Bu gün UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünə yekun vurulacaq.
Belə ki, final qarşılaşmasında "Real" və "Liverpul" münasibətlərini aydınlaşdıracaq.
Qarşılaşmayla bağlı "CBC Sport"un iki xanım əməkdaşı - Xəyalə Şahlarlı və Rəfiqə Əzizin həlledici matçla bağlı fikirlərini aldıq.
Xəyalə Şahlarlı: "2018-ci ildəki finaldan daha fərqli və gərgin oyun izləyəcəyik. Meydanda 4 il bundan əvvəlki "Liverpul"u görməyəcəyik. Komandanın heyəti çox dəyişib. Bütün mövqeylər çox etibarlıdır. Həmçinin Kiyevdəki matçda Salahın zədələnib meydandan çıxması misirli forvardın bu oyuna daha fərqli şəkildə hazırlaşmasına şərait yaradacaq. "Liverpul"un ən böyük üstünlüyü cinahlardan sürətli hücumların qurulmasıdır. Fikrimcə, bu da "Real"ın müdafiəsinə çətinlik yaradacaq. Bir komandanın digərindən üstün olmasını demək çətindi, amma bu gün mersisaydlılar 2-3 qol vurmağa bacaracaq. Oyunun əlavə vaxta gedəcəyini düşünmürəm. Məncə, hər şey 90 dəqiqə ərzində həll olunacaq. Bir "Liverpul" azarkeşi kimi şanları daha çox "qırmızılar"a verirəm" ( gülür ).
Xəyalə Şahlarlı
Rəfiqə Əziz: "Əslində futbolsevərlərin əksəriyyəti "Liverpul"un qələbəsinə, komandanın ötən finalın acığını çıxacağına inanır. Ancaq mən azarkeşliyimi bir kənara qoyub sadəcə izləyici kimi də "Real"ın qələbəsinə inanıram. "Kral klubu" heyət baxımından parlaq dönəmini yaşamır. Çox az faizdə insan klubun 1/8 finaldan sonraya addımlaya biləcəyinə əmin idi. Amma Madrid təmsilçisi son saniyəyə qədər mübarizəni dayandırmayan komandadır və bu mövsüm geridönüşləri ilə inanılmaz həyəcan yaşadıb. Baxmayaraq ki, bu dəfə Beyl əvvəlki Beyl deyil, Ronaldo yoxdur, Ramos yoxdur, amma "kral klubu"nun əzmi və ruhu var komandada. Bu səbəbdən növbəti geridönüş edib ÇL kubokunu İspaniyaya qaytaracaqlarına inanıram".
Rəfiqə Əziz
CAVİD ƏLİYEV