Region Liqasının qalibi olan "Cəbrayıl" klubu bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsi çərçivəsində Bakıda Belarus "Kolos"u ilə qarşılaşdı.

Bunu ölkə adına əsas idman hadisəsi də adlandıra bilərik. Azərbaycanda həvəskar liqada çempion olan komanda, ələlxüsus işğaldan azad olunan bölgəmizi təmsil edən bir klub Avropa səviyyəli yarışda çıxış edir.

Fəqət Azərbaycanın iki idman telekanalından (!) biri də bu matçı canlı yayımlamadı.

Görəsən, niyə? Belə bir matçın canlı yayımda tamaşaçılara təqdim edilməməsi nə ilə bağlıdır?

Məsələ ilə bağlı "CBC Sport" kanalının baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlamağı lazım bildik. O, səbəb olaraq ölkə çempionatını, daha doğrusu, VAR sisteminə hazırlığı göstərdi. Abbasovun sözlərinə görə, hakimlər yeni mövsümdən əvvəl VAR sisteminə uyğunlaşmaq və FİFA-nın icazəsini almaq üçün müəyyən sayda oyunlar idarə etməlidir. Burda da televiziyanın köməyi olmalıdır. Ona görə də kanalın çəkiliş heyəti bu mövzuda hakimlərin yanındadır.

Olsun, ancaq iki-üç saatını ayırıb, 90 dəqiqəlik həyəcanı futbolsevərlərə yaşatmaq olmazdı? Çünki Region Liqasının final oyunu - "Cəbayıl" - "Xan Lənkəran matçı (1:0) məhz bu kanal vasitəsilə canlı yayımlanmışdı.

VAR-dan söz düşmüşkən, bu məsələ hələ də "adı var, özü yox" misalına söykənir. Elə hey "gələcək, gələcək" deyilir, ancaq ortada bir şey yoxdur. Ümid edirik ki, çəkilən bu qədər əziyyətdən (!) sonra yeni mövsümdə nəhayət bu texnologiyanın tətbiqini Azərbaycan çempionatının oyunlarında görə biləcəyik.

"CBC Sport"la bağlı suala hardasa aydınlıq gəldi. Bəs "İdman Tv" niyə yaxasını kənara çəkib? Ölkənin ilk idman telekanalı niyə bu oyunu canlı təqdim etmədi? Bu sualı "İdman Tv"yə ünvanlasaq, yəqin ki, onların da gətiriləcək arqumentləri olacaq...

***

Xülasə, oyun olduqca maraqlı, gərgin mübarizə şəraitində keçdi. Cəbrayıllılar matçda hesabı erkən (10-cu dəqiqədə) açsa da, yekunda meydanı məğlub (1:2) tərk edən tərəf oldular. Tamaşaçı isə belə bir görüşü canlı izləməkdən məhrum oldu.

Ya da ki, "Cəbrayıl"ın oyunu kimə lazımdır?!