"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Polşanın "Lex" klubu oldu.
Ağdam təmsilçisinin bəxtinə 4 potensial rəqibi - "Şkupi" (Şimali Makedoniya), "Dinamo" (Batumi, Gürcüstan), "Hibernians" (Malta) və "Lex" (Polşa) arasında ən arzuolunmazı düşdü desək, yanılmarıq. Digər komandalarla müqayisədə Poznan təmsilçisi daha çətin rəqibdir. Ancaq əks-cəbhədə də narahatlıq var. Polşalı fanatların klubun rəsmi səhifəsində püşklə bağlı yazdıqları rəylərə diqqət yetirəndə nəticənin onlarçün də arzuedilməz olduğunu görürük.
***
Bu, "Lex"in Azərbaycana ilk səfəri olmayacaq. Polyaklar indiyədək ölkəmizə 4 dəfə təşrif buyurublar. Poznan təmsilçisinin ilk səfəri 2005/06 mövsümündə reallaşıb. Həmin dönəmdə İntertoto kubokunun birinci mərhələsində Yevlaxın "Karvan" klubuyla qarşılaşan "Lex" iki oyunun nəticəsinə əsasən 4:1 hesablı qələbə ilə mərhələ adlayıb. Polşalılar Azərbaycana 3 ildən sonra, bu dəfə "Xəzər Lənkəran"la qarşılaşmaq üçün gəliblər. UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində baş tutan görüşlərdə sınaqdan üzüağ çıxan yenə də polyaklar olub. Cənubluları ümumilikdə 5:1 hesabıyla yenən "Lex" adını növbəti mərhələyə yazdırıb.
2010-cu ildə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hazırda "Şamaxı" adıyla çıxış edən "İnter"lə qarşılaşan "Lex" yenə də mərhələ adlayan tərəf olub. Təfərrüatlara varsaq, Bakıdakı görüşdə 1:0 hesablı qələbə qazanan rəqib Poznanda eyni hesabla məğlub olmuş, əlavə vaxtda da qapılara qol vurulmayınca penaltilərə müraciət olunmuşdu. Xatirinizdədirsə, keçmiş ləqəbi "bankirlər"lər olan təmsilçimizin gürcüstanlı qapıçısı Georgi Lomaya 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmiş və "Lex" 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.
Sözügedən komandanın ölkəmizə hələlik son səfəri 2012-ci ilə təsadüf edib. Rəqib isə növbəti dəfə "Xəzər Lənkəran" olub. Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Lex"i qəbul edən cənub təmsilçisi rəqiblə 1:1 hesablı heç-heçəyə razılaşıb. Cavab matçında minimal hesablı qələbə (1:0) qazanan polşalılar bu dəfə də mərhələni keçib.
Göründüyü kimi, bu komanda Azərbaycan təmsilçiləri üçün keçilməz sədd olub.
"Lex" Polşa çempionatları tarixində də uğurlu klubdur. 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015-ci il və son olaraq geridə qoyduğumuz mövsümün qalibi olan komanda ümumilikdə 8 dəfə baş mükafata yiyələnib. "Lex" 5 dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb. Poznanlılar 6 dəfə də Polşa Super Kubokunda qalib olublar.
***
"Qarabağ" da Polşaya ilk dəfə yollanmayacaq. "Köhlən atlar"ın adıçəkilən ölkənin klublarıyla avrokuboklarda indiyədək 3 dueli olub. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2011-ci ildə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Visla" (Krakov) ilə qarşılaşıb və iki oyunun (ilk oyun 0:1, cavab matçı 3:2 - ümumi 4:2) nəticəsinə görə, pley-offa adlayıb.
"Qarabağ" üçün nəinki Polşa klubları ilə oyunlarda, ümumiyyətlə, avrokuboklarda ən çətin keçən matçlardan birinin 2013-cü ildə "Piast"la baş tutmuş qarşılaşmanın olduğunu deyə bilərik. 2013-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda rəqibə 2:1 hesabı ilə qalib gələn "atlılar" səfərdə xeyli çətinlik çəkib. Belə ki, cavab matçında hesabda geri düşən "Qarabağ" sonda 2:2-lik bərabərliyə nail olaraq Avroliqanın 3-cü təsnifat mərhələsinə yüksəlib.
Rəsmi matçlarda son görüş isə 2020-ci ilə təsadüf edib. 2-ci Qarabağ müharibəsinin davam etdiyi dövrdə Avroliqanın pley-off mərhələsində Polşanın adlı-sanlı klublarından olan "Legiya" ilə qarşılaşan Ağdam təmsilçisi rəqibini 3:0 hesabıyla məğlub edərək turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, "Lex"in Azərbaycan klubları ilə, "Qarabağ"ın isə Polşa klublarıyla duellərdə uğurlu statistikası var. Qurban Qurbanovun yetirmələrinin geridə qoyduğumuz mövsümdə sərgilədiyi yüksək performansı fonunda "Lex" səddinin aşılmasına ümid etmək olar.
1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda olacaq.
Daşqın Əziz