Futbolda (milli səviyyəsində) nailiyyət qazana bilməsək də, ara-sıra futzalın hesabına adımız yuxarı başda olur. Avropa və dünya reytinqində irəliləyirik. Bu da təsadüfi deyil. Ortada bir amil var. Bu, azarkeşlərin əksəriyyətinin ürəyindən olsa da, çoxunu qıcıqlandırır.
Nədir o amil? Hə, braziliyalılar. Azərbaycan futzalında, istər milli komanda, istərsə də klublarımızda (ələlxüsus "Araz Naxçıvan") okeanın o tayından olan futzalçılar çoxluq təşkil edir və heyətin özəyidirlər. Gəlin, vərəqi futzalımızın tarixindəki ən uğurlu səhifəyə çevirək. 2010-cu ildə Çexiya və Macarıstanda təşkil olunan Avropa çempionatında Azərbaycan millisi qrup mərhələsini asanlıqla aşdı. 1/4 finalda Ukrayna ilə matçda əzmkar oyun nümayiş etdirən komandamız növbəti mərhələyə penaltilər seriyası sonu vəsiqə qazandı. 1/2-dəki rəqib isə daha güclü Portuqaliya idi. Joze Alesinonun "tank kimi" heyəti bu matçda da əlindən gələnin ən yaxşısını etdi. Sonluq təəssüf ki, bizi sevindirmədi. "Lotoreya"da yığmamızın braziliyalısı Tyaqonun vurduğu penalti zərbəsini portəgizlərin qapıçısı Bebe dəf etdi. Bununla da final arzumuz ürəyimizdə qaldı. Hər nə olsa da, qitənin bir nömrəli turnirinin yarımfinalında oynamaq Azərbaycan adına böyük uğur oldu.
Hə, gələk həmin millinin heyətinə. Kimlər vardı, kimlər... 98 faizi braziliyalı, yerdə qalanlar da yerlilər, ya milliləşdirilmiş oyunçular. O millinin heyətində Tveryankin, Marat Salyanski, Maçado Nilson dos Santos (Biro Jade), Felipe, Serjio, Tyaqo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Vitali Borisov kimi oyunçular vardı. Fikir verdinizsə, yenə də hegemonluq braziliyalılardadır. Həmin "sambaçılar" millidə "vəziyyət" qurmuşdular. Avropa çempionatı dövründə heç kim bu məsələni qabartmırdı. Ancaq zaman keçdi və fikirlər dəyişdi. Bu gün də futzalımızda eyni situasiyadır. Yenə millinin "sükan"ı arxasında braziliyalı mütəxəssis Joze Alesio da Silva, sərəncamındakı kontingetntin də böyük əksəriyyəti yığıb gətirdiyi həmyerliləridir. Serjio, Biro Jadeləri əvəz edən Vilela, Vassura, Bolinyalar yenə də var. Bircə kapitan dəyişməzdir: komandamızın "qoca"sı Rizvan Fərzəliyev.
... Bu gün braziliyalılar kəskin tənqid hədəfinə çevriliblər. Yığmamız da elə Braziliya millisi adlandırılır. Yaxşı, "sambaçı"ların millidən "ayağını üzdük". Ümid olduq yerli oyunçulara. Bu çıxışı yenə izləyə biləcək, yaxşı nəticələr qazanacağıqmı..?
Bir də futzal və Braziliya adına ən böyük misal: dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauço da vaxtı ilə futzalda top qovub. Adamlar bu idman növünə möhürlərini vurublar da, ay qardaş. Elə dünənki rəqibimiz Gürcüstanın heyətində də oyunçuların mütləq əksəriyyəti braziliyalı idi.
Düzdür, ya yanlış, amma bu düzən belədir...