Offsideplus.az Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Filip Ozobiçin Xorvatiyanın index.hr saytına müsahibəsini təqdim edir:

- İlk olaraq, "Viktoriya" ilə matçda vurduğunuz gözəl qola görə təbrik edirəm. Lakin bu, mərhələ adlamaq üçün kifayət olmadı. Statistikaya əsasən 2 oyunun cəmində siz daha güclü idiniz. Sizcə də, belə idi?

- Təbriklər üçün minnətdaram. Bəli, mənim fikrimcə daha güclü komanda mübarizədən kənarlaşdı, amma "Viktoriya"nı təbrik etməliyəm. Demirəm ki, qələbəyə layiq deyildilər. Düşünürəm ki, hər iki oyunda biz daha güclü idik. ÇL-də mübarizəni davam etdirmək üçün bu şanslardan yararlanmadığımız üçün təəssüflənirəm.

- Sizi Avropa Liqası gözləyir. Klubun bu turnirdəki əsas məqsədi nədir?

- “Qarabağ”ın Çempionlar Liqasının seçmə mərhələlərində “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çempionları mübarizədən kənarlaşdırması təsadüfi deyil. “Qarabağ” avrokuboklarda uzun müddətdir ki, çıxış edir. Keçən il UEFA Konfrans Liqasının qrupundan çıxdıq, ümid edirik və inanırıq ki, bunu Avropa Liqasında təkrarlaya biləcəyik.

- “Qarabağ”ın oyunçuları kifayət qədər tanınmasa da, görünür ki, keyfiyyətli futbolçulardır. Komandanın gücünü və Azərbaycan Premyer Liqasını necə dəyərləndirərdiniz?

- Aydın məsələdir ki, insanlar burada olan futbolçular haqqında çox şey bilmirlər Burada yaxşı performans sərgiləyən həm əcnəbi, həm də yerli futbolçular var. Bu nəticələr təsadüfi deyil, çünki “Qarabağ” illərdir davamlı olaraq avrokubokların qrup mərhələsində çıxış edir. Yerli çempionata gəlincə, düşünürəm ki, Xorvatiya çempionatı səviyyəsində deyil. Lakin “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalar var. Həqiqətən də burada bir neçə klub var ki, heç də pis deyillər.

- Keçən il Azərbaycan millisinin üzvü oldun. Bu seçimə necə qərar verdiniz və təəssüratlarınız nələrdir?

- Gördüm ki, Xorvatiya millisində oynamaq şansım yoxdur. Bu səbəbdən Azərbaycanda 5 il burada keçirdikdən sonra bu millidə oynamaq qərarına gəldim. Yığmada tək əcnəbi futbolçu mən deyiləm. Braziliyalı Riçard Almeyda da var.

- Belə deyə bilərik ki, futbolçuların milliləşdirilməsi federasiyanın strategiyasıdır?

- AFFA milliyə yardımı toxunacaq və burada 5 il oynayan bir oyunçu görürsə, nəticə əldə etmək üçün onu milliləşdirmək istəyir. Düşünürəm ki, mən Azərbaycan millisi üçün oynamağı seçəndə azarkeşlər də sevindilər.

- Azərbaycanda həyat necədir? Azərbaycan dilini bilirsinizmi?

- Burada çoxları kimi mən də rus dilində danışıram. Ona görə də ünsiyyətdə problemim yoxdur. Bakıya gəlincə, bu, həqiqətən müasir şəhərdir, hər şey yeni tikilib. Bakı yaşamaq üçün çox xoş şəhərdir. Əgər imkan olarsa, hər kəsə Bakıya getməyi tövsiyə edərdim.

- Keçmiş klubunuz “Hayduk” Konfrans Liqasının pley-off mərhələsində "Vilyarreal"ın rəqibidir. Komandanın möcüzəli şəkildə qrupa düşəcəyinə inanırsınız?

- “Hayduk”un hansı komadaya qarşı oynadığını nəzərə alsaq, pley offun ilk matçında yaxşı nəticə əldə etdi. 2 il əvvəl "Hayduk"un heyətində Avropa Liqasında “Vilyarreal”a qarşı oynamışdım. Ona görə də bu komandanın hansı keyfiyyətə malik olduğunu yaxşı bilirəm.

- Bu arada, "Hayduk" azarkeşləri tərəfindən geri qayıtmağınız üçün çağırışlar olub?

- Mən orada olanda zədələrə görə çox uğursuz çıxış etdim. Əlimdən gələni edə bilmədim. Buna görə çox təəssüflənirəm. Həqiqətən də çoxlu uğursuzluq var idi.

- Bunu düzəltmək istərdinizmi?

- Düşünürəm ki, hər bir futbolçunun arzusu oradakı atmosferi hiss etmək və bundan həzz almaqdır. "Hayduk"un oyunçusu olmasanız və tam dolu bir stadionun qarşısında meydana çıxmasanız, bunu təsvir edə bilməzsiniz.

- Xorvatiyadakı digər keçmiş klublarınızı da izləyirsiniz?

- Əlbəttə, mən "Belup" və onun mövsümə möhtəşəm başlaması, həmçinin "Zdralov" və "Bjelovar"a görə çox şadam. Uşaq vaxtı mən "Zdralov"da oynamışam. Sevinirəm ki, hər 2 kluba stadionlar tikib və əsas komanda üçün şəraiti yaxşılaşdırıb. Həm də uşaqların futbolla məşğul olmaq üçün yerləri var.