“Turan Tovuz”un legioneri Natan Oduvanın Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– 9 il sonra Azərbaycan çempionatına qayıdan “Turan Tovuz” “Səbail”ə qarşı oyunda sənin qolun sayəsində ilk qələbəsini qazandı. Bu xüsusi qələbənin bir parçası olmaq necə hiss idi?

– Çətin qələbə idi, “Turan Tovuz” adına çox məmnunam. Çünki azarkeşlərimiz bizim oyunumuza baxmaq üçün uzun yol gəlmişdi. Bu səbəbdən azarkeşlərimiz üçün qazandığımız qələbəyə sevinirəm.

– Oyundan əvvəl qol vuracağını düşünürdün?

– Qol vuracağımı düşünməmişdim. Yenicə sağalmışdım, sadəcə ümid edirdim ki, yaxşı performans sərgiləyərəm. Amma şükürlər olsun ki, komandam üçün qələbə qolunu vura bildim. Qol vurduğum üçün çox xoşbəxt oldum.

298573764 5617464538304762 806154556221148520 n

– Vurduğun qolu tribunalara yaxınlaşaraq azarkeşlərlə qeyd etdin. Təəsssüratların necədir?

– Qol sevincini azarkeşlərlə bölüşmək ürəyimdən keçdi. Planlaşdırmamışdım, qol vuranda güclü emosiya hiss etdim. Azarkeşlərimizin qışqırdığını eşitdim, düşündüm ki, sevincimi onlarla bölüşməyimə layiqdirlər.

– Ötən mövsüm də Azərbaycan Premyer Liqasında çıxış etmişdin. Səncə də bu sezon daha maraqlıdır?

– Yeganə fərq odur ki, “Turan Tovuz”la mövsümü başlayıram, “Şamaxı”ya isə mövsümün ikinci yarısında qoşuldum. Sezonun birinci yarısından xəbərim yox idi, ona görə də çox tez uyğunlaşmalı idim. Ötən mövsümlə, indiki arasında yeganə fərq budur.

– “Turan Tovuz” klubunda əsas hədəflərin nədir?

– Düzünü desəm, yalnız növbəti oyun barədə düşünürəm. “Sumqayıt”la oyunumuza hazırlaşıram. Xüsusi hədəfim yoxdur. Sadəcə çalışıram ki, bacardığım qədər çox matçda iştirak edim və bu komanda ilə çoxlu qələbələr qazanım. Ağlımda olan yalnız budur.

– Adaptasiya olmağın necədir? Komanda yoldaşların, yeni dil, mədəniyyət, mətbəx...

– Azərbaycan yeməklərini xoşlayıram, dadlıdırlar. Çoxlu ləzzətli xörəklər var. Buranın yeməklərindən də, mədəniyyətindən də həzz alıram. Azərbaycan dilində yeni sözlər öyrənirəm. İnsanlar çox yardımsevər, istiqanlıdır. Bir şeyə ehtiyacım varsa, komanda yoldaşlarım köməklik göstərirlər. Hamı mehriban rəftar edir. Bu, adaptasiya olmağımı daha da asanlaşdırır. Çox güman ki, buna görə qol vura bildim.

– Bakı şəhəri barədə nə fikirləşirsən?

– Doğrusu, Londonla Bakı arasında fərq çoxdur. Bura balaca şəhərdir, amma mənim üçün bir fərqi yoxdur. Fikrimi öz oyunuma cəmləşdirirəm.

– “Turan Tovuz” azarkeşlərinə nə söyləmək istərdin...

– Sadəcə ümid edirəm ki, bizi həm qalibiyyətdə, həm də məğlubiyyətdə dəstəkləyərlər. Azərkeşlərimiz üçün bacardığımız qədər çox qələbə qazanmağa çalışacağıq.

Qeyd edək ki, İngiltərənin U-17, U-18 və U-20 millilərində çıxış etmiş Natan Oduva “Tottenhem”in yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında "Şamaxı" klubunun formasını geyinib.

 

Günay Xəlil

Bizi Teleqramda izləyin!