Azərbaycan idmanında genişmiqyaslı islahatlar dönəminə start verilib.
Son iki ay ərzində Gənclər və İdman Nazirliyində, o cümlədən federasiyalarda baş verən canlanma bunu deməyə əsas verir. Belə ki, bu ilin sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamıyla Fərid Fazil oğlu Qayıbov gənclər və idman naziri təyin olundu. O, bu məsul vəzifədə 2021-ci ilin aprelində vəfat edən Azad Rəhimovu əvəz etdi. 1979-cu ildə Bakıda anadan olan yeni nazir bundan əvvəl Avropa Gimnastika İttifaqının prezidenti (2017), Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi vəzifələrində çalışıb.
Fərid Qayıbov bu posta təyin olunar-olunmaz iş üçün qollarını çırmaladı. O, hər həftə federasiyalara baş çəkməyə başladı. Nazir indiyə qədər demək olar ki, ölkəmizdə fəaliyyət göstərən əksər idman federasiyalarına getdi, cari vəziyyətlə yaxından tanış oldu və müvafiq göstərişlərini verdi. Həmin ənənə hazırda da davam edir. Bundan savayı ölkə idmanında müstəsna addımlar atıldı. Belə ki, federasiyalara yeni prezidentlər seçildi. Bu proses Azərbaycanın idman ictimaiyyətində böyük səs-küyə səbəb oldu. Uzun müddətdir ki, dəyişiklik olunmayan, hətta belə demək mümkünsə yaddan çıxan federasiyalarda canlanma yarandı. Qurumlarda ard-arda iclaslar keçirilməyə başladı və yeni rəhbərlər təyin olundu.
İlk prezident dəyişikliyi isə Azərbaycan Cüdo Federasiyasında oldu. Belə ki, federasiyada keçirilən növbədənkənar hesabat-seçki konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu qurumun prezidenti seçildi. Buna qədər isə Azərbaycan Cüdo Federasiyasına SOCAR və Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev başçılıq edirdi.
Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağında prezident vəzifəsinə keçirilən seçkidə İctimai televiziyanın rəhbəri Balakişi Qasımov 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçildi. O, bu postda iqtisadiyyat naziri Mikayıl Cabbarovu əvəzlədi. Mikayıl Cabbarov isə Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi. O da 4 il müddətində bu vəzifəni icra edəcək. Bunadək prezident əvəzi sayılan Namiq Əliyev isə vitse-prezident kimi fəaliyyətini davam etdirəcək.
Federasiyalarda yeni prezident seçkləri dalğası Azərbaycan Basketbol Federasiyasından da yan keçmədi. Belə ki, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev səs çoxluğu ilə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçildi. Ondan əvvəl isə bu qurumda prezident Nadir Nəsibov idi.
Hələlik son prezident dəyişikliyi isə Azərbaycan Atıcılıq Federasiyasında oldu. Belə ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu quruma rəhbər seçildi.
Bir sözlə, nazirlərin idman federasiyalarına prezident seçimələri həm idman camiəsində, həm də cəmiyyətdə maraqla qarşılandı. Nazirlərdən ibarət federasiya prezidentlərinin siyahısını bir daha diqqətinizə çatdırırıq:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev - Cüdo Federasiyası
İqtisadiyyat naziri Mikayıl Cabbarov - Güləş Federasiyası
Təhsil naziri Emin Əmrullayev - Basketbol Federasiyası
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov – Azərbaycan Atıcılıq Federasiyası
Bəs bu dəyişikliklər ölkə idmanına nə vəd edir?
Federasiyalardakı rəhbər dəyişiklikləri uşaq və yeniyetmələrin inkişafına hansı töhfəni verəcək?
Suallarımızı Azərbaycanın cüdo üzrə əməkdar məşqçisi Xanəhməd Rzazadəyə ünvanladıq:
“Əvvəlki federasiya rəhbərliyindən (oxu: Cüdo Federasiyası) razılığımız var. Yeni rəhbərlik fəaliyyətə yanvar ayından başlayacaq. Gedişata baxıb, daha ətraflı, detallı fikirlərimizi bildirə bilərik. Yəqin ki, bu, əvvəlkidən də yaxşı olar. Keçmiş federasiya rəhbərliyi demək olar ki, Azərbaycan idmanı, uşaq və yeniyetmələr, gənclərimiz üçün hər şeyi etdi. Yenisi ondan da yaxşı olsun. Məsələn, bir çəki dərəcəsində 4 idmançımızın istər Avropa, istərsə də dünya çempionatlarında mübarizəyə qoşulması bizi sevindirir, motivasiya edir və işimizə daha həvəs yaradırdı. Bir sözlə, köhnə federasiya rəhbəyliyindən çox razı idik. Ümid edirik ki, yeni prezident də bu ənənəni davam etdirəcək və hətta bundan da yaxşısını etməyə çalışacaq”.
Tanınmış idman jurnalisti Vüqar Zeynalov isə federasiyalardakı dəyişikliklərlə bağlı bunları dedi:
"Yeni rəhbərlər gəliblər, və onların bir çoxunun ilk açıqlamaları ambisiyalı görünür. Vaxt keçəndən sonra demək olar federasiyalarda nə qədər iş görülüb və nə səviyyədə. Federasiyalardan yalnız basketbolu qeyd edə bilərəm ki, burada uşaq və yeniyetmələrin inkişafına atılacaq addımlar müəyyən qədər asan ola bilər. Çünki təhsil nazirliyinin tabeliyində məktəblər, universitetlər və onların zalları var. Orada çempionatlar və turnirlər keçirmək olar. Qalan federasiyaların belə imkanları yoxdur. Federasiyalar qabaqlarına yalnız uşaq və yeniyetmələrin inkişafını yox, həm də milli komandaların güclənməsi və uğurların artırılması məsələlərini də qoymalıdırlar. Hər bir növün göstəricisi milli üzvlərinin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarındakı əldə etdikləri medallardır".
Daşqın Əziz
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.