Tanınmış futbol eksperti, "Qarabağ"ın sabiq üzvü Aslan Kərimov Ağdam təmsilçisinin sabah UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Almaniya "Frayburq"u ilə keçirəcəyi oyundan öncə Offsideplus.az-a müsahibə verib.
- "Qarabağ" sabah Avroliqanın qrup mərhələsində "Frayburq"la qarşılaşacaq. Bu oyundan gözləntiniz nədir?
- Hər iki komanda Avropa Liqasının qrup mərhələsində iştirak etməyə layiqdir. Sabahkı matçda sürətli, baxımlı oyuna şahidlik edəcəyimizi düşünürəm. "Frayburq"un son oyunlarına baxanda komandanın gücünü görmək olur. Keyfiyyətli hücumçulara malik kollektivdir. Əks-hücumlara çox yaxşı çıxırlar. Ötən tur Bundesliqada Leverkuzen "Bayer"i ilə oyunda 0:1 hesabıyla məğlub olmalarına baxmayaraq, 10 dəqiqə ərzində geridönüş edib, 3:2 qalib gəldilər. Məncə, rəqibin ən böyük üstünlüyü standart vəziyyətlərdən maksimum yararlanmasıdır. "Fyarburq"un oyunlarına nəzər salanda, bu komandanın əsasən hava toplarına üstünlük verdiyi də görünür.
- İlk oyun səfərdə keçiriləcək. Bu, "Qarabağ" üçün çətin olmayacaq?
- Düşünürəm ki, "Qarabağ" üçün çətin keçəcək. Amma təmsilçimizin də avrokuboklarda kifayət qədər təcrübəsi var. Baxmayaraq ki, ilk görüş səfərdə olacaq, amma "Qarabağ" öz oyununu itirməyəcək və daha çox top saxlamağa çalışacaq. İmkan yarandıqca da rəqibin verdiyi boşluqlardan istifadə edib, əks-hücumlara çıxacaq. Məncə, "Frayburq" öz meydanında oynadığına görə hardasa bir pillə üstündür. Lakin ümumilikdə şansları bərabər sayıram.
- Ağdam təmsilçisi yeni transfer etmədi, əksinə, İbrahima Vaci komandadan getdi. Bu, "Qarabağ"ın çıxışına necə təsir edəcək?
- Əslində, klubu qınamaq olmaz. Elə bir dövrə düşdü ki, artıq transfer pəncərəsi bağlanmışdı. Həm də sırf Avropa Liqasının qrup mərhələsində oynamaq üçün transfer etmək o qədər də önəmli deyildi. Düzdür, bizə çətin rəqiblər düşdü, ancaq bu gün "Qarabağ"ın əsas heyəti Avroliqanın qrupunda çıxış etməyə imkan verir. Vacinin gedişindən sonra yəqin ki onu Kvabena Ovusu və ya Ramil Şeydayev əvəzləyəcək. Mənə görə Ovusu tip olaraq Vaci ilə eyni oyunçudur.
- Bəs sizcə, Musa Qurbanlı sabahkı matçda avrokuboklarda debüt edə bilər?
- İnanmıram ki, birdən-birə belə bir matçda ona start heyətində şans verilsin. Amma ikinci hissədə hansısa taktiki gediş edilərsə, o zaman Musanı da meydanda görə bilərik.
- Bir qədər əvvəl dediniz ki, sırf Avropa Liqasında oynamaq üçün transfer etməyə gərək yoxdur...
- Bəli, təsəvvür et ki, Avroliqanın qrupunda mübarizə aparmaq üçün 2 milyon verib futbolçu alırsan və onu daxili çempionatda da oynatmalısan. Yalnız Avropa Liqasının qrupunda oynadacaqsansa, bir az düz gəlmir. Yəni, bu qədər pul xərcləməyə gərək yoxdur. Çempionlar Liqası olsaydı, bəlkə də bunu etmək olardı. Və ya öncədən bu transferi gerçəkləşdirib, Çempionlar Liqasının qrup mərhələsini hədəfləmək olar. Məncə, sırf bu matçlar üçün klub yeni transferə ehtiyac duymayıb.
Daşqın Əziz