Yəqin ki, futbolda məşqçinin nə qədər önəmli fiqur olduğunu hamımız qəbul edirik.

Onlar komandanın həm düşünən beyni, həm də idarə edən qüvvəsidi. Nə qədər yaxşı futbolçulara malik olsan da, sistemi tərtib edən məşqçi olmayanda işlər qaydasında getmir.

Azərbaycanda kifayət qədər yaxşı məşqçilər olub, indi də var. Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Yunis Hüseynov, Şahin Diniyev keçmişdə, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev isə indiki dövrdə öz adlarından söz etdirməyi bacarırlar. Lakin gəlin qəbul edək ki, “Qarabağ”ın uğurlarının memarı olan Qurban Qurbanov müstəqillik Azərbaycan tarixinin ən güclü və uğurlu çalışdırıcısıdır.

Görəsən, onun gördüyü işləri davam etdirəcək, Azərbaycan futbolunun daha da yüksəlməsi üçün əlindən gələni edəcək yeni çalışdırıcılar yetişir?

Məşqçi kurslarında bu işin peşəsini öyrənmək istəyənlərə necə biliklər aşılanır?

Ümumiyyətlə, azərbaycanlı məşqçilərin gələcəyinə ümid varmı?

Bəlkə də çox adamın xəbəri yoxdur. AFFA məşqçilərin B kateroqiyasını alması üçün kurslar keçirir. Burada bir çox məşhur simalar iştirak edir. Vaqif Cavadov, Ruslan Əmircanov, Azər Mehdiyev, Cavid Hüseynov və s. şəxslər kursda məşqçiliyin sirlərini öyrənirlər. Adlarını çəkdiyimiz məşqçilərə ümid varmı? Onlar Azərbaycan futbolunun inkişafına töhfə verə bilərlər?

Bu istiqamətdə suallarımız çoxdur. Təbii ki, işin içində olmadığımız üçün bu məsələdə konkret nəsə söyləyə bilmərik. Bu səbəbdən də AFFA-nın Texniki Departamentinin Nəznində Məşqçilərin Marifləndirmə Şöbəsinin direktoru Aslan Kərimovla əlaqə saxladıq.

“Bizim kurslarda milli komandanın keçmiş futbolçuları həmişə olub. Sadəcə, bu dəfə onların sayı daha çox oldu. 2-3 nəfərdən başqa, qalanları müxtəlif dövrlərdə yığmanın heyətində çıxış edən şəxslərdir. Futbolumuzun gələcəyinin məsuliyyəti onların üzərinə düşür. Bu, yolun başlanğıcıdır. Hesab edirəm ki, hər biri keçmiş futbolçu olduqlarına görə bəlli təcrübələrə malikdirlər. Kurs müddətində yeni bilgiləri, texnoloji avadanlıqlarla işləməyi mənimsədikdən sonra bunlardan yaxşı tandem yarada bilsələr, gələcəkdə futbolçu yetişdirməyi bacaracaqlar. Sözsüz ki, iş ancaq mariflənmə ilə bitmir. Bu, komplekləşdirilmiş halda olmalıdır. Bu yolda həm federasiyanın, həm də bizim üç sütunumuz var. Bunlardan biri də mariflənmədir.

Digəri isə infrastrukturdur. Bu, olmadıqda çətinlik yarana bilər. Amma ümumilikdə düşünürəm ki, gənc məşqçilərimiz bu yolda uğurlu işlər görə biləcəklər. Amma belə bir məsələ var ki, keçmiş futbolçu olmaq yaxşı məşqçilik üçün kifayət etmir. Bu məşqçilər hələ B kateqoriyasını almaq üçün çalışırlar. Bəlli təcrübə keçəndən sonra A və Pro lisenziyalarını almağa çalışacaqlar. Düşünürəm ki, indikilər və keçmişdə kateqoriya alanlar yaxşı təcrübə keçib, gənc futbolçular yetişdirə biləcəklər. Amma düşünürəm ki, keçmişdə futbolçu olanlar digərlərindən bir addım öndə olurlar. Çünki onlar millinin üzvləridir, ictimaiyyət tərəfindən sevilirlər. Ən azından özlərini örnək göstərib, gəncləri inandıra və şəxsiyyət kimi formalaşdıra bilərlər. Bu da həmin şəxslər üçün böyük üstünlükdür”.

Offside

Görəsən, kursun iştirakçıları necə düşünürlər? Onlar gələcəkdə yaxşı futbolçular yetişdirə biləcəklər? Bunun üçün şərait var? Aldıqları bilikləri onlar üçün kifayətdir? Azərbaycandakı məşqçilik kursunda hansısa çatışmazlıqlar var? Suallarımızı B kateqoriyası almaq üçün dərslərdə iştirak edən, “Sumqayıt-2” köməkçi məşqçisi Azər Mehdiyevə ünvanladıq:

“Kurslar çox yaxşı keçir. Çoxumuz keçmişdə futbol oynayan şəxslərik. Bu da dərslərdə əlavə maraq yaradır. Mən şəxsən öz adıma deyə bilərəm ki, federasiyanın təşkil etdiyi kurslar ideal səviyyədədi. Aslan və Osman bəy biliklərini bizə istənilən səviyyədə ötürə bilirlər. Dərslərdə bütün texnoloji avadanlıqlardan istifadə edə bilirik. Hazırda “Sumqayıt”da çalışıram. Əvəzedici komandadan köməkçi məşqçiyəm. Bizim klubdan gənc futbolçuların inkişaf etməsi üçün hər cür şərait var. Premyer Liqa matçlarında meydanda ən çox yerli futbolçu ilə komandada məhz “Sumqayıt”dır. Təsədüfi deyil ki, ölkə çempionatında debüt edən ən gənc futbolçu da məhz bizim komandadadır. Qısaca, “Sumqayıt” bu işlərdə artıq peşəkarlaşıb. Mənim əsas məqsədim gələcəkdə özünü təsdiqləmiş məşqçi olmaqdı. Hazırda “Sumqayıt-2”də əsasən gənc futbolçularla işləyirik.

Öz futbolçu bacarıqlarımı, biliklərimi onlara öyrətməyə çalışıram. Bundan əlavə, kursda müəllimlər bizə izah etdiyi, aşıladığı biliklərdən istifadə edərək özümü təkmilləşdirməyə, oyunçularımızı daha yaxşı öyrətməyə çalışıram. Təbii ki, bununla kifayətlənməyəcəm. B kateqoriyasını əldə edəndən sonra bir müddət təcrübə toplayıb, A lisenziyası üçün müraciət edəcəm. Əsas məqsədim Azərbaycan futboluna töhfə verməkdir. Gənc futbolçuların yetişməsində iştirak etmək, bu işdə pay sahibi olmaq qürurvericidir. Əlimdən gələni edəcəm ki, azərbaycanlı gənclər bu idman növünün biliklərini mükəmməl mənimsəsinlər. Özümə güvənirəm. Bu işdə mənə dəstək olanlara təşəkkür edirəm. Əsasən “Sumqayıt”a kimi bu cür şərait qurulub. Gənc məşqçilər burda rahat şəkildə təcrübə keçə bilirlər. Sözsüz ki, AFFA-nı da unutmaq lazım deyil. Federasiya kursları ən yeni avadanlıqlarla təmin edib. Onlardan istifadə edib, biliklərimizi artırırıq. İndi qalıb çəkilən əziyyətin bəhrəsini görmək. İşləyib, futbolçular yetişdirməyin zamanıdır”.

Offside 1

Gördüyünüz kimi, gənc məşqçilərin yetişməsi üçün şərat var. Belə ortamda işləyib, nəticə verməmək günahdır. Nə deyirik. Proseslərin necə olacağını zaman göstərəcək. Hər şey deyilən kimidirsə, gənc məşqçilər Azərbaycan üçün ən azı 15-20 normal futbolçu yetişdirsələr, nə böyük xoşbəxtlik olar. Gözləyək, zaman, tanıyaq. Görək necə olacaq...

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.