"Xəzər Lənkəran"ın keçmiş futbolçusu, hazırda menecerliklə məşğul olan Mario Souzanın Offsideplus.az-a müsahibəsini təqdim edirik:
- Necəsən, hazırda nə işlə məşğulsan?
- Yaxşıyam, təşəkkür edirəm. Braziliyada yaşayıram. Hələ də futbol sahəsindəyəm. Futbolda menecer kimi çalışıram. Qazanclı işdir, işimdən çox məmnunam.
- Azərbaycandakı günlərini necə xatırlayırsan?
- Əlbəttə ki, xatırlayıram. Unutmaq qeyri-mümkündür. Heç vaxt düşünməmişdim ki, Braziliyanı tərk edib, "Xəzər Lənkəran" azarkeşləri kimi fanatikləri taparam.
- Azərbaycandakı dostların və komanda yoldaşlarınla əlaqə saxlayırsan?
- Bəli. Azərbaycanda çoxlu dostlarım var. Hamısı ilə münasibətim çox yaxşıdır.
- "Xəzər Lənkəran" və "Simurq" klubları dağıldı. Bu barədə nə deyə bilərsən?
- Baş verənlərdən xəbərdar idim. Çox sevdiyim klubun sonunun bu cür olması haqda düşünəndə hər gün məyus oluram. "Xəzər Lənkəran" həyatımda elə bir yer tuturdu ki, unutmağım mümkünsüzdür.
- Azərbaycanda başına gələn ən maraqlı hadisə nə olub?
- "Xəzər Lənkəran"la kubok qazananda, azarkeşlərimizin reaksiyası yadıma gəlir. İlk dəfə o zaman tərəfdarlarımızla görüşmüşdüm. Möhtəşəm idi.
- Sən oynadığın zaman və hazırkı Azərbaycan çempionatı arasında əsas fərq nədir?
- Məncə, fərq çoxdur. Meydançalar, stadionlar, hər bir klubunun strukturu tamamilə dəyişib. "Qarabağ"a qarşı oynadığımız vaxtlar meydançaların durumu çox bərbad idi, oynamaq mümkün deyildi. Çünki hava çox küləkli idi, futbol oynamaq üçün şərtlərə cavab vermirdi. Qəbələdə palçıqda oynayırdıq. İndi isə durum yaxşılaşıb.
- Bir dəfə Braziliyadan Azərbaycana futbolçu gətirmişdin. Hələ də bu işin içindəsən?
- Bəli. Yaxın gələcəkdə yenə baş verə bilər, Azərbaycana braziliyalı futbolçu gətirə bilərəm. Hazırda üzərində çalışıram.
- Azərbaycanlı futbol azarkeşlərinə nə söyləmək istərdin?
- Son zamanlarda görürəm ki, bütün futbolsevərlərin diqqəti "Qarabağ"dadır. Bütün ölkə bu klubdan böyük nailiyyətlər gözləyir. Bilirəm ki, "Neftçi"nin gizli azarkeşləri çoxdur. Lakin onlardan heç biri, nə "Neftçi", nə də "Qarabağ" tərəfdarları "Xəzər Lənkəran" azarkeşləri ilə müqayisə oluna bilər. Buna baxmayaraq, Avropa Liqası oyunlarını izləyərkən stadionu dolu görmək çox xoşdur.
Cavid Əliyev