tam fərqli "Qarabağ", yeni transferlərin məharəti

Ağdamlılar ikinci hissəyə daha fəal başladı. Rəqibə meydanın hər qarışında pressinq tətbiq edən "atlılar" qonaqlara göz açmağa imkan vermirdi. 50-ci dəqiqədə isə bütün stadion ayağa qalxdı. Çünki "Qarabağ" penalti vurmaq imkanına yiyələnmişdi. Fəqət 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyən Ramil Şeydayev azarkeşləri məyus etdi.

Bu zaman yaxınlıqda əyləşən bir neçə fanatın əsəbi şəkildə səsləndirdiyi "Bu da Ramil...", "Guya, sən Jorjinyosan?!", "Ramili niyə əvəzləmirlər ki?!" kimi ifadələri eşitdik.

Qurban Qurbanov isə ard-arda yeni transferləri döyüşə atmağa başladı. Məlumunuz, "Qarabağ" qış transfer dövründə 3 yeni futbolçuyla güclənib. Adama Diakabi, Redon Cica və Yassin Benzianı heyətinə qatan Ağdam təmsilçisi "Gent"lə matçda hər üç futbolçunun xidmətindən yararlandı. Onlardan ən diqqətçəkəni isə 26 yaşlı fransalı vinger Adama Diakabi oldu. Oyuna əla qoşulan futbolçu sürəti, fərdi reydləri ilə tamaşaçıların alqışını qazandı və oyunu daha da canlandırdı. Get-gedə təzyiqi artıran "Qarabağ" istəyinə 78-ci dəqiqədə çatdı. Leandro Andrade qapı qarşısına ötürülən topu tora qovuşdurdu. Redon Cica isə 88-ci dəqiqədə Yassin Benzianın ötürdüyü topu mükəmməl zərbə ilə qapı istiqamətinə yönəltdi. Lakin albaniyalının sevinməsinə qapı tiri mane oldu. 

Qorxduğu başına gələn "Gent"

Hərçənd ki Belçika təmsilçisinin baş məşqçisi Heyn Vanhazebruk oyundan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"dan çəkinmədiklərini dilə gətirmişdi, lakin ondan sonrakı müsahibəsində bunu dolayısıyla etiraf etmişdi. "Gent" klubunun televiziyasına danışan mütəxəssisin bu fikirləri sosial şəbəkələrdə "camışlar"ın fanatların qəzəbinə də tuş gəlmişdi. O cümlədən qarşılaşmadan 1 həftə əvvəl sözügedən ölkənin mətbuatında "Qarabağ"ın vaxtilə Belçikanın "Anderlext" və "Brügge" kimi klublarını Bakıda məğlub etməsinə (Ağdam təmsilçisi hər iki matçda 1:0 hesabıyla qalib gəlmişdi - red.) diqqət çəkilmişdi. Söhbətləşdiyim belçikalı jurnalistlərin də etirafını nəzərə alsaq... Görünən o idi ki, bu, qonaqlarda narahatlıq yaratmışdı və rəqib "Qarabağ"dan çəkinir, ehtiyat edirdi. 90 dəqiqənin tamamında da "Gent"in qorxduğu başına gəlmiş oldu. Vanhazebruk matçsonrası mətbuat konfransında onlar üçün hələ heç nəyin bitmədiyini bildirərək, evdə "Qarabağ"a mütləq qalib gəlməli olduqlarını söylədi. Gözlənilən budur ki, cavab matçında rəqib məcbur qalaraq açıq oyuna üstünlük verəcək, aqressiv futbol sərgiləyəcək. Bu da “Qarabağ”a meydanda açıq zonalar və fərqlənmək üçün daha yaxşı şanslar yaradacaq.

Xülasə, ağdamlılar işin çoxunu görüb, azı qalıb. "Qarabağ"ın səfər oyunlarında da yaxşı təsir bağışladığını, həm də motivasiya baxımından Belçikaya üstün yollanacağını nəzərə alsaq, növbəti mərhələyə adlamaq şansı təmsilçimizdən yanadır...

Daşqın Əziz