"Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin yeni transferlərindən Abdulaye Ba klubun saytına müsahibə verib. O, “Sabah”a keçidi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bildirib:
– Burda olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürur vericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.
– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədir?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.
– “Sabah”da əsas məqsədin nədir?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.
– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.
– Sonda komandanın tərəfdarlarına nə demək istərdin?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.