Təsəvvür et ki, sıfırdan bir futbol klubu yaradırsan. Bütün əziyyətlərinə qatlanırsan, cəfasını çəkirsən. Gətirib çempion da edirsən. Amma...

 Amması odur ki, belə bir məqamda komandanı başsız qoyub gedirsən.

Söhbət bu yaxınlarda Region Liqasının qalibi olan "Cəbrayıl" komandasından və klubun prezidenti, baş məşqçisi - bir sözlə, hər şeyi olan Cavid Hüseynovdan gedir. O Cavid Hüseynov ki, 44 günlük müharibədən sonra işğaldan azad olunan Cəbrayıl rayonunu təmsil edən eyniadlı komandanı yaratdı və qısa zaman kəsiyində kollektivini "relsə salmağ"ı bacardı.

Hələ Region Liqası davam edən müddətdə çoxları deyirdi ki, "Cəbrayıl" bu templə turnirin qalibi olacaq. Belə də oldu. Həlledici oyunda "Xan Lənkəran"a 1:0 hesabıyla qalib gələn cəbrayıllılar kuboku başları üzərinə qaldırdılar. Təbii ki, burada əsas pay sahibi, zəfərin memarı Cavid Hüseynov idi. Fəqət özü də cəbrayıllı olan Hüseynov qələbənin havası başından getməmiş, komandadan ayrıldı.

34 yaşlı mütəxəssis dünən "Neftçi"nin U-19 komandasının baş məşqçisi təyin olunub. Bu bilirsiz, nəyə bənzəyir? Sanki valideyn öz körpəsini uşaq evinə atıb, öz işinin dalıyca gedib.

Cəbrayıllıların gözü Cavid Hüseynovda idi. Ki, komandanı daha da irəli aparacaq, rayonun adı yüksək səviyyədə təmsil olunacaq. Gənc funksioner komandasının başından ayrılmasaydı, qarşıdakı illərdə "Cəbrayıl"ı divizionda görə bilərdik. Müəyyən olunmuş qayda budur ki, Region Liqasında 3 il mübarizə apardıqdan sonra, komanda birinci dəstəyə qoşula bilər. Ola bilməz ki, Hüseynovun bundan xəbəri yox idi. Yəqin ki, "Neftçi"dən edilən sərfəli təklifə "yox" deyə bilməyib.

Ya da insanın ağlına belə bir fikir də gəlir ki, Cavid bəy "Cəbrayıl"dan tramplin kimi istifadə edib...

Nə isə, "Cəbrayıl" bu çağında başsız qaldı. Azərbaycanda başsız qalan klubun işi isə Allaha qalır...

Offsideplus.az