İdman gimnastikadan başlayır

2015-ci ildə keçirilən I Avroropa Oyunların öncə Azərbaycan Gimnastika Federasiyası “İdman gimnastikadan başlayır” şüarını təqdim etdi. İstənilən növdə idmançıların məşqləri isinmə hərəkətlərindən, yəni, gimnastikadan başlayır. Qədim Yunanıstanda gimnastlar hazırki futbolçular və ya basketbolçular kimi məşhur idilər. Əsrlər sonra, Olimpiya hərəkatı yenidən başlandıqda gimnastika artıq daha çətin elementlərdən və bir neçə növdən ibarət olaraq “böyük idman”a qayıtdı.

Azərbaycanda gimnastika ötən əsrin birinci yarısından məşhurlaşmağa başladı. SSRİ birinciliklərində idmançılarımız 30-cu illərdən iştirak edirdilər. Maraqlıdır ki, idman gimnastikası üzrə ilk Respublika Çempionatı uzaq 1939-cu ildə Bakıda keçirilmişdir. 1992-ci il Barselona Olimpiadasında təmsilçimiz Valeri Belenki gimnastika yarışlarında ilk və hələ ki yeganə medalı qazanmışdı. Müstəqil Azərbaycan adına Olimpiya Oyunlarında çıxış edən ilk idman gimnastı isə 2012-ci ildə Şakir Şıxəliyev olub. Daha sonra Rio Olimpiadasında Ukraynadan milliləşdirilən Oleq Stepko və Petro Paxnyuk, Tokio-2020 isə İvan Tixonov ölkəmizi təmsil ediblər.

VLRY

Maraqlıdır ki, bir neçə il əvvək kişi idman gimnastikasında legionerlərin sayı yerli idmançılardan çox olsa da, hazırda Federasiya bu siyasətdən imtina edərək, yerli idmançılara üstünlük verir: Azərbaycan milli komandasının heyətində 10 idmançıdan 8-i Azərbaycan idman gimnastikası məktəbinin yetirmələridir.

Milli komandalarımızın aşağı yaş qrupları üzrə məşqçisi çalışan Əhməd Ağayev də son dövrlərdə idman gimnastikasına artan marağı qeyd etdi və valideyinlərin uşaqları fəal şəkildə gimnastika məktəblərinə yazdırdığını qeyd etdi:

N2

“Son dövrlərdə digər gimnastika növlərinə olduğu kimi kişi idman gimnastikasına da maraq artır. Bizim gimnastika bölmələrinə və klublarına yeni uşaqlar müraicət edirlər. Həm klublarla, həm federasiya ilə qəbulla bağlı valideynlər tez-tez əlaqə saxlayır. Pandemiyaya qədər bu proses müntəzəm olaraq həyata keçirilirdi. Lakin pandemiya dövründə, karantin elan olunduqdan sonra bildiyiniz kimi idman zallarının fəaliyyətinə icazə verilmədi, idman zalları bağlı qaldı bir müddət və həmin dövrə qədər artıq klublarda, gimnastika bölmələrində məşq edən uşaqlar məşqlərini onlayn davam etdirdilər. Lakin hal-hazırda zallarımız artıq açıqdır və bölmələrimizə qəbullar davam edir, uşaqlar isə əyani şəkildə məşqlərini davam etdirirlər”.

Azərbaycanda gimnastikanın ən populyar növü

Bədii gimnastikaya gəlincə isə, bu idman növündə uğurlarımız daha çoxdur. 1940-cı illərdə Nadejda Merkulova SSRİ yığmasının heyətində çıxışlarından sonra ölkəmizdə gimnastikanın bu növünə olan maraq artdı və uzun illər ölkəmizdən olan gimnastlar müxtəlif ümumrespublika və beynəlxalq yarışlarda təmsil olunublar.

4

Müstəqillik qazandıqdan sonra ilk uğurumuz 2003-cü ildə Dünya çempionatında iştirak edən və 2004 Afina Olimpiya Oyunlarına vəsiqə qazanan Dinara Gimatova ilə bağlıdır. Təəssüf ki, 4 ilin ən vacib yarışından əvvəl zədələnən və Anna Qurbanova ilə əvəz olunan Gimatova, növbəti Olimpiadada artıq özü iştirak etmişdi.

Ümmumiyyətlə, Pekin 2008 Olimpiya Oyunlarında Azərbaycan bədii gimnastikası tam heyətlə təmsil olundu – yarışlarda fərdi proqram üzrə iki gimnast (Aliyə Qarayeva və Dinara Gimatova), həmçinin müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qrup hərəkətləri komandası (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina) iştirak etdi. Çoxnövçülük finalında Aliyə 6-cı, qrup komandası isə 7-ci yerdə qərarlaşdı.

4 il sonra, 2012-ci ildə Londonda baş tutan Olimpiadada Aliyə Qarayeva yenidən çoxnövçülük finalında mübarizə apardı və nəticədə 4-cü yeri tutdu. Bu, hələ ki, Olimpiya Oyunlarında qazandığımız ən yüksək nəticədir.

Rio-2016 Olimpiya Oyunlarında isə ölkəmizi Marina Durunda təmsil edərək 10 ən güclü idmançılar arasında finalda çıxış etdi

2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatının nəticələrinə əsasən Azərbaycan yığma komandası Tokio-2020 Olimpiadasına iki lisenziya əldə etdi. Fərdi proqramda ölkə üçün lisenziyanı Zöhrə Ağamirova qazandı. Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası da Olimpiya Oyunlarında iştirak etmək hüququnu təmin etdi. Belə ki, ölkəmiz yenidən Olimpiadada həm fərdi birincilikdə, həm də qrup hərəkətləri komandalarının yarışlarında təmsil olunacaq.

Bu Olimpiya Oyunları həmçinin ilk dəfə Azərbaycan gimnastika məktəbinin fərdi növdə iştirak etməsi ilə yadda qaldı.

Daha əvvəl Aliyə Qarayeva, Dinara Gimatova və digər milliləşdirilən legionerlərdən ibarət olan milli komandamızın hazırda 28 idmançısından yalnız 3-ü ölkəmizin gimnastika məktəbinin yetirməsi deyil.

Renessans və yeni eranın başlanması

2002-ci ilin oktyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə gimnastika növlərinin, xüsusilə də bədii gimnastikanın dirçəliş dövrü başlandı.

2014-cü ildə I Avropa Oyunlarından öncə Milli Gimnastika Arenasının açılışından sonra bütün gimnastika növlərinin yığmaları artıq böyük bir idman kompleksində məşq etməyə başladılar. 9 min azarkeş tutuma malik MGA-da həmçinin idmançıarın yaşaması üçün otaqlar, yeməkxana, əlavə məşq zalları, idman inventarları da mövcüddur.

ffff

Beynəlxalq və yerli yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, həmçinin bədii və idman gimnastikaları üzrə Dünya və Avropa çempionatlarına da ev sahibliyi edib.

Son illərdə ölkədə uşaq gimnastikasına göstərilən diqqətin nəticəsində gənc və yeniyetmə idmançılarımız beynəlxalq yarışlarda iştirak etmiş, qitəmiqyaslı turnirlədə medallar qazanmışdır.

2020-ci ildə Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri yığmamız bürünc və gümüş medal qazanıblar. Müqayisə üçün deyək ki, 2017-ci ildə ən yaxşı nəticəmiz 9-cu yer olub.

Gimnastikanın digər növləri

Azərbaycan Gimnastika Federasiyasının daha bir vacib addımlarından biri də idman gimnastikası və gimnastikadan savayı akrobatika, aerobika və batut gimnastikasının da inkişaf etdirilməsidir.

Yeri gəlmişkən, bu il ilk dəfə batut üzrə 35-ci dünya çempionatı paytaxtımızda keçiriləcək. Bu idman növündə ölkəmizin bir nəfər belə olsun legioner idmançısı yoxdur. Milli komandanın heyətində çıxış edən bütün idmançılar yerli batut gimnastikası məktəbinin yetirmələridirlər.

Azərbaycanın batut gimnastikası üzrə baş məşqçisi, uzun illərdir ölkəmidə çalışan Vladimir Şulikin saytımıza verdiyi açıqlamada bu idman növündə gənc və yeniyetmə idmançılara xüsusi əhəmiyyət verdiklərini açıqladı:

“İlk növbədə biz məşqçi yetişdirməyə çalışırıq. Onları beynəlxalq kurslara göndəririk. Nə qədər çox məşqçi olsa, o qədər gənc və perspektivli idmançılar olacaq. Çünki biz yalnız Bakıda yox, regionlarda da bu idman növünə olan marağı artırmalıyıq.

3

Daha əvvəl biz Azərbaycana legioner idmançıları dəvət edirdik. Bu, ölkədə batut gimnastikasının populyarlaşması üçün atılmış bir addım idi, çünki SSRİ dövründə burada batut gimnastikası yox idi. Legionerlər bu idman növünd medallar qazandılar. Avropa çempionatında, Dünya Kubokunda Azərbaycana mükafatlar gətirdilər və bundan sonra batut gimnastikasına olan maraq artdı. Həmçinin, batut gimnastikasının Olimpiya Oyunlarının proqramında olması da uşaqlarda və valideyinlərdə bu idman növünə həvəs yaratdı”.

Vladimir Şulikin həm də Azərbaycanın batut gimnastikasındakı hədəflərindən də söz açdı: “Olimpiya Oyunlarına lisenziya qazanmaq, Dünya və Avropa çempionatlarında medal qazanmaq bizim gələcək hədəflərimizdəndir. Amma ən əsas uşaqları bu idman növünə cəlb etməkdir”.

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.