Azərbaycan futbolunda problemlər yetərincədir.
Bunlardan ikisi əsasdır:
1) Gənc, istedadlı futbolçuların yetişməməsi
2) Ölkə futbol klublarının sayının az olması.
Federasiya bu problemi həll etməyə çalışır. Bunun üçün Region Liqası adlı turnir keçirilir. Naxçıvan Muxtar Respublikasının çempionatını da nəzərə alsaq, 5 zonada 35 klubun iştirakı ilə oyunlar keçirilir. Federasiya rəsmiləri turnirin keçirilməsinin 2 əsas məqsədi olduğunu açıqlayıb:
1) Regionlarda futbolun inkişafını təmin etmək
2) Gənc futbolçuların yetişməsinə şərait yaratmaq
Liqa həvəskar statusu daşısa da, burda kifayət qədər peşəkar futbolçular da çıxış edir. Bəzi klublar profesional addımlar atmağa başlayıblar. Hətta bəzi mənbələrdə Region Liqasında çıxış edən 8 klubun gələn mövsüm 1-ci divizionda mübarizə aparacağını iddia edir. Görünən odur ki, bu liqa bölgələrdə futbol klublarının inkişaf etməsinə şərait yaratmağa başlayıb. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu yarışda çıxış edən bölgələrə səfər etməsi də dediklərimizin bariz sübutudur.
Göründüyü kimi, federasiya Region Liqasının yaranmasınmasında qarşıya qoyulan məqsədlərdən birincisini az olsa da, həyata keçirib. Bəs ikinci? Həqiqətən də turnir gənc futbolçuların yetişməsinə şərait yaradır?
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev Region Liqasının əsas məqsədinin elə gənc futbolçuların inkişaf etdirilməsi olduğunu bildirdi:
“Bu turnirdə 35 komanda iştirak edir. Hər bir klubun öz strategiyası var. Bəzi işlər təmsilçilərin daxili işləridir. Amma kənardan Region Liqasında çıxış edən klublara nəzər yetirsək, görərik ki, 35 klubdan 30-u bölgələri təmsil edir. Onların heyətlərində çıxış edən futbolçuların 80 faizi gənclərdir. Onların çoxu da təmsil etdiyi rayonun, şəhərin öz oyunçularıdır. Düzdür, bəzi komandalar kənar rayonlardan olan futbolçuları öz heyətlərinə cəlb edirlər. Amma onların çoxu da gənclərdir. Bu, həm yeniyetmələrin futbolla aktiv məşğul olması, həm də regionlarda bu idman növünün inkişafı deməkdir”.
Təşkilatçının sözlərinə görə hər şey qaydasındadır. Görəsən, iştirakçılar bu haqda nə düşünür? Onlar klublarında gənclərdən istifadə edirlər? Bu liqada oyunan futbolçuların gələcəyi var? Sualımızı 2 mövsüm “Ümid” klubu ilə Region Liqasında qalib olmuş, bu il Quba “Şahdağ”ını çalışdıran Qəzənfər Abbasova ünvanladıq:
“Bu liqa gənc futbolçuların inkişafında böyük rol oynayır. Şəxsən mən öz komandalarım belə futbolçulardan istifadə etmişəm. “Uğur”da çalışanda da gənclərin xidmətindən yararlanmışam. Hazırda “Şahdağ”ın heyətində də kifayət qədər cavan uşaqlar var. Çalışmışam ki, heç olmasa təcrübəli futbolçuların yanında məşq edib, nəsə öyrənsinlər. Komandanın ağsaqqal üzvləri də sağ olsunlar ki, öz bildiklərini gənclərə öyrədiblər. Bu baxımdan da Region Liqası gənclərin inkişafı etməsi üçün yaxşı çempionatdır. Burda çıxış edən futbolçular müxtəlif milli komandalarda oynaya bilərlər. Burada çıxış edən klubların, eləcə də AFFA-nın məqsədi də budur ki, gənc futbolçular yetişdirib, milli komanda səviyyəsinə kimi yüksəlsinlər”.
Cavid Hüseynov uzun illər Azərbaycan futboluna xidmət edib. O, milli komandamızın şərəfini qoruyub. İndi Region Liqasında çıxış edən “Cəbrayıl”ın həm prezidenti, həm də baş məşqçi olan Cavid Hüseynova da eyni sualı ünvanladıq. İştirak edikləri çempionat gənclərin yetişməsinə təkan verə bilər? Veteran futbolçunun cavabı belə oldu:
“Region Liqasının gənc futbolçuların yetişməsində böyük rolu var. Şəxsən öz komandamın 80 faizini gənclər təşkil edir. Onların çoxu 2001, 2002, 2003-cü illərdə doğulanlardı. Premyer Liqada çıxış edən komandaların sayı azdır. Amma futbol oynamaq istəyən uşaqlar həddindən artıq çoxdur. Futbola həvəs göstərən, can qoymaq istəyənlər var. Bu baxımdan Region Liqası həmin gənclərin itib-batmamasına, hətta inkişaf etməsinə kömək olur. Şəxsən “Cəbrayıl”ın prezidenti olaraq deyirəm ki, gənclərin inkişaf etməsi üçün hər bir şəraiti yaratmışıq. Əlimizdən gələn hər şeyi edirik. Düzdür, burada çıxış edən bəzi klublar var ki, onların məşq etməyə belə yerləri yoxdur. Onlar əsasən Bakı zonasını təmsil edən komandalardır. Amma şükürlər olsun ki, “Cəbrayıl”ın belə problemi yoxdur. Federasiya sağ olsun ki, bizə bu şəraiti yaradıb. Həftədə 3 dəfə məşq etməklə komandanın peşəkarlaşmasına çalışırıq. Bizdə çıxış edən gənclər də işə necə ciddi yanaşdığımızı görürlər. Onlar məsuliyyət hiss edirlər. Şəxsən “Cəbrayıl” olaraq gənclərin daha da geniş şəkildə futbolun sirlərini öyrənməsinə çalışırıq. Yenə deyirəm ki, əlimizdən gələn şəraiti yaratmaq istəyirik ki, uşaqlar nədənsə korluq çəkməsin”.
Gördüyünüz kimi, iştirakçı komandalar da düşünür ki, Region Liqası gənclərin inkişaf etməsinə şərait yaradır. Nə deyirik ki, bütün ölkənin əsas istəyi budur. Ümid edirik ki, çıxış edən 17-18 yaşlı bir futbolçu 2 mövsüm sonra 1-ci divizionda oynaya biləcək. Ya da ki, U-17, U-18, U-21 yığmalarına dəvət alacaq.
Cavid Əliyev
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.