Xarabalığı xatırladan stadion
İki gün əvvəl Şirvanda idim. Şəhəri gəzib-dolandıqca aparılan abadlıq-quruculuq işlərinə baxırsan, gözün qamaşır. Yenilənən yollar, tikilən binalar, salınan parklar, müasir görünüşə malik dövlət əhəmiyyətli obyektlər – bir sözlə, əla infrastruktur var. Bir də gözünü bu gözəlliklərdən çəkib, yolun kənarındakı stadiona yönəldirsən. Təbii, əgər ora stadion demək olarsa...
Şirvanın ərazisinə tam bələd olmadığım üçün dəqiq deyə bilmərəm ki, ora şəhərin mərkəzidir, ya kənarı. Amma yaxınlıqdakı binalara, yaşayış evlərinə baxanda yəqin etmək olur ki, heç də gözdən-könüldən uzaq yer deyil. Şəhərin "göbəyindəki" stadionda artıq stadionluq qalmayıb. Sökülən oturacaqlar, yox olan ot örtüyü və ancaq "skelet"i qalan bir idman qurğusu. Vaxtilə Azərbaycan çempionatının oyunları keçirilən meydançada bu gün alaq otları, qanqal, uzunluğu boyu aşan kol-kos bitib. Stadionun ərazisi isə sahibsiz itlərin yuvasına çevrilib. Bir də, meydançanın ətrafına atılan məişət tullantılarının qoxusundan orada dayanmaq müşkül məsələdir. Bir faktı da qeyd edim ki, arenanın yenidən qurulması prosesinə uzun illər öncə start verilmişdi. Lakin 2004-cü ildə sökülərək yerində yeni idman kompleksinin tikintisinə start verilmiş Şirvan şəhər stadionunun durumu bugünədək acınacaqlı olaraq qalır. Görülən işlər uzun müddətdir yarımçıq dayandırılıb.
Təəssüf ki, bu aqibətlə təkcə Şirvan şəhər stadionu üzləşməyib. Neçə-neçə bölgədə, hələ Şəmkir kimi futbol ənənələri olan rayonda yerləşən arena da bu taleyi yaşayır.
Azərbaycan futbolunda öz yerini tutan Şirvan
Futbol ənənələrindən söz düşmüşkən, bu məfhumu Şirvana da aid edə bilərik. Çünki Şirvanın (əvvəlki adı ilə Əli Bayramlı – red.) yarandığı ildə Azərbaycan çempionluğunu qazanmağı bacaran komandası olub. Söhbət əsası 1980-cı ildə qoyulan "Energetik" klubundan gedir. Ki, adıçəkilən komanda həmin ildə Azərbaycan SSR çempionatında iştirak edib və elitanın qalibi olub. "Energetik" Azərbaycanın müstəqilliyini bərpa etdiyi ildən bu yana da milli çempionatda iştirak edib, ancaq uğurun davamını gətirə bilməyib. Şirvanlıların 1992-ci ildə müstəqil Azərbaycan çempionatında debüt uğursuz olub və 26 komanda arasında 22-ci yeri tutan klub elitanı tərk edib. Cəmi 15 il ömür sürən "Energetik" 1995-ci ildə maddi çətinliklər üzündən faliyyətini dayandırıb.
Şirvanın Azərbaycan futbolundakı rolu bununla da bitmir. Çünki bu şəhər ölkə futboluna bir çox məşhur ad da bəxş edib. Onlardan Səmədağa Şıxlarov, Tərlan Əhmədov, Əli Abışov, Müşfiq Şükürov, Elmir Xankişiyev, Vadar Nuriyev və digər futbol veteranlarının adlarını çəkmək olar. Azərbaycanın ən tanınmış futbol mütəxəssislərindən olan Tərlan Əhmədov bu gün də ölkə çempionatında iş başındadır. 51 yaşlı mütəxəssis Gəncə təmsilçisi "Kəpəz"in "sükanı arxasındadır".
Məncə, qeyd etdiyim məqamlar ona rəvac verir ki, Şirvan şəhərində futbol ənənələrinin olduğu anlaşılsın. Yenə qayıdıram stadionla bağlı fikirlərimə. Bəli, bu stadion bir vaxtlar Azərbaycan çempionatının oyunlarına "qucaq açıb". İndi isə nə "qucaq" var, nə də...
Yeni nəfəs və ya eşidilməkdə olan "ayaq səsləri"
Bugünlərdə yerli idman mətbuatında Azərbaycan futbolçu üçün vacib və səs-küy yaradacaq bir xəbər oxudum. "Mediasport.az" saytının yaydığı məlumatda tikintisi yarımçıq dayandırılan Şirvan şəhər stadionunda inşaat-tamamlama işlərinə 2023-cü ilin yanvarında start veriləcəyi qeyd olunub. Yayda təhvil verilməsi nəzərdə tutulmuş arenada hansı Premyer Liqa klubunun məskunlaşacağı da artıq müəyyənləşib.
Gənclər və İdman Nazirliyi-SOCAR-AFFA rəhbərliyinin yekun müzakirələrdən sonra verdiyi qərara əsasən, stadion gələn mövsümdən "Səbail"in ixtiyarına veriləcək. Təbii ki, adı dəyişdirilərək. Klubun hansı ad altında fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil. Bayıl klubunun rəhbərliyi artıq bu məqsədlə Şirvana yollanıb, kompleksin ərazisində yaradıla biləcək infrastrukturla tanış olduqdan sonra təklifə müsbət yanaşıb. Beləliklə, bölgələrdə futbolun inkişaf planı çərçivəsində deyəsən, "qonaq qarşılayan" növbəti bölgə Şirvan (ötən il "Keşlə"nin adı "Şamaxı"ya dəyişdirilərək Şamaxı şəhərinə köçürülüb – red.) olacaq.
Rəsmi informasiyanı gözləyən rəsmilər
Stadionda olarkən orada gəzişən, asudə vaxtını keçirən şirvanlı gənclərlə rastlaşdım. Bildirdilər ki, üç-dörd gün əvvəl bura bir neçə rəsmi şəxs təşrif buyurub. Hətta stadionda təmizlik işləri də aparılıb.
Fotolara baxıb, sual edə bilərsiniz ki, burada hansı təmizlik işlərindən söhbət gedir?
Gənclərin sözlərinə inansaq, bir neçə gün əvvələdək arenanın meydançası bundan da bərbad vəziyyətdə olub. Sən demə, ərazidə məişət tullantıları əlindən tərpənmək olmurmuş...
Gələn şəxslərin hansı qurumdan olduğunu soruşduqda, bu barədə dəqiq informasiya verə bilməyəcəklərini dedilər. Məntiq etibarilə "Səbail" klubunun rəhbər heyəti və Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri olub.
Məsələ ilə bağlı məlumat almaqçün ŞŞİH-nin inzibati binasına baş çəkdim. Girişdə məni qarşılayan səlahiyyətli nümayəndə başçı İlqar Abbasovun əvəzindən suallarımı cavablandıra biləcəyini söylədi. Kiçik dialoqumuzu təqdim edirəm:
- Aldığım məlumata görə, bir neçə gün əvvəl rəsmi şəxslər Şirvan şəhər stadionuna baş çəkib və arenada təmizlik işləri aparılıb. Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri də orada olub?
- Bu barədə hələ ki dəqiq bir məlumat verə bilmərəm.
- Belə bir xəbər yayılıb ki, "Səbail" klubu Şirvanda məskunlaşacaq. Bu üzdən gələn aydan stadionun təmirinə başlanılacaq...
- Bəli, xəbəri oxumuşam. Ancaq ortada rəsmi bir şey yoxdur. Məsələ rəsmiləşərsə, o zaman sizin sualınıza cavab verə bilərəm. Hazırda bu haqda nəsə demək üçün tezdir.
Ardınca Şirvan şəhər Gənclər və İdman idarəsi ilə əlaqə saxlamaq istəsəm də, cəhdim boşa çıxdı.
***
Yekun olaraq onu demək olar ki, Şirvanda futbol adına canlanma hiss olunur. Şəhər stadionunun təmir olunacağı və elitada çıxış edən klubun Bakıdan 120 kilometr məsafədə olan bölgəyə köçəcəyi də istisna deyil...
DAŞQIN ƏZİZ, Bakı-Şirvan-Bakı