Başqa ölkələrin adət-ənənələri haqda o qədər məlumatlı deyiləm, amma bizdə böyük-kiçik yeri bilmək, hörmət saxlamaq kimi mental dəyər var. Bu, yeddidən yetmişə hamının ürəyincə olan bir qaydadır. Azərbaycanı digər ölkələrdən fərqləndirən amildir.
Gəl ki, bu, bəzən yerinə düşmür. Məsələn, futbolda da bu nəzakət qaydasına "əməl olunur", amma xoşa gəlmir də. Yox, bu dəfə futbolçuların yaş fərqinə görə, bir-birinə hörmət qoyub-qoymamasından danışmıram.
Misal üçün, ölkənin əsas yığması uduzursa, 21 yaşlılardan ibarət milli də məğlub olur. Yəni xələflər sələflərinə xəyanət etmir. Onlar da bir-birinə "hörməti" bu cür qoyurlar.
Bircə o gün müəyyən anlaşılmazlıq oldu. Martın 25-də "kiçiklər" Avropa çempionatının seçmə mərhələsində estoniyalı həmyaşıdlarını 3:0 hesabıyla məğlub etdi. Əsas yığma isə həmin axşam yoxlama oyununda "cırtdan" Maltaya 0:1 hesabı ilə uduzdu. Bu tərs mütənasibliyə izah vermək bir qədər çətindir. Çünki bundan qabaq da eyni gündə oyun keçirən Azərbaycan yığmaları həmişəki aqibətlə üzləşib.
Lakin bu gün millilər öz ampluasında idi. Əsas yığma yenə Maltada, növbəti yoxlama oyununda indiyədək uduzmadığı Latviyaya məğlub oldu - 0:1. 21 yaşlılar isə Bakıda Belarusa 1:3 hesabıyla yenildi. Bu da oldu bizim futbolda böyük-kiçik yeri bilməyimiz.
Baxın, "kiçiklərin" 25 martda qazandığı qələbədən sonra yerli mətbuatda belə bir xəbər yayıldı ki, AFFA komanda üzvlərinin hərəsinə ayrı-ayrılıqda 5000 manat "premya" verəcək. Versin, bu, dünyanın istənilən yerində var. Qalib gələn komandanı ruhlandırmaq üçün yaxşı üsuldur. Amma genimizdə belə bir şey də var ki, daha da motivasiya olmaq əvəzinə arxayınlaşırıq. Bu da nəticəsi. Hələ bugünkü matçda Latviyanı məğlub edəcəyi təqdirdə əsas millinin oyunçularının da cibinə eyni məbləğdə pul "basılacağı" yazılırdı. Ki, AFFA bu baxımdan "qabağa düşmüş" oldu. Amma o 5000 manatlar həmişə kassadan çıxarılıb, futbolçulara paylanacaq. Bunun üçün təkcə qələbə qazanmaq lazım deyil. Hansısa ortabab komandayla edilən heç-heçə də cibləri doldurmağa bəs edir.
Nə isə, böyüklü-kiçikli uduza-uduza gedirik. Cəmiyyət arasında qalsın, ancaq futbolda bu "mentallığın" daşını atmaq lazımdır...
Daşqın Əziz