Noyabrın sonunda millimizin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti başa çatacaq.
Ötən ilin 30 iyulunda bağlanan bir il yarımlıq sözləşmə dönəmində milli inkişafı yox, daha da geriləməyi "prioritet" seçdi. AFFA-nın böyük ümidlər bəslədiyi çalışdırıcının rəhbərliyi altında yığmamız DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 xal topladı. Bu münasibətlə De Byazini Azərbaycan millisinə gəlmiş ən pis əcnəbi mütəxəssis adlandıra bilərik. İndi italiyalı baş məşqçiyə "Ciao" (italyanca "sağ ol" - red.) deməyin vaxtıdır. Gedişat da bunu göstərir. De Byazi özü də oyunlardan sonrakı mətbuat konfranslarında dolayısıyla yolun sonunun gəldiyini deyirdi. Amma nədənsə, Qətərlə yoldaşlıq matçından (2:2) sonra üzü gülürdü. Sanki bu ayrılıq söhbətləri "soyuyub". Hətta həmin görüşdən sonrakı mətbuat konfransı bitər-bitməz təbəssümlə zalda olan jurnalistlərimizə xitab edərək, onlarla şəkil çəkdirmək istədiyini demişdi. "Tutmaq" olmur ki, De Byazi daha 1 il və ya illərlə millimizdə qalmaq istədiyinə eyham vururdu, yoxsa media nümayəndələri ilə son dəfə xatirə fotusu çəkdirmək istəyirdi?..
Bunu ayın sonunda biləcəyik.
Digər məsələ - Samet Aybaba
İstər yerli, istərsə də Türkiyə mediasında intensiv yayılan məlumatlara görə, AFFA italyanla yolları ayıracağı təqdirdə 65 yaşlı Aybabanı millinin "sükanı arxasına" gətirəcək. İndiyə qədər türkiyəli mütəxəssislərin yolu Azərbaycan klublarından keçmişdisə, milli komandamızda bu mənada bir ilk yaşana bilər. Millimiz və idarəetmənin sayəsində intuisiyamızda yanılmırıq, nəyin necə olacağını indidən demək olur. Aybaba millimizə gəlib, nəyi dəyişə biləcək? Bir əcnəbi çalışdırıcı olaraq ilk növbədə maddi marağı var. İkincisi də, işinə müdaxilə olunmayacaq deyil. Bu və digər məsələlərin fonunda qardaş ölkədən olan mütəxəssisin Azərbaycan yığmasıyla hansı nəticəyə imza atacağını sezmək çətin deyil. Aybaba Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Buraspor" kimi klubları çalışdırıb. "Vikipediya"da baş məşqçisi olduğu milli komandalarla bağlı bölmənin qarşısı isə boşdur. Azərbaycan seçməsi onun ilk imtahanı ola bilər. Ki, bu da bataqlıqdan çıxa bilməyən millimiz üçün uğurlu seçim deyil. Məişət diliylə desək, "lazımdır, bizə?".
Başqa bir məsələ - Rəşad Sadıqov
Bu söhbəti isə Azərbaycanın tanınmış mütəxəssisləri, idman mətbuatı, azarkeşlər, bir sözlə, futbol ictimaiyyətimiz ortaya atıb. Hamı canı-dildən istəyir, arzusundadır ki, yığmamız əcnəbi baş məşqçidənsə yerli çalışdıcırıcıya həvalə olunsun. Bu siyahının başında gələn isə uzun illər yığmamızın şərəfini qoruyan, U-21 millimizdə baş məşqçilik etmiş və hazırda "Zirə"ni çalışdıran Rəşad Sadıqovdur. De Byazinin "qiyamət"i yaxınlaşdıqca bu istək daha da artır, geniş sferanı əhatə edir. "Zirə"də yavaş-yavaş relsə düşən Sadıqov bu post üçün potensial namizədə çevrilib.
Əgər qıraqdan saçlarını futbolda ağardan təcrübəli mütəxəssislər gəlib, heç bir nəticə verə bilmirsə, futbol ictimaiyyətində şəxsinə nifrət oyadıb gedirsə, nə mənası var?
Niyə də Azərbaycan futbolunun "nəfəsini duyan" Rəşada şans verilməsin? Ən azından, fikrində ilk olaraq maddiyyatı tutmayacaq, çiyninə daha məsul vəzifənin qoyulduğunu dərk edəcək biri gələr. Uduzacaqsa, elə Rəşadlı yığma uduzsun. Ancaq millinin "ip"ini ona verib, fəaliyyətinə müdaxilə etmədən kənardan baxmağa, səbrli davranıb gözləməyə dəyər.
39 yaşlı Sadıqovun millidən gələn təklifi həmin dəqiqə qəbul edəcəyini elə öz münasibətindən də sezmək olur. Mətbuat konfranslarının birində millinin baş məşqçiliyi ilə bağlı məsələyə toxunan Rəşad bu şansın ona tanınacağı halda gözünü qırpmadan hazır olduğunu deyib:
"Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun. Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm. 18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə "yox" demərəm".
Təklif bizlərdən, dəyərləndirmək AFFA-dan...