Bəşəri bəla səbəbindən tətbiq edilən qadağalar yavaş-yavaş ləğv olunduqca, biz də normal həyata qayıdırıq.

Koronavirus pandemiyası səbəbi ilə elan olunmuş xüsusi karantin rejimi başlayan gündən bu yana idman mediası mənsubları ilk dəfə idi ki, geniş tərkibdə bölgəyə səfərə aparılırdı. Bu mənada "siftə" Şamaxıyla edildi. AFFA-nın təşkil etdiyi avtobusla saat 10:00-da qurumun inzibati binasının qarşısından yola düşdük. Bakının səs-küyündən, tıxacından birgünlük də olsa can qurtarıb təbiət qoynuna çəkiləcəyimiz üçün sevinirdik desəm, yanılmaram. Paytaxtdan Şamaxıya çatmaq üçün 1 saat yarım və ya necə deyərlər, "yaxşı sürsən", 1 saat da bəs edir. Elə təxminən  saat yarıma Şamaxıya çatdıq. Mənə görə təbiətin ən gözəl çağı yaz fəsli, daha dəqiqi, Aprel-May aylarıdır. Şamaxının geniş düzənlikləri, enişli-yoxuşlu dərə-təpələri, dağları hazırda yaşıl örpəyə bürünüb. Elə bu əsrarəngiz təbiətin qoynunda inşa olunan "Shamakhi Palace" otelində məskunlaşdıq. Günorta yeməyini yeyib, Şamaxı şəhər stadionuna yollanmalıydıq. Ümumilikdə səfər proqramına oteldə yerləşmək, stadiona mediatur, Şamaxı futbol məktəbində məşqi izləmək və "Shamakhi Palace"da AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirakı ilə dəyirmi masanın keçirilməsi daxil idi. Nahar edib, yol yorğunluğunu bir qədər çıxardıqdan sonra həmin avtobusla stadiona yola düşdük.

Şamaxı şəhər stadionuyla ikinci görüş və ya arenanın görünməyən tərəfləri

Məlumunuz, "Keşlə"nin adı dəyişdirilərək "Şamaxı" qoyuldu və komanda artıq Şamaxı şəhərini təmsil edir. İlk oyun da "evdə" "Neftçi" ilə keçirildi. Aprelin 9-da baş tutan qarşılaşmada "ağ-qaralar" "Şamaxı"nı doğma tamaşaçıları önündə 2:1 hesabıyla məğlub etdi. Bu oyunu işıqlandırmaq üçün qədim şəhərə gedən media nümayəndələri arasında mən də var idim. Həmin gün stadiona çatıb, çaparaq özümü media sektoruna yetirmiş və işimi görməyə başlamışdım. Bu baxımdan stadionun infrastrukturu, şəraiti ilə yaxından maraqlanmaq imkanım olmamışdı. Dünən isə arenanı "ələh-vələh etdik". Şamaxı şəhər stadionuna mediatur çərçivəsində bizə qurğu haqda detallı məlumatlar verildi. Adətən jurnalistlərə stadionlarda futbolçuların soyunub-geyinmə otağı, fitness zalı və digər otaqlara daxil olmağa icazə verilmir. Ancaq dünən media mənsublarına bu şans yaradıldı. Biz də fürsətdən istifadə edib kamera və telefonlarımızın obyektivini işə saldıq. 

Şamaxı şəhər stadionunda daha bir məqam diqqətimdən qaçmadı. Meydan sahibi və qonaq komandanın oyunçuları üçün nəzərdə tutulan soyunub-geyinmə otaqlarının ölçüsü eyniyyət təşkil edirdi. Əslində çox stadionlarda qonaq kollektivin "razdevalka"sı adətən kiçik olur. Lakin Şamaxıdakı otaqlar eyni böyüklükdə hazırlanıb.

Stadionla tanışlıq bitdikdən sonra Şamaxı futbol məktəbinin azyaşlı oyunçularının məşq prosesini izləmək üçün arenanın yaxınlığındakı kiçik meydançalara yön aldıq. Burada məktəbin koordinatoru, Azərbaycan futbolunun əfsanələrindən biri olan Vəli Qasımovla qarşılaşdıq. Salamlaşıb hal-əhval tutduqdan sonra Qasımovla yüngülvari sual-cavab etmək qərarına gəldik. Diktofonları işə salıb, veteran futbolçuyla söhbətləşdik. Sual-cavab prosesinin ardınca Vəli bəylə Şamaxıda xatirə şəkli çəkdirmək qərarına da gəldim.

fhfh

Proqramın əsas hissəsi (!)

Məncə, səfərdə iştirak edən həmkarlarımın əksəriyyəti daha çox AFFA-nın yeni baş katibi Sərxan Hacıyevlə oteldə keçiriləcək dəyirmi masanı gözləyirdi. Çünki bu, Hacıyevlə jurnalistlər arasında ilk geniştərkibli görüş olacaqdı. Stadiondan qayıtdıqdan sonra dəyirmi masada iştirak etmək üçün 5-ci mərtəbədəki tədbir zalına qalxdıq. Yerimizi tutandan sonra Sərxan Hacıyev zala təşrif buyurdu. İlk olaraq özü və təyinatı haqda danışdı. Onun nitqi zamanı səsləndirdiyi bəzi fikirlər xüsusi  diqqətimizi çəkdi. Sən demə, yeni baş katib əvvəllər, daha dəqiqi, tələbəlik illərində futbol hakimi olub. Bundan savayı Sərxan bəy şahmatla da məşğul olub. Səbəbkar danışıb qurtardıqdan sonra ona suallarımızı ünvanlamağa başladıq. Təxmin etdiyiniz kimi, əsas suallar ölkədə futbolun düşdüyü durum, milli komandaların uğursuzluğu, uşaq, qadın futbolu haqda verildi. Biz soruşduq, Hacıyev də təmkinlə cavabladı. Bu məsul vəzifədə əlindən gələnin ən yaxşısını etməyə çalışacağını dilə gətirdi. Futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biri də bugünlərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FIFA-da yüksək vəzifənin (FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru - red.) verilməsidir. Elə bu mövzu haqda Sərxan Hacıyevə sual ünvanladım.

 "Siz AFFA-nın baş katibi təyin olunduqdan qısa müddət sonra Elxan Məmmədova FIFA-da yüksək vəzifə verildi. Bu, əvvəlcədən gözlənilirdi deyə sizin təyinatınız baş tutdu, yoxsa..?" sualına Hacıyevin cavabı belə oldu:

 "Məndə də məlumat yox idi. Son günlərdə gələn təklifdir. Amma düşünürəm ki, bu, mənim baş katib təyin olunmağımla bağlı məsələ deyil. Bunu Elxan müəllimdən soruşsanız, daha yaxşı olar".

12a93d6f 8c5b 4f2c aecc 7c9754a349cc

Tənqid məsələsi... Fikirlərini izhar edərkən səmimiliyi ilə diqqət çəkən Sərxan Hacıyev bir əsas nüansa da toxundu. O, milli komandaların uğursuzluğu fonunda media tərəfindən ediləcək tənqidləri anlayışla qarşılayacağını söylədi. Baş katib həmçinin sağlam tənqidin tərəfdarı olduğunu da dedi.

***

Dəyirmi masa bitən kimi asudə vaxtını maraqlı keçirmək üçün otelin oyun zalı jurnalistlərin ixtiyarına verildi. Boulinq, bilyard, kompyüter oyunları və s. Əyləndiyimiz müddətdə Sərxan Hacıyev də bizə qoşuldu. Bilyard həvəskarı olan funksioner həmkarlarımla oyunda qüvvəsini sınadı, o cümlədən bizim taxtaya da yaxınlaşdı. Elə burada da bir xeyli söhbətləşdik. 

Xülasə, tənqidsiz sahə yoxdur. Milli komanda hansı nəticələri göstərəcəksə, media da addımı ona görə atacaq. Sərxan bəy özü də bildirir ki, sağlam tənqidə hər zaman açıqdır.

Tənqid və ya tərif iş prosesindən asılı olacaq. Dünənki mediatur və təşkilatçılığa görə isə AFFA-ya "sağ ol" düşür...

Daşqın Əziz, Bakı-Şamaxı-Bakı

1650620046 15

58a2ad35 31ed 4285 8118 19a4854a27f9

d19799fe 5f1c 4f39 ad22 fb7c02877ade

bd9140db 8ead 4a9e a15d de8d421da81f

04faa968 308d 41d2 828c e3f2dda93464

5ffdf0ad bb86 4375 bfd8 1fdd5f357729

52a8e22b ae5e 448c ad81 ac00bb40d87d

1650619897 278651158 699344581117445 7429260527905589858 n

1650619855 278839988 1793401367658071 1613847823707637870 n copy copy