"Qarabağ" ötən axşam Polşa "Lex"i üzərində əzici qələbə (5:1, ümumi hesab - 5:2) qazanaraq UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəldi.
Ağdam təmsilçisi bu mərhələdə son İsveçrə çempionu "Sürix"lə qarşılaşacaq. Polşalılarla müqayisədə "Sürix" daha çətin rəqibdir. Sözügedən komanda geridə qoyduğumuz mövsümdə "Yanq Boyz" və "Bazel" kimi klubları 10 xal fərqlə qabaqlayaraq ölkə çempionu olub.
Bu klub haqda bəzi vacib məlumatları diqqətinizə çatdırırıq.
İsveçrənin eyniadlı şəhərini təmsil edən "Sürix" 1896-cı ildə yaradılıb. Sözügedən ölkənin ən titullu klublarından biri olan sürixlilər ev oyunlarını 25 000 tamaşaçı tutumuna malik "Letziqrund" stadionunda keçirirlər. Komandanı Avstriya ("Şturm") və Almaniya ("Kayzerslautern") klublarının baş məşqçisi olmuş Franko Foda çalışdırır. "Sürix"in ən bahalı oyunçusu isə hücumçu Vilfrid Nyontodur. 18 yaşlı italiyalı forvardın transfer dəyəri nə az, nə çox - 10 milyon avrodur.
İsveçrə təmsilçisi son olaraq 5 yoxlama matçı keçirib. Ki, bu qarşılaşmaların 4-dən qalib ayrılıb. "Sürix" bu görüşlərdə rəqib qapılarından 26 top keçirib.
"Taluill" – "Sürix" - 0:7
"Sürix" – "Baden" - 11:0
"Sürix" – "Uill" - 3:2
"Viktoria Köln" – "Sürix" 1:3
"Ştutqart" – "Sürix" 3:2
***
2000-ci ildən etibarən “Qarabağ” və “Sürix”in UEFA Çempionlar Liqasındakı statistik göstəricilərini sizinlə bölüşürük.
Bu period ərzində təsnifat və qrup mərhələləri də daxil olmaqla “Qarabağ” 41 oyun keçirib. "Köhlən atlar" bu matçlardan 17 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət ilə ayrılıb.
“Sürix” isə 2000-ci ildən bəri çıxdığı 18 Çempionlar Liqası oyunundan 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət ilə ayrılıb.
Hər iki kollektiv bir dəfə qrup mərhələsində oynamağı bacarıb.
İsveçrə təmsilçisi 2009/10 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Milan"ı səfərdə məğlub edərək, evdə isə heç-heçə oynayaraq "rossonyerlər" üçün başağrı olmağı bacarıb. "Sürix" 6 oyunda 1 qələbə, 1 heç-heçə ilə qrup mərhələsini 4 xalla sonuncu pillədə bitirib.
"Sürix" – "Real" (Madrid) - 2:5
"Milan" – "Sürix" - 0:1
"Sürix" – "Marsel" - 0:1
"Marsel" – "Sürix" - 6:1
"Real" (Madrid) – "Sürix" -1:0
"Sürix" – "Milan" - 1:1
"Qarabağ" isə 2017/2018 mövsümündə Madrid "Atletiko"su ilə hər iki dueldə heç-heçə edib, digər oyunlarda isə məğlub olaraq qrup mərhələsini 2 xalla sonuncu pillədə bitirib.
"Çelsi" – "Qarabağ" - 6:0
"Qarabağ" – "Roma" - 1:2
"Qarabağ" – "Atletiko" (Madrid) - 0:0
"Atletiko" (Madrid) – "Qarabağ" - 1:1
"Roma" – "Qarabağ" - 1:0
"Qarabağ" – "Çelsi" - 0:4
Qurban Qurbanovun komandası Avropanın bir nömrəli klub turnirində keçirdiyi 41 oyunda rəqib qapılarına 43 dəfə yol tapıb. "Atlılar" bu matçlarda öz çərçivəsində 30 qol görüb.
"Sürix" isə Çempionlar Liqasında keçirdiyi 18 oyunda rəqibləri 20 dəfə məyus edib. İsveçrəlilər öz qapısından 28 top buraxıb.
Son olaraq "Qarabağ"ın İsveçrə klubları ilə duellərinə də toxunaq. "Atlılar" indiyədək rəsmi oyunlarda 2 İsveçrə təmsilçisi ilə qarşılaşıb. UEFA Avropa Liqasının 2015/16 mövsümündə "Yanq Boyz"la üz-üzə gələn Ağdam təmsilçisi hər iki matçda qələbəyə sevinib. Evdə 3:0 hesabıyla qalib gələn "Qarabağ" səfərdə rəqibini 1:0 məğlub edib. Ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində "Bazel"lə qarşılaşan təmsilçimiz səfərdə 0:3 hesabı ilə uduzub. Ağdamlılar doğma meydanda isə "Bazel"lə 0:0-lıq heç-heçəyə razılaşıb.
"Qarabağ" 2015-ci ildə isə elə "Sürix"lə yoldaşlıq matçında qüvvəsini sınayıb. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, iyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç iyulun 19-da Bakıda olacaq.
Daşqın Əziz