"Ruh" deyəndə, ruhlandırmaq, motivasiya etmək anlayışını nəzərdə tutmuram. Bu, elə haqqında ordan-burdan eşitdiyimiz, bildiyimiz ruhdur. Adları ən çox dini kitablarda, inanclarda çəkilir. Fiziki vakuum baxımdan elmdə ruhlar barədə tutarlı məlumat yoxdur. Məişət dilində isə ruh sözündən çox vaxt bənzətmə kimi istifadə edirik. Bizim bildiyimiz ruh arabir "gözə görünür, yoxa çıxır".
Hər nə isə, məqsədim ruhlar barədə uzun-uzadı danışmaq deyil. Söhbətimin mövzusu milli komandamızda elə "ruh funksiyası"nı yerinə yetirmiş futbolçular haqdadır. Hansı ki, bir-iki oyunda meydanda görünüb, sonradan "qeybə çəkiliblər". Eləsi olub ki, yaxşı çıxışı ilə yadda qalıb, eləsi də olub ki, adını tabloya yazdırmağı bacarıb.
Son 15 il ərzində yığmamızdan gəlib-keçmiş və bu kateqoriyaya aid bir neçə futbolçu haqda danışmaq istərdim.
1. Arif İsayev
2011-2013-cü illərdə millimizin heyətində çıxış edən İsayev bu zaman kəsiyində vur-tut 3 oyunda meydana çıxıb. Onun bu 3 matç içində ən yaddaqalan epizodu isə seçməmizin 2011-ci ildə Bakıda Almaniya millisinə qarşı keçirdiyi oyundakı (1:3) ötürməsidir. Belə ki, 89-cu dəqiqədə Arif İsayevin sağ cinahdan almanların cərimə meydançasına etdiyi ötürmədən sonra Bundestimin müdafiəçiləri kobud səhvə yol vermiş və yığmamız qol vurmuşdu. Bundan savayı Arif Türkiyə ilə səfər qarşılaşmasında da forma geyinib. Hücumameyilli yarımmüdafiəçi ölkəmizdə "Simurq", "Qəbələ" və AZAL kimi klublarda çıxış edib. O, Türkiyənin "Dənizlipsor" komandasında legioner həyatı da yaşayıb. İndi nə işlə məşğul olduğu barədə dəqiq məlumatım yoxdur. 2-3 il əvvəl sosial şəbəkə hesabında şəxsi bizneslə məşğul olduğu barədə paylaşım etmişdi.
2. Daniel Axtyamov
Axtyamov əksər azarkeşlərin xatirindədir. Milliləşdirilib, yığmamıza çağırılan, sonradan "yoxa çıxan" özbək əsilli hücumçu da seçməmizdə az forma geyinmək şansı yaxalayan futbolçulardandır. Axtyamov Azərbaycan yığmasında 13 oyun keçirib. O, forvard olmasına baxmayaraq, bir qol belə vura bilməyib. 2004-2009-cu illər aralığında millimizin formasını geyinən futbolçunun ən yaddaqalan epizodu elə yığma karyerasının sonuncu "bahar"ında Bakıda İspaniya ilə keçirilən yoldaşlıq oyununda (0:6) "matadorlar" və "Real"ın sabiq qapıçısı İker Kasilyasın qoruduğu çərçivəyə vurduğu cərimə zərbəsi idi. Hətta həmin qarşılaşmada mikrofon arxasında olan mərhum teleşərhçimiz Elnur Əşrəfoğlu bu epizodu zarafatla "Axtyamovun zərbəsiylə Kasilyası həyəcanlandıra bildiksə, böyük şeydir" sözləriylə ifadə etmişdi. Danielin milliyə çağırılması isə yerli idman mətbuatında böyük narazılığa səbəb olmuşdu. Hətta o, mediada komandamızın sabiq baş məşqçisi Berti Foqtsun "sevimlisi" adlandırılırdı. Foqts hər dəfə ona şans verdikcə "ağ yuyulub, qara sərilirdi". Daniel Axtyamov Azərbaycanın "Kəpəz", "İnter"(indiki "Keşlə", sabahkı "Şamaxı" - red.) "Simurq" kimi klublarında da forma geyinib. O, Moldovanın "Tiraspol", Belarusun "Minsk" komandasında da çıxış edib. Son olaraq Rusiyanın "Titan Klin" klubunda oynadıqdan sonra 2018-ci ildə butslarını mismardan asıb.
3. Murad Hüseynov
Hüseynov da millimizdən ruh kimi gəlib-keçən futbolçulardandır. Rusiyada doğulan və sonradan Azərbaycan vətəndaşlığını da alan ucaboy hücumçu 2010-cu ilin dekabr ayında Berti Foqts tərəfindən milli komandamıza dəvət edilmişdi. Yığmada cəmi 5 oyun keçirən Murad bir qol vurmağı bacarıb. Özü də hansı komanda - Almaniyanın qapısına. 2011-ci ildə Bakıda Almaniya millisi ilə keçirdiyimiz oyunda (1:3) komandamızın yeganə qolunu məhz Hüseynov vurub. Foqtsun ikinci hissənin ortalarında Vaqif Cavadovun yerinə "döyüşə atdığı" futbolçu 89-cu dəqiqədə Manuel Noyeri məyus etmişdi. Hüseynov İraqla keçirilən yoldaşlıq matçında da yaxşı çıxış etmişdi. Yeri gəlmişkən, o da Foqtsun "lyubimçik"lərindən sayılırdı. Murad Hüseynov Rusiyanın "Anji"(Mahaçqala), "Şinnik"(Yaroslavl) komandaları, Serbiyanın "Mladost" klubunda legioner həyatı yaşayıb. O, Azərbaycanda "Qəbələ" və "Sumqayıt" klublarında da top qovub. 2014-cü ildə "Bakı"ya transfer edilsə də, bu komandanın heyətində bir oyuna belə çıxmayıb. Həmin ildə Latviyanın "Dauqava" klubuna transfer edilən futbolçu elə orda da "dayanıb". İndiyədək də klubsuzdur.
4. Ufuk Budak
Budak da millimizin şərəfini qorumuş futbolçulardandır. Almaniyada doğulan müdafiəçi bu ölkəylə yanaşı Türkiyə və Azərbaycan vətəndaşlığına da sahibdir. Əvvəlcə U-21 yığmamızda çıxış edən futbolçu 2011-ci ildə Berti Foqtsun dəvəti ilə əsas millimizə gətirilib. Budak seçməmizin heyətində 10 oyuna çıxıb. Onu da rahat şəkildə "ruh kateqoriyası"na aid edə bilərik. Ufuk Budak Almaniyanın "Frayburq", Türkiyənin "Əskişəhərspor", "Manisaspor", "Qaziantepspor" klublarında çıxış edib. O, millimizdə çıxış etsə də, ölkəmizdə heç bir klubun formasını geyinməyib. 31 yaşlı Budak hazırda Türkiyənin "Ərzurumspor" komandasının uğurları üçün çalışır.
Daşqın Əziz