"Qarabağ" bu gün əsas qapıçısı Şahruddin Məhəmmədəliyevlə daha 3 illik müqavilə imzaladı.

 Bu, bir neçə gün əvvəldən məlum idi. Ağdam təmsilçisinin sosial şəbəkə hesablarından yeni sözləşmə ilə bağlı müvafiq paylaşım edilib, eyham vurulmuşdu. Proses rəsmiləşməyinə rəsmiləşdi, lakin bu, azarkeşlərin çoxunu özündən çıxardı. Fanatların yarısı rəylərdə "Şah"a qahmar çıxdısa, yarısı da bu addıma görə klub rəhbərliyini qınadı. Komandanın Kadi Borges kimi aparıcı oyunçusunun bir neçə gün əvvəl Rusiya "Krasnodar"ına satılmasından hiddətlənən azarkeşlər bunu özlərinə qarşı növbəti zərbə hesab edirlər.

Paylaşımın şərh bölməsinə yazılan bəzi rəyləri diqqətinizə çatdırırıq:

"Yenə qaldıq bu əli top tutmayan qapıçının ümidinə"

"Yəni Şahruddini heç bir klub almaq istəmədi? Satılardı kaş"

"Konfrans Liqası ilə indidən vidalaşmaq olar"

"Kaş Şahruddini də Kadi ilə birgə "Krasnodar"a satardılar"

"Deyəsən, bu il də "Valerianka"sız qalmayacağıq"

Göründüyü kimi, klubun addımı birmənalı qarşılanmayıb. Bu da səbəbsiz deyil. 28 yaşlı qolkiper avrokuboklarda, özü də vacib matçlarda etdiyi kobud səhvlərlə "Qarabağ" azarkeşində psixoloji travma yaradıb. Ötən il UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprin "Omoniya" klubu ilə matçda etdiyi səhvdən sonra fanatların "qara siyahı"sına düşən Məhəmmədəliyev bu "ənənə"ni qarşıdakı oyunlarda da təkrarladı. Səhvin ən dəhşətlisini isə Çempionlar Liqasının pley-off görüşündə etdi. "Viktoriya" (Çexiya) klubu ilə qarşılaşmada (ilk oyun - 0:0, cavab matçı - 2:1) biabırçı səhvə yol verən Şahruddin bununla komandasını bəlkə də Avropanın birinci dərəcəli klub turnirinin qrup mərhələsindən etdi. 

 "Qarabağ" rəhbərliyinin bütün bunlara rəğmən, qapını növbəti 3 il üçün "Şah"a əmanət etməsi klub azarkeşlərinin ümidlərini üzdü. Ağdamlıların ayağı hələ də Avropa arenasından üzülməyib. Bildiyiniz kimi, Qurban Qurbanovun yetirmələri fevralda Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə üz-üzə gələcək. Və həmin matçlarda da "atlılar"ın qapısını Şahruddin Məhəmmədəliyev qoruyacaq.

Futbolda "yaxşı qapıçı komandanın yarısıdır", - deyə, bir ifadə var. Lakin Şahruddin bu deyimi üzərinə götürməkdə çətinlik çəkir. Azarkeşləri narahat edən də bu amildir. Ki, mərhələ keçmək üçün çərçivə də etibarlı əllərdə olmalıdır.

Xülasə, bizə Şahruddinə növbəti 3 ildə də uğurlar arzu etmək düşər. Bir daha bu səhvləri təkrarlamaması ümidi ilə...

Offsideplus.az