Var qələbəyə bərabər məğlubiyyət, var tərtəmiz məğlubiyyət.

 Məsələn, qələbəyə bərabər məğlubiyyətə 2017-ci ildə şahidlik etdik. "Qarabağ" səfərdə Danimarka "Kopenhagen"inə 1:2 hesabıyla uduzsa da, Azərbaycan futbol tarixində bir ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Görün, həmin vaxt ölkədə kimsə bu məğlubiyyətə bir söz dedi? Böyük uğur idi, Azərbaycan klubu qitənin ən nüfuzlu turnirinin qrupunda oynayacaqdı. Kim idi həmin vaxt axına qarşı üzən?

Ağdamlılar dünən də eyni hesabla uduzdu. Bu dəfə Avropa Liqasının qrupunda, Almaniya Bundesliqasının hazırkı lideri "Frayburq"a. Amma bu, o məğlubiyyətdən deyildi. Ötən gecədən bəri əksəriyyət bu yenilgiyə görə komandaya təşəkkür edir. Subyektiv fikrimdir, qrup mərhələsinin ilk oyunundakı məğlubiyyətə görə heç bir halda uduzan kollektivə təşəkkür ünvanlana bilməz.

Ümumiyətlə, məğlubiyyətin bəraəti yox, mühakiməsi olur. Hə, yenə də bildirim ki, istisnalar olur.

Dünən "Qarabağ" oyuna çox pis başladı. İlk 20 dəqiqə ərzində "köhlən atlar" demək olar ki, meydanda görünmürdü. Düzdür, ilk dəqiqələrdə penaltidən vurulan qol təmsilçimizi ruhdan saldı. Ancaq bu, "Qarabağ" üçün həyəcan təbili olmadı və ikinci top da buraxıldı. Hissənin sonlarına yaxın Qurban Qurbanovun yetirmələri təşəbbüsü ələ ala bildi. Ağdamlılardan görməyə öyrəşdiyimiz sürətli hücumlar, dəqiq ötürmələrlə rəqib müdafiəsini yarmaq cəhdlərini müşahidə etdik. İkinci yarıda isə üstünlük tamamilə "qara-göylər"in tərəfində idi. "Qarabağ" Bundesliqa liderini müdafiə olunmağa məcbur etdi. Bəli, baş hakimin də müəmmalı qərarları oldu. Erik Lambrexts lehimizə olan penaltini təyin etmədi. Amma bir deyil, iki deyil - Avropa arenasında "Qarabağ"a qarşı hakim ədalətsizliyinin çox şahidi olmuşuq.  

Xülasə, məğlubiyyət məğlubiyyətdir, mühakimə olunmalı və nəticə çıxarılmalıdır. Necə deyərlər, tarixdə "atlılar"ın "Frayburq"u təzyiq altında saxlaması yox, nəticə qalır. 

Bu yenilgiyə görə Ağdam təmsilçisinə ağızdolusu minnətdarlıq etməyə, təşəkkürnamə yazmağa ehtiyac yoxdur. Hər şey öz qədərində edilsə, uğur da qaçılmaz olacaq...

Offsideplus.az