Bu gün işğaldan azad olunan bölgələrdə sürətlə abadlıq-quruculuq işləri aparılır. 30 il ərzində düşmən tapdağında qalan, dağıdılan, viran qoyulan ərazilərdə yeni infrastruktur yaradılır.
Bizləri maraqlandıran əsas məsələlərdən biri də həmin bölgələrə idmanın, ələlxüsus futbolun qayıtmasıdır. Bu mənada xoş xəbərlər də var. Məsələn, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev həm Şamaxıdakı brifinqi ("Şamaxı" - "Neftçi" oyunundan (1:2) sonra - red.), həm də bugünlərdə jurnalistlər arasında keçirilən futbol üzrə Zəfər Kuboku turnirindəki çıxışı zamanı işğaldan azad olunmuş hər bir rayonda stadionların tikiləcəyini bildirib. Bu, o deməkdir ki, həmin bölgələrə futbolun qayıtması üçün böyük bir plan hazırlanır.
İşğaldan azad edilən bölgələrimizin çox az bir qisminin futbol komandası var. Söhbət peşəkar futbol klubundan gedirsə, hazırkı durumda bircə Ağdamın "Qarabağ" klubunun adını çəkə bilərik. Bu komanda haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Uzun illərdir Azərbaycanı avrokuboklarda layiqincə təmsil edən, 9-cu dəfə ölkə çempionu olan "köhlən atlar" Ağdam və ağdamlıların qürur mənbəyidir. Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl" isə bugünlərdə AFFA Region Liqasının finalında "Xan Lənkəran"a 1:0 hesabıyla qalib gələrək kuboku başı üzərinə qaldırdı. Əlbəttə, xoş haldır. İşğaldan azad edilmiş bölgəni təmsil edən bir klubun bu nailiyyətə imza atması sevindiricidir.
***
Bəs Şuşanı təmsil edən komandanın azından Birinci Divizionda iştirak etməsinə niyə icazə verilmir?
Deyə bilərsiniz ki, əvvəlcə həvəskar liqada oynasınlar, ondan sonra peşəkarı haqda danışmaq olar. Lakin Azərbaycan futbolu ilə yaxından maraqlanan kəslər bilir ki, təxminən 10 il öncə "Şuşa" komandası Birinci Divizionda mübarizə aparıb. Sadəcə, sonradan yaranan maliyyə problemlərinə görə, klub "itib-batıb". 2016-cı ildə isə klub "Şuşa Qarabağ" adıyla fəaliyyətini bərpa edib. Klubun sahibi, baş məşqçisi Nadir Qasımov da bu komandanın məhz yenidən diviziona buraxılmamasından gileylənir. Vaxtı ilə AFFA bu kluba illik 144 min manat vəsait ayırırdı. Aya böləndə bu, 12 min manat pul edirdi. O ki maliyyə kəsildi, "Şuşa"nın da diviziondan "ayağı kəsildi". Bu gün isə fərqli bir situasiya yaranıb. AFFA komandanın Region Liqasında çıxış etməsinə şərait yaradacağını bildirir, ancaq buna da əməl olunmur.
Yaxşısı budur ki, Nadir müəllimi dinləyək. Səhhətində problem yarandığından onunla üzbəüz görüşmək imkanımız olmasa da, telefon bağlantısında xeyli maraqlı məqamlara toxundu:
"İlk olaraq onu qeyd edim ki, əsgərlərimizin Şuşanı da erməni işğalından azad edərkən göstərdikləri qəhrəmanlığını, şücaətini, igidliyini, canlarından, qanlarından keçməsini nəzərə alaraq klubu “Şuşa Qalası” adlandırmağa qərar verdik. Neçə illərdir ki, klubun adı üçün "vuruşuruq", əlimizdən gələni edirik, ancaq bizə göstərilən münasibət heç də ürəkaçan deyil. Şuşanın işğaldan azad edilməsi xəbəri elan olunan gün PFL-in prezidenti Ramin Musayevə zəng etdim. Təfərrüatlara varmaq istəmirəm, ancaq onunla aramızda soyuqluq yaranmışdı. Nə isə, bu böyük hadisəylə bağlı təbrikləşəndən sonra, ondan "Şuşa Qalası" komandasının aqibətinin necə olacağını soruşdum. Ramin müəllim isə cavabında "nə danışırsan?! Mənim fikrim "Şuşa Qalası"ını birbaşa Premyer Liqaya gətirməkdir", - dedi. Ona dərhal söylədim ki, birdən-birə Premyer Liqada oynamaq istəyimiz yoxdur. Siz hələ ki divizionda iştirakımızı təmin edin, qalanı da zamanla düzələcək. Gəlin, belə danışaq, birdən-birə çıx yüksək liqaya, orada da dalbadal bütün oyunlarda məğlub ol. Bu, kimə lazımdır? Birincisi, mən belə şeyi özümə sığışdırmaram. İkincisi də ki, "Şuşa Qalası" klubunun heç heyəti tam deyil. Gərək biz komandanı yenidən yığaq. Mən Ramin Musayevə də bildirdim ki, bir ilə, ilyarıma komandanı formalaşdıracağam".
Azərbaycanın əməkdar məşqçisi əsas məqsədlərinin birinci divizionda çıxış etmək olduğunu dedi. Lakin o, Region Liqasında çıxış etmək üçün də AFFA-ya dəfələrlə müraciət etdiyini, görüşlərdə olduğunu söylədi:
"Hələ Region Liqasında iştirak etmək üçün də müraciət etmişəm. AFFA-nın inzibati binasında bu turnirin təşkilatçılığı ilə məşğul olan şöbənin qəbulunda da olmuşam. Onlar mənə bildirdi ki, həm ərizə yazmaq lazımdır, həm də icra hakimiyyətindən məktub gətirməlisiniz. Mən də bundan sonra Milli Məclisin deputatı Tural Gəncəliyevlə əlaqə saxladım. O bildirdi ki, "Şuşa Qalası"nın bu turnirdə oynaması üçün köməklik göstərəcək. Hətta Prezident İlham Əliyevə müraciət edəcəyini də söylədi. Mən isə bu məsələlərlə AFFA-nın məşğul olduğunu dedim. Tural bəyə komandamıza sponsorluq etmək istəyən iş adamı haqda da məlumat verdim. Deməli, cənubi azərbaycanlı iş adamı, Sirus Paledi adlı biznesmen bizə maddi baxımdan dəstək olmağa hazırdır. Şuşa adının hər zaman irəlidə olmasını istədiyini deyən Paledi Azərbaycan futboluna milyonlar yatırmağa hazır olduğunu da bildirir. Bu şəxs futbol sahəsində naşı deyil. Paledi ixtiraçıdır, eyni zamanda “ağıllı” hakimlik sistemini kəşf edən azərbaycanlıdır. O, müəllifi olduğu futbol sistemini FİFA-ya da təqdim edib. Qurumun Hakimlər Korpusunun sədri Pyerluici Kollina hətta buna görə, ona iki dəfə diplom verib. Xülasə, mən Paledi haqda Elxan Məmmədova da (AFFA-nın icraçı vitse-prezidenti olduğu dönəmdə) məlumat verdim. Hətta onların telefon danışığı da baş tutdu. Lakin Paledi sonradan mənə bildirdi ki, Məmmədovla danışığı onda müsbət fikir formalaşdırmayıb. Belə ki, Elxan müəllim onunla söhbəti zamanı əsas məqsədlərinin Azərbaycan futboluna VAR sistemini gətirmək olduğunu deyib. O VAR sistemi ki, tətbiqi hələ də gecikir. Mən bunu biabırçılıq adlandırardım. Hələ Paledi istəyirdi ki, Azərbaycanda "Yuventus" klubunun məktəbini də açsın. Buna da hazır idi. Mənə söyləmişdi ki, özüylə bərabər Cənubi Azərbaycanda daha 6 nəfər iş adamı da var ki, əllərindən gələn köməyi etmək iqdidarındadırlar. Bir də onun Təbrizin "Traktor" klubunun prezidentiylə də yaxşı əlaqələri var. Bizə dəstək olmaq üçün "Adidas" firmasını da əməkdaşlığa cəlb edə biləcəyini deyib. Yəni necə deyərlər, "əli hər yerə çatır".
Qasımov Gənclər və İdman Nazirliyinə də müraciət etdiklərini, ancaq yenə də laqeydliklə üzləşdiklərini dedi:
"Biz hələ Gənclər və İdman Nazirliyinə də müraciət etmişdik. Onda hələ mərhum nazir Azad Rəhimovun postuna təyinat olmamışdı. Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionumuz Fərid Mansurovla görüşmüşdüm. Məsələni ona da əxz etdim. Mansurov bizə kömək etmək istədiklərini, ancaq futbolla bağlı məsələlərə çox da qarışmadıqlarını dedi. Fərid bəy bunun üçün AFFA-ya müraciət etməli olduğumuzu bildirdi. Bizə kömək məqsədi ilə yeni nazir (Fərid Qayıbov - red.) gələnə kimi, ona məktub göndərməyi və məsələyə baxılacağını söylədi. Vaxt ötdü, vətə yetişdi, yeni nazir də gəldi, fəqət bizim məsələmizə baxan olmadı ki, olmadı...".
Göründüyü kimi, Nadir müəllim maliyyə, sponsor problemlərinin olmadığını söylədi. Bu gün futbolumuzda ən ümdə problemlərdən biri də maliyyə çatışmazlığıdır. Hətta bu gün uzun fasilədən sonra yenidən Premyer Liqaya gətirilən "Kəpəz" rəsmi feysbuk səhifəsində iş adamlarına müraciət edib. Ki, "bizə maddi baxımdan dəstək olun". Bir tərəfdə növbəti mövsümdə elitada mübarizə aparacaq "Kəpəz" kimi köklü klub iş adamlarının qapısını döyüb pul axtarır, digər tərəfdə isə hələ birinci dəstədə çıxış etmək istəyən komandaya milyonlar yatırmağa hazır olan bir biznesmenin təklifi heçə sayılır. Paradoksal durumdur. İşdi-şaiyət, əgər "Şuşa Qalası"nın Region Liqasında iştirakına icazə verilsə, həmin iş adamının milyonlarını həvəskar bir liqa üçün xərcləməsi nə dərəcədə ağlabatandır?
Təcrübəli mütəxəssis də elə bunları dilə gətirdi:
"Paledi deyir ki, "Şuşanın adından ötrü canımdan da keçərəm". Yaxşı, gəlin belə danışaq, bir biznesmen pulunu niyə həvəskar liqada çıxış edən klub üçün xərcləsin ki? Sabah da nə ola-olmaya. Onsuz da əsasnaməyə uyğun hərəkət etmirlər. Məsələn, divizionun qalibi olan komandalar illərdir yerində sayırlar. 7-ci, 10-cu pillələrdə qərarlaşanlar isə elitaya gətirilirlər. Demirik ki, "Kəpəz"lə "Turan Tovuz" Premyer Liqada oynamasın. Bu klublar Azərbaycan futbolunun ən köklü komandalarından sayılırlar. Amma futbolun idarəetməsi elə bir vəziyyətdədir ki, sabah nəyin necə olacağını bilmək olmur. Ümumiyyətlə, federasiya və futbola aid digər qurumlar Azərbaycanda bu idman növünün inkişaf etməməsi üçün əllərindən gələni edirlər".
Nadir Qasımovun ürəyi doludur. Çarəsiz durumda qalan funksioner hələ AFFA-nın onun şəxsinə qarşı laqeydliyindən də şikayətləndi. 72 yaşlı Qasımov qurumun 30 illik yubileyində onun heç adının da çəkilmədiyini dedi:
"Bu yaxınlarda AFFA-nın yaradılmasının 30 illiyi qeyd olundu. Heç bir nəfər maraqlandımı ki, Nadir Qasımov hardadır? Nə işlə məşğuldur? Halbuki, mən vaxtı ilə AFFA-da da çalışmışam. Rəhmətlik Toğrul Hacıyevin birinci müavini olmuşam. AFFA-dakı 4-5 nəfərdən biri olmuşam. Ancaq bu gün heç adımı da çəkən yoxdur. Qalmışdı ki, müraciətimə cavab versinlər".
DAŞQIN ƏZİZ