Avropada gözümüzün ağı-qarası olan bir həmyerlimiz legioner həyatı yaşayır - Mahir Emreli.

 Onun da hər fürsətdə büdrəməsini güdürük. Ümumiyyətlə, Mahirin əskisi əzəldən tüstülüdür. Azərbaycanda top qovanda da əksərən bir çoxları tərəfindən gülüş hədəfinə çevrilir, məsxərə obyekti olurdu. Amma onun "Qarabağ"dan ayrılıb, Polşa "Legiya"sına transfer ediləcəyini biləndə hamımız sevinmişdik. Elə o məsxərə edənlər də (!). Emrelini burdan zurna-balabanla yola saldıq. Bizi bir xeyli də sevindirdi, qürurlandırdı. Ard-arda qollar vuran Mahir legioner karyerasına heç də pis başlamadı. Mükəmməl qolla İngiltərənin "Lester" kimi klubunun da torunu silkələməyi bacardı. Hətta elə oyun posteri yox idi ki, "Legiya" həmyerlimizin fotosuna yer verməsin. Vaxt ötdü, vədə yetişdi - Emrelinin pis günləri başladı. Əvvəlcə Polşa klubunun sabiq baş məşqçisi Çeslav Mixneviçlə çəkişmələr başladı, ardınca da fanatların "caynağ"ına keçdi. Komandanın uğursuz nəticələrinə görə şillə-qapaz yeyənlərdən biri də Mahir oldu. 

Əlqərəz, o məsxərə edənlərin əlinə növbəti "kozır" düşdü. Yenə adəti üzrə başladılar yıxıb-sürüməyə. O bir yana, dünən hazırda Zaqreb "Dinamo"sunda çıxış edən Mahirlə bağlı daha bir şok xəbər yayıldı. Sən demə, bizim oğlan keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyib və buna görə futbol fəaliyyətlərindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul olunub. Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legia"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Bu da növbəti bəhanə. Dünəndən sosial şəbəkələr "dağılır". "Mahir, özünü başqa işə ver", "Legioner həyatı yaşamaq sənlik deyil", "Səndən futbolçu olmayacaq" kimi rəylər yazılır, az qala onu təhqirə də keçirlər. Bütün bu reaksiyaları görəndə dəhşətə gəlirsən. Bir anlıq düşünürsən ki, bu fikirlər Mahirə yönəlib, yoxsa Mxitaryana..?

Ondansa gəlin, ilk fürsətdəcə Mahiri öldürək. Birdəfəlik futboldan silinsin, ərşə çəkilsin. Bəlkə onda ürəyimiz sərinlik tapar...

Offsideplus.az