UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Neftçi” Avstriya “Rapid”inə 2:0 hesabı ilə məğlub olaraq, avrokuboklarla vidalaşdı.
İlk oyun “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatdığından rəqibin Vyanada çətin anlar yaşadacağı gözlənilən idi. Matçın ilk 10 dəqiqəsi komandaların qarşılıqlı hücumları ilə yadda qaldı. 10-cu dəqiqədən sonra isə “Neftçi” oyununu müdafiə üzərində qurdu. Rəqib ardıcıl küncdən zərbələr qazandı, təhlükəli əks-hücumda isə topu ilk öncə qapı tiri, daha sonra isə Mamadu Mboc qaytardı. Bakı təmsilçisi bir də matçın sonuna 10 dəqiqə qalmış özünə gəldi. 34-cü dəqiqədə Yusuf Lavalın vurduğu top qapının üstündən keçdi. 37-ci dəqiqədən ilk hissənin sonuna qədər “Neftçi” rəqibi əks-hücum, küncdən zərbələr, mümkün qol epizodları ilə təzyiq altında saxlamağı bacardı.
İkinci hissədə Ferdinand Feldhoferin etdiyi əvəzetmələr “Neftçi”nin əl qolunu təmiz bağladı. “Ağ-qaralar”ın topu qazanması ilə itirməsi saniyələr çəkirdi. 58-ci dəqiqədə Kenni Sayef rəqib qapıçı ilə təkbətək qalıb mümkün qol epizodu qazansa da, yararlana bilmədi. Bunun əvəzində “Rapid” 8 dəqiqə sonra gözlənilməz qolla “Neftçi”ni cəzalandırdı. Bundan sonra həm “Neftçi”, həm də “Rapid” qol axtarışında olsa da, istədiklərinə nail ola bilmədilər. 92-ci dəqiqədə “ağ-qaralar”a qarşı təyin olunan cərimə zərbəsi ilə əsəblər tarıma çəkildi. “Neftçi” azarkeşləri Bakıdakı son dəqiqə qolunun kabusunu xatırlamalı oldular. Matç boyu susmayan azarkeşlər isə Yusuf Dəmir topa yaxınlaşan kimi nəfəslərini çəkib, bir də top qapının üstündən keçəndə buraxdılar.
Ümumi hesab bərabərə (2:2) qalınca, oyunun baş hakimi matça əlavə vaxt təyin etdi. 92-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənmək imkanı qazandı, lakin top qapı tirindən qayıtdı. Birinci hissədə qapı tirinin dəfələrlə “Neftçi”ni mümkün qollardan xilas etdiyi halda, əlavə vaxtda “ağ-qaralar”ın sevinclərini qurşaqlarında qoydu. “Neftçi” əlavə vaxtın ilk 5 dəqiqəsində meydana qətiyyətlə oynasa da, sonradan üstünlüyü “Rapid” futbolçuları ələ keçirdi. Matçın növbəti dəqiqələrində baş məşqçi Laurentsiu Regekampf Mamadu Mbocu Ömər Buludovla, Kenni Sayefi isə Azər Əliyevlə əvəzlədi. Əlavə vaxtın ilk hissəsi qarşılıqlı hücumlar və “Neftçi”nin saysız oyundankənar vəziyyətləri ilə yadda qaldı.
Matçın son 15 dəqiqəsində “Neftçi”, əvvəl də olduğu kimi yararlana bilmədiyi qol epizodları yaratdı, 109-cu dəqiqədə yaranan iki təhlükəli qol epizodlarının qarşısını aldı. “Rapid”in futbolçusu Ferdi Druifin 112-ci dəqiqədə vurduğu qol ilə qarşılaşmanın taleyi həll olundu.
“Rapid” – “Neftçi”, hesab 2:0. Rəqib matçın sonuna əlavə olunan 2 dəqiqəlik vaxtı bacardığı qədər yubatmağa çalışdı. “Neftçi”nin son 30 saniyədə qol vurmaq üçün çırpınışları bir nəticə verməyincə, hakim final fitini səsləndirdi. “Rapid” pley-offlarda “Vadust”la, Bakı klubu isə Azərbaycan çempionatında “Kəpəz”lə üzləşəcək.
120-ci dəqiqənin sonlarında artıq “Rapid” azarkeşlərinin üzündən gülüş əskik olmurdu. Maraqlıdır, oyundan sonra bizim futbolsevərlər nəyə sevinirdi? Avrokuboklarda ölkəmizi təmsil edən klubların sayının azalmasının nəyi sevinəsi haldır?
Baş məşqçi Laurentsiu Regekampf oyundan sonra bu sözləri dedi: “Birlikdə qalib gəlir və birlikdə məğlub oluruq”. Rumıniyalı baş məşqçi hardan bilir ki, yerli futbol ictimaiyyətinin çoxu “ağ-qaralar”ın məğlubiyyətinə “Rapid” azarkeşləri ilə birgə sevinir.
İnanın ki, nə “Neftçi” Çempionlar Liqasına yüksəlib “Qarabağ”la qarşılaşacaqdı, nə də bu klublar Konfrans Liqasında üzləşəcəkdi. Çempionatda da istədiyimiz qədər “Neftçi” – “Qarabağ” derbisi izləyəcəyik. “Neftçi” Premyer Liqanın 9 komandasına da məğlub olsun, istədiyimiz qədər gülərik. Heyətdə olmaması gərəkən futbolçuları, düzgün transfer siyasəti yerinə yetirməyən, komandaya gəlməyindən 2 il keçməmiş məşqçilərlə yollarını ayıran rəhbərliyi qınayın, ələ salın, gülün. Daha “Qarabağ”ın etdiyini “Neftçi” edə bilmədi deyib, rəqs etməyə ehtiyac yoxdur.
Sonda “Qarabağ” da bizimdir, “Neftçi” də.
Günay Xəlil