Ötən gecə "Qarabağ" həm öz, həm də Azərbaycanın futbol tarixində önəmli matça çıxdı.

 Ağdamlılar daha bir ilkə imza ataraq avrokuboklarda (UEFA Avropa Konfrans Liqası) qrup səddini aşıb, pley-off mərhələsində mübarizə aparmaq şansı yaxaladı. Rəqib isə Fransanın adlı-sanlı, köklü "Marsel" komandası idi. Gözlənilən o idi ki, "köhlən atlar" bu oyundan ən yaxşı halda heç-heçə ilə ayrılar. Qurban Qurbanovun yetirmələri ilk hissənin əvvəllərində güclü rəqibindən çəkinmədən hücumlara çıxdı, fransızların qapısı qarşısında təhlükəli, real qol epizodları yaratdı. Fəqət təmsilçimiz bu şansları dəyərləndirə bilmədi. Rəqib isə hissənin sonlarında "Qarabağ"lı futbolçuların səhvlərindən yararlanaraq hesabı açdı. Yekunda da meydan sahibləri 3:1 hesablı qələbəni bayram etdi.

"Qarabağ" ilk pley-off imtahanında necə təsir bağışladı?

Ağdam təmsilçisinin məğlubiyyətinə nələr səbəb oldu?

Futbol ictimaiyyətimizin tanınmış nümayəndələri - mütəxəssislər və idman jurnalistləri suallarımıza cavab verdi.

Azərbaycanın futbol veteranı Vəli Qasımov:

Offside

"Qarabağ" özünü yaxşı tərəfdən göstərdi. Bu, o anlama gəlmir ki, komanda uduzub deyə mərhələni keçmək üçün şansı yoxdur. "Qarabağ" dünən göstərdi ki, güclü rəqibiylə başabaş mübarizə apara bilir. Biz bu komandaya inanırıq. Ümid edirəm ki, "evdəki" oyunda qalib gələrək mərhələni keçən tərəf olacaqlar. Düzdür, Bakıdakı matç riskli olacaq. O baxımdan ki, mümkün qədər çox top vurmalı və mütləq qələbə qazanmalıdırlar. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin çıxışı barədə onu deyə bilərəm ki, bütün oyunçular səhv edə bilər. Qapı elə bir mövqedir ki, bir səhv olan kimi hər kəsin gözü qolkiperə yönəlir. Bu, futboldur, səhvlər hər zaman olur. Ona görə də bu məqama çox fikir vermək lazım deyil".

Tanınmış mütəxəssis Şahin Diniyev:

Offside 1

"Qarabağ" dünənki oyunda Azərbaycanı layiqincə təmsil etdi. Fransa kimi zəngin futbol ənənələrinə malik bir ölkənin komandasıyla başabaş mübarizə aparmağı bacardılar. Məğlub olmağımız heç də acınacaqlı hal kimi dəyərləndirilməməlidir. Sadəcə, səbəb bu idi ki, "Marsel" futbolçularının ustalıq səviyyəsi bizim oyunçularınkından çox yüksək idi. Rəqib yaranan fürsətlərdən maksimum istifadə etdi. "Marsel" sırf nəticəyə oynayan komandadır. Heyətində səviyyəli oyunçular var. Bilirlər ki, nəyi harada və necə etmək lazımdır. "Qarabağ"ın da qol vurmaqçün yaxşı epizodları oldu, ancaq ustalıq səviyyəsinə görə təmsilçimiz bundan yararlana bilmədi. Rəqib isə bunun əksini etdi. Quqeşaşvilini tənqid etməyin tərəfdarı deyiləm. Gördünüz ki, birinci hissənin əvvəllərində rəqib futbolçu Arkadiyuş Milikin qüvvətli zərbəsini necə dəf etdi. Uğursuzluğu bir oyunçunun üzərinə atmaq nə bizə, nə də "Qarabağ"a yaraşar. Ola bilsin ki, ilk pley-off oyunudur deyə bunun həyəcanına qapılıb. Qapıçıdan savayı müdafiəçi Kevin Medinanın da səhvləri oldu. Böyük təzyiq altında oynayan komandanın oyunçularının səhv etməsi normaldır. Yenə də deyirəm ki, burada ustalıq səviyyəsi fərqinin böyük rolu var".

Futbol eksperti, "Qarabağ"ın sabiq oyunçusu Aslan Kərimov:

Offside 2

"İlk növbədə onu demək istəyirəm ki, məğlubiyyətə səbəb ustalıq səviyyəsinin aşağı olması idi. İlk hissədə "Qarabağ" çox yaxşı oyun nümayiş etdirdi. Ancaq yarının sonlarında səhvlərdən iki qol buraxdılar. Matçdan əvvəl də demişdim ki, "Qarabağ" yüz faiz qol imkanları yaradacaq. Ələ düşən fürsətlərdən istifadə etmək lazım idi. Ki, bu baxımdan çatışmazlıqlar oldu. Rəqib isə bizim yaratdığımız səhvlərdən məharətlə istifadə edib, ard-arda iki dəfə komandamızı meydanın mərkəzinə dəvət etdi.  İkinci hissədə isə "Marsel" nisbətən sakitləşdi. Bunun ardınca Kadi Borges qol vurdu, hətta oyunun istiqamətini də öz üzərimizə dəyişə bildik. Amma Dmitri Payet kimi bir futbolçu meydana daxil olursa, edəcək çox şeyimiz qalmır (gülür). Düzü, anlaya bilmədim ki, "Qarabağ"ın futbolçuları matçın sonlarında texniki heyətin tapşırığıyla "5-li" müdafiəyə keçdilər, yoxsa Patrik Andrade özü bu düzülüşə düşmüşdü. Bununla da təmsilçimiz böyük riskə yol vermiş oldu. Çünki rəqib oyunçular meydanın mərkəzində çoxaldılar. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə də "Marsel"in hücumu qolla nəticələndi".

Kənan Məstəliyev, "Rekord.az" saytının baş redaktoru:

Offside 3

“Qarabağ” ilk növbədə pisxoloji mübarizədən məğlub ayrıldı. Komanda çox sayda qol epizodları yaratsa da, onlardan yararlana bilmədi. Bunun ilk səbəbi səviyyə məsələsi idisə, digər səbəbi son nöqtəni qoymaq üçün təcrübə çatışmazlığı oldu. Bu qədər vacib, gərgin qarşılaşmalara çıxsalar da, görünən odu ki, oyunçular hələ də rəqibin adının təzyiqi altında qalırlar. “Marsel”, “Velodrom”, “pley-off”, “tarix”, “ermənilərə bir daha güc göstərmək” kimi sözlər həlledici faktor oldu. Məsələn, Abdulla Zubir sırf Fransa nəhənginə qarşı oynadığını düşündüyü üçün lazımi performans göstərə bilmədi. Arxa xətdə yol verilən səhvlər də bunun nəticəsidi. İlk qol sadəcə bir yanlış addımın sonrasında gəldi, halbuki iş heç o yerə qədər gedib-çıxmaya da bilərdi, çıxmışdısa da, soyuqqanlı oynamaqla hər şeyi qaydasına salmaq olardı. Alınmadı. Komanda psixoloji cəhətdən tam hazır deyildi. 

Səviyyə fərqi də öz sözünü dedi. “Marsel” kimi rəqibə qarşı yarım qol epizodundan belə maksimum nəticə əldə etmək lazımdı. Əvəzində fransızlar olmayan yerdən qol düzəltdilər. Əsl ulduzlar toplusu məhz belə olur. Meydan sahibləri faktiki 20 dəqiqə oynayıb matçın taleyini həll etdilər, “Qarabağ” isə qalan vaxtda əllərinə düşən imkanları boşa verməklə məşğul oldu. “Marsel” adını bir daha sübut etmiş oldu. Amma bir şeyi də gördük ki, rəqib yenilməz deyil, boşluqlar verə bilir, yetərincə səhvləri olur. Cavab matçında qonaqların da işi asan olmayacaq".

Elçin Cəlilov, "FutbolPress.az" saytının baş redaktoru:

Offside 4

"Ümumiyyətlə, "Marsel" - "Qarabağ" oyunu, bu mərhələdə çıxış etmək artıq Azərbaycan futbolu üçün qələbədir. Bura qədər gəlib çıxmışıqsa, bizim üçün qələbə sayılmalıdır. Düzdür, əgər daha da irəli getmək istəyiriksə, burada yaxşı nəticə və digər predmetlər mövzu ola bilər. "Marsel"lə "Qarabağ" arasındakı fərqi bir kənara qoyaq. Fransa futbolu ilə Azərbaycanınkını müqayisə ediriksə, nəinki qərb, hətta şərq ölkələri arasında futbol sənayesi baxımdan çox geri düşürük. "Qarabağ"a bir klub olaraq da, idarəçilikdən tutmuş ümumilikdə bütün sistemə də təşəkkür düşür. Klubun yaratmış olduğu bu sistemi model kimi nümunə götürmək və bu modelə əlavələr olunmaqla Azərbaycan futbolunda tətbiq etmək lazımdır. Ağdam təmsilçisi artıq neçə ildir ki, sərasər avrokubokların qrup mərhələsində oynayır, ildən-ilə də özünü inkişaf etdirir. "Qarabağ" asta-asta gedir, amma böyük bir tarix yazır. İllər sonra anlayacağıq ki, biz bu klubun sayəsində Azərbaycan futbolunda böyük tarixin canlı şahidi olmuşuq. SSRİ dövrünə nəzər salanda Azərbaycan klub futbolu ilə heç Qafqaz səviyyəsində belə öyünə bilmir. Ancaq bu gün "Qarabağ"ın sayəsində nəinki Qafqaz, hətta MDB ölkələri səviyyəsində yaxşı nəticələr göstəririk. 7-8 il ard-arda qrup mərhələsində oynamaq yeganə göstəricidir. 

"Marsel"ə məğlubiyyətin səbəblərinə gəlincə, düşünürəm ki, əsas məsələ birbaşa hər iki klub arasında həm fərdi, həm də təcrübə baxımdan fərqlərin olması idi. Ancaq "Qarabağ" bu matçda mümkünündən daha yaxşısını etməyi bacardı. Görüşdən sonra ağdamlıların qapıçısı Luka Quqeşaşvilinin üzərinə çox gedilir. Düşünürəm ki, bu qolkiper müasir qapıçı trendinə tam uyğundur. O, Azərbaycan futbolunda dominant futbol sərgiləyir, total üslubu ilə diqqətləri üzərinə çəkir. Quqeşaşvili komandanı idarə edə bilir, təşəbbüskardır, müdafiə xətti ilə daim ünsiyyətdədir. Amma sadaladığım keyfiyyətləri ötən gecə "Marsel"lə matçda görə bilmədik. Ona görə ki, həm gəncdir, həm də belə səviyyəli oyunlarda forma geyinməyib. Bu, onun üçün bir yenilik idi. Sırf təcrübəsi baxımından Quqeşaşvili dünənki oyunda "büdrədi". O cümlədən müdafiəçi Kevin Medianı da qeyd etmək istərdim. Hansı ki, azarkeşlər tərəfindən buraxılan qollarda o da günahlandırılır. Ancaq Medinanın da kritik müdaxilələri oldu. Bir sözlə, bu oyun "Qarabağ" üçün möhtəşəm bir təcrübə oldu. İnanıram ki, komanda gələcəkdə bu təcrübədən yararlanıb, nəticələrini daha da yaxşılaşdıracaq. Buna inamım sonsuzdur və digər klublarımızın da bu prosesi özlərinə nümunə seçib davam etdirmələrini gözləyirəm və inanıram".

Mehman Süleymanov, "Sport24.az" saytının redaktoru:

"Qarabağ"ın Fransadakı matçda nəticəsi bizi ona görə daha çox üzdü ki, məğlubiyyət layiq oyun olmadı bizim üçün. Qurban Qurbanovun komandası rəqibdən topla oyunda heç də geri qalmadı, pressinq edərək topa çox sahib olmağı da bacardı. Bu isə elə-belə iş deyil. Axı, unutmayaq ki, rəqib Fransa çempionatının lideri PSJ-nin ən yaxın izləyicisidi. Marselli azarkeşlərin dəstəyi də futbolçularımızın "ayaqlarını əsdirmirdi". Görünürdü ki, "Qarabağ"ın baş məşqçisi komandanı psixoloji cəhətdən oyuna hazırlaya bilmişdi və adlı-sanlı rəqibindən qətiyyən çəkinmirdi. Sadəcə, belə oynların taleyini həll edən amillər var. Gəlin, bunlara nəzər salaq:

"Qarabağ" yenə matçda real qol imkanlarını boşa verdi. Özü də hesab açılmayanda. Bu, "Bazel"lə səfər matçını xatırlatdı. Adətən təmsilçilərimiz yüzfaizli şanslarını boşa verəndə, sonda mütləq bunun acısını çəkir. "Qarabağ" yenə həmin "bumeranqa tuş gəldi".

Konfrans Liqasındakı təmsilçimizin qol vura bilməməyində ustalıq səviyyəsi ilə yanaşı, "Marsel"in kapitanı olan Stiv Mandandanın böyük, çox böyük rolu oldu. Zədədən qayıdasan, 37 yaşın ola, belə reaksiyalar göstərəsən - sadəcə, bravo!

Offside 5

Qapıçılardan söz düşdüsə, "Qarabağ"ın "çərçivə qoruyucusu"na toxunmaya bilmərik. Qış fasiləsində heyətə cəlb olunan gürcü qapıçı Luka Quqeşaşvilinin əsl gücünü məhz Marseldəki matç göstərməli idi. Bəli, Lukanın qurtarışları da oldu, hətta UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk mataçlarında ən yaxşı "seyv"ləri sırasında yer verib buna. Amma Quqeşaşvilinin çıxışlarda inamsız oyunu, xətaları nəticəni müəyyənləşdirən amillərdən oldu. Onu unutmayaq ki, "Qarabağ"ın buraxdığı ilk qolda Lukanın çıxışda səhvinədək onun topu çıxara bilməməklə bağlı xətası oldu. Bu isə yekunda topun qapımızdan keçməsiylə nəticələndi.

Rəşad Sadıqovun gedişindən "Qarabağ"ın müdafiə xəttinin "dirəyi" sayılan Kevin Medinayla bağlı şəxsi fikrim belədi k, həmin gün ən yaxşılardan deyildi. Etibarlı mərkəz müdafiəçisi kimi tanınan kolumbiyalı bu dəfə özünə bənzəmirdi, adi ötürmələrdə səhvlər yol verirdi. İkinci qolda buna canlı şahid olduq.

Futbolda ən arzuolunmaz qollar adətən fasiləyə az qalmış olur. "Qarabağ" isə buna iki dəfə üzülərək ikiqat zərbə aldı. Ümumiyyəytlə, təmsilçimiz hər hissənin sonlarında qapısını toxunulmaz saxlaya bilmədi. Hesab arasındakı fərqi minimuma endirəndən sonra uzatma dəqiqələrində konsentrasiyanı saxlamaq vacib idi ki, bunu bacarmadıq.

Təbii ki, komandaların futbolçuları arasında ustalıq səviyyəsində aşkar fərq dərhal nəzərə çarpırdı. Təkcə bir epizodu yada salaq - Çingiz Öndər sürəti hesabına Kevin Medinanı necə məharətlə keçdi. Halbuki, Medina təkcə Premyer Liqamızda (eləcə də Azərbaycan Kubokunda), avrokuboklarda da rəqib müdafiəçiəri üçün keçilməz sədd hesab olunur. Amma "Marsel"in futbolçuları Kevini keçməkdə heç də çətinlik çəkmirdilər.

"Qarabağ"ın əsas gücü hesab olan, fransızlara yaxşı tanış olan həmyerliləri Abdullah Zubir fikrimcə, bu dəfə meydanda "at oynada" bilmədi. Bu da ilk növbədə ona görə idi ki, "Marsel" əsas diqqətini bu Mərakeş əsilli sol cinah xavbekinə yönətlmişdi və top onda olanda bir neçə futbolçusuyla onu əhatələyirdi. Rəqib Zubiri yaxşıca analiz eləmişdi və ona meydanda çox əl-qol açmağa imkan vermədi. Abdullahdan əks cinahda çıxş edən Kadi Borgesi isə həmin gün "Qarabağ"da ən yaxşı futbolçu hesab edirəm. Braziliyalı xüsusilə ona doğma olan yarımmüdafiənin mərkəzinə keçəndən sonra marsellilər üçün daha çox başağrısı oldu və bizə mərhələ keçməyə ümid verən qolu da vurdu".

 Daşqın Əziz