Təməl prinsipləri və ya hər şey sıfırdan başlayır...
Bu teorem həyatın bütün sferalarında olduğu kimi idman növlərinə, ələlxüsus, futbola da aiddir.
Bütün dünyada əsas diqqət uşaq futboluna, akademiyalara verilir. Çünki sabahın Ronaldo, Messiləri məhz bu akademiyalarda yetişib, peşəkar futbola ayaq açır. İnşaatçıların diliylə desək, ilk sütunları, pərdələri nə qədər möhkəm qursan, binanın ömrü bir o qədər uzun olar.
Bu gün Azərbaycanda da uşaq futboluna önəm verilir. İndiyə qədər bəzi klublarımızın akademiyalarında yetişən futbolçular bu gün peşəkar karyeralarını sürdürür, adlarından söz etdirməyi bacarırlar. İndi sadəcə quru adı qalan "Bakı"nın şinelindən çıxan Mahir Emreli və Namik Ələskərovu xüsusi qeyd edə bilərik. Hər ikisi indi haralardadır? Biri Polşa çempionatında çıxış edən "Legiya"nın, digəri Türkiyə Birinci Liqasında mübarizə aparan "Bursaspor"un formasını geyinir. Mahirlə Namik onlara göstərilən etimadı artıqlamasıyla doğruldur, ölkəmizi layiqincə təmsil edirlər. Bu, Azərbaycan futbolu adına böyük uğurdur.
Bəs bu gün onların xələfləri necə yetişir?
8 komandalı Azərbaycan çempionatında çıxış edən klubların öz akademiyaları var. Aşağı yaş qruplarında kifayət qədər istedadlı uşaqlar var və günbəgün sayları artır. O istedadlardan düzgün istifadə edib, futbolumuzun gələcəyini möhkəm bünövrə üzərində qurmaqçün də peşəkar məşqçi-müəllim işinə ehtiyac var.
Elitada mübarizə aparan komandalardan savayı hansı klubların akademiyası var?
Bu mənada Birinci Divizionda çıxış edən "Turan Tovuz"un adını çəkməliyik. FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına ərsəyə gələn akademiyaya tanınmış azərbaycanlı məşqçi Adil Şükürov rəhbər təyin olunub. Bölgələrdə olan istedadlı futbolçuların kəşf olunması və akademiyaya cəlb olunması baxımından "Turan Tovuz" əməli-praktiki işlər görür.
Bütün bunlardan savayı, Azərbaycanda fəaliyyət göstərən xarici klubların futbol məktəbləri də olub və hazırda da işini davam etdirəni var. Bu mənada ilk olaraq çoxlarının yadına "Mançester Yunayted Futbol Məktəbi" düşür. 2014-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin "Mançester Yunayted" klubu arasında "Bakcell" şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək "Mançester Yunayted Futbol Məktəbi" açıldı. Bu hadisə Azərbaycanın idman gündəminə "bomba" kimi düşdü. Efirlər, saytlar - bir sözlə hər yerdə bu məktəbdən danışılır, piarı aparılırdı. Adıçəkilən akademiyada hər yay yaxşı nəticə göstərən uşaqlar İngiltərənin Mançester şəhərinə göndərilir, orada "Mançester Yunayted" klubunun bazasını ziyarət edir və komandanın oyunlarını stadiondan izləmək şansına sahib olurdular. Xərclər isə "Bakcell" şirkəti tərəfindən qarşılanırdı.
Bu layihə 4 il davam etdi. Belə ki, 2018-ci ildə uşaq futbolunun inkişafı məqsədilə təsis olunan, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, "Bakcell" şirkəti və İngiltərənin "Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatdı.
Bakı "Mançester Yunayted"i yola salıb, "Real"ı qarşıladı...
Həmin il paytaxtımız futbol adına daha bir əlamətdar hadisəyə şahidlik etdi. İspaniyanın məşhur "Real"(Madrid) klubunun Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirildi. Sözügedən layihə Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində reallaşıb. Hazırda fəaliyyətini davam etdirən məktəbdı əsas icraedici tərəfdaş "İnkişaf Naminə İdman" İctimai Birliyidir. Məktəbdə 4 yaş qrupu üzrə komandalarda 80 nəfər uşaq məşqlərə cəlb olunur. Məşqlər ödənişsizdir və 267 saylı orta məktəblə "Pioner" futbol məktəbinin meydançalarında keçirilir.
Bundan əlavə, dünyanın adlı-sanlı klublarından olan “Yuventus” da “küləklər şəhəri”nə təşrif buyurub. Belə ki, 2016-cı ildə Bakıda "Yuventus" futbol klubunun uşaq düşərgəsinin açılışı olub. Tədbirdə Turin təmsilçisinin əfsanəvi futbolçusu David Trezege də iştirak edib. Onun paytaxtımıza təşrif buyurması özü də ayrıca əlamətdar hadisəyə çevrilmişdi. Digər məktəblərdən fərqli olaraq “qoca sinyora”nın ölkəmizdəki düşərgəsində təhsil haqqı 250 avro təşkil edirdi.
Qayıdaq öz klublarımıza, daha doğrusu, elitada çıxış edən komandalarımıza.
Hazırda Azərbaycan çempionatında iştirak edən klubların akademiyalarından vəziyyət necədir? Seleksiya işləri hansı səviyyədə aparılır?
Skaut fəaliyyəti ilə bağlı ətraflı məlumat almaqçün ilk olaraq “Neftçi” klubunun U-13 komandasının çalışdırıcısı, Azərbaycanın əməkdar məşqçisi İslam Kərimova tribuna verdik:
“Neftçi” klubunda skaut fəaliyyətini veteranlarımız – Vadar Nuriyevlə İqor Getman həyata keçirirlər. Onların məqsədi əsas və əvəzedici komandaya oyunçu cəlb etməkdir. Ancaq aşağı yaş qruplarında bu işi mən görmüşəm və bu gün də fəaliyyətimi davam etdirirəm. Bildiyiniz kimi, mən U-13 komandasının baş məşqçisiyiəm və bununla yanaşı 6, 7, 8 və 9 yaşlılar üzrə seleksiyaçıyam. “Neftçi”də bu iş həmişə yüksək səviyyədə görülüb. Şəxsən mən hər zaman 6 və 7 yaşlı uşaqlara üstünlük verirəm. Artıq həmin uşaqlar U-9 səviyyəsinə gəlib çatanda, onları hansısa müəllimə təhvil verirəm. Bu gün “Neftçi” futbol klubunun 9 yaş üzrə komandası AFFA-nın keçirdiyi liqalarda iştirak edir. Və bu yaş qruplarından U-14, U-13, U-12, U-11 və U-9 komandalarını şəxsən mən yığmışam. Uşaqların əksəriyyəti də Nizami rayonundandır. Bu da təsadüfi deyil, çünki bu rayonda 22 ümumtəhsil məktəbi var və ərazisi böyükdür. Mən məktəblərin idman müəllimləri ilə sıx əməkdaşlıq edirəm. Onlara da təşəkkürümü bildirirəm ki, harda istedadlı uşaq görürlərsə, “Neftçi” klubuna yönəldirlər.
Əvvəllər istedadlı uşaqların seçimi məhəllələrdə keçirilən oyunlardan olardı. “Sevinc Kuboku” və “Dəri top” kimi yarışlardan uşaqları kəşf edib komandalara dəvət edərdilər. Bu gün artıq “Neftçi”də bu iş tam püxtələşib. Mənim rəhbərliyim altında U-6, U-7, U-8 komandaları formalaşıb. Seleksiya işini aparmaq üçün mütləq şəkildə oyunlara getmək və izləmək lazımdır. Təsəvvür edin, mən öz oyunumdan əlavə 6-7 matç da izləyirəm. Bu dəqiqə mənim siyahımda 100-ə yaxın uşağın adı var. Fərqi yoxdur ki, onlar “Neftçi”dədir ya yox, Azərbaycanın istənilən yerində olan istedadlı uşaqların qeydiyyatını aparıram. Əsas prioritetimiz isə 17 və 19 yaşlılardan ibarət milli komandalardır. Çünki seçmələrimiz ölkəmizi beynəlxalq yarışlarda təmsil edir. Ümumiyyətlə, bu gün hansı klubun nəzdində uşaq futbolu yaxşı vəziyyətdədirsə, onun gələcəkdə heç bir problemi olmayacaq. Çünki oyunçu klubun özündə yetişməlidir. Bir misal çəkim, tutalım, “Barselona”nın akademiyasında 300 nəfərdən 3-ü bu gün əsas komandaya gəlib çıxa bilibsə, bu, artıq böyük bir nailiyyət sayılır. Düşünürəm ki, biz “Neftçi” üçün oyunçu yetişdirə biləcəyiksə, bu, komandanın uğuru sayılacaq. Necə ki, bu gün Mirabdulla Abbasov, Fəhmin Muradbəyli və Vüsal Əsgərov klubumuzun öz yetirmələridir”.
Digər elita təmsilçisi “Sabah” klubunun U-14 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov isə cari vəziyyəti belə şərh etdi:
“Bu gün Azərbaycanın hər yerində demək olar ki, seleksiya məşqçilərimiz var. Hazırda fəaliyyət göstərirlər. Və bu fəaliyyətin nəticəsində artıq bölgələrdən gələn 40-dan çox uşaq “Sabah” Futbol Klubunun akademiyasında qalır və bu idman növünün sirlərinə yiyələnir. Pandemiya təbii ki, bütün sahələrdə olduğu kimi idmana, futbola da böyük zərbə vurdu. Bütün faəliyyətimiz dayanmışdı, seleksiya işləri apara bilmirdik. Ancaq şükürlər olsun ki, artıq normal həyata qayıtmışıq və işimizi qaldığı yerdən davam etdiririk. Bizdə demək olar ki, seleksiya işləri il boyu davam etdirilir. Bu işlə məşğul olan məşqçilərimiz hazırda tam sürətlə fəaliyyət göstərirlər".
“Qarabağ” klubunun U-11 yaş qrupu üzrə komandasının məşqçisi Elşad Xudadatov isə sərt karantin dövründən sonra hər şeyin get-gedə relsə düşdüyünü və hazırda işlərin yaxşı getdiyini bildirdi:
“Bu ilin əvvəllərində karantin rejimi yumşaldıldı və fəaliyyətimizi yavaş-yavaş bərpa etdik. Elə ilk olaraq Ağdamın Quzanlı qəsəbəsində seleksiya işləri apardıq. Ardınca Quba və Qusar rayonlarında da bu işlə məşğul olduq. Bakıda – Tofiq Bəhramov adına Respublika Stadionu və “Sərhədçi” Olimpiya Kompleksində də seleksiya işləri apardıq. Belə deyə bilərəm ki, mart ayından bu yana gərgin fəaliyyətimiz oldu. Gələcəkdə də bu işi davam etdirəcəyik. Məsələn, hazırda AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda oynayan uşaqları izləyirik. Gözümüzə dəyən oyunçu olanda onu siyahıya alıb, nəzarətə götürürük. Hardasa, 100 uşaqdan 2-3 nəfərini seçmək olur. O baxır uşaq sayına. Elə vaxt olur ki, 50 uşaqdan 1 nəfər seçə bilirik, elə də olur ki, ümumiyyətlə heç kimi götürə bilmirik.
Hazırda 10-dan tutmuş 19 yaşadək futbolçular arasında keçirilən liqalar davam edir. 13 yaşa qədər olan qruplar 2 turu geridə qoyub. Gələn həftə 3-cü tur start götürəcək. 14 yaşlılar da üzümüzə gələn həftə 4-5-ci turların oyunlarına çıxacaqlar".
Daşqın Əziz
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.