Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandırmış karateçi İrina Zaretska Offsideplus.az-a eksklüziv müsahibəsində ölkəmizə gəlişindən, Rafael Ağayevlə bağlı xatirələrindən və Bakıda başına gələn ən xoşbəxt hadisələrdən danışıb:

2015-ci ildə Avropa Oyunlarında qızıl medal qazandıqdan sonra Azərbaycan himnini oxuyaraq, hamını şoka salmışdınız. Qısa vaxt ərzində himni necə öyrənə bildiniz?

- Mənim karyeram Ukraynada başladı və Avropa çempionu olanda himn səslənmişdi. Ona görə də bunun necə hisslər olduğunu anlayırdım. 2015 Avropa Oyunları vaxtı anam Bakıya gəlmişdi və yarışlar zamanı ona dedim ki, himnin sözlərini öyrənmişəm. Anam isə mənə belə cavab verdi: “Qalib gəl və oxu”. Bilirsiz, fəxri kürsünün ən yüksək pilləsində dayananda və himn səslənəndə, bunun sənin üçün, üzərində əməyi olan insanlar üçün, azarkeşlər üçün nə qədər vacib olduğunu anlayırsan. Mənim Azərbaycan himnini oxumağım onlara olan təşəkkürüm idi.

- Siz daha əvvəl Ukrayna millisinin şərəfini qorumuşdunuz və hətta Avropa Çempionu olmuşdunuz. Ukraynanı Azərbaycana dəyişməyinizə görə peşman deyilsiz ki?

- Mən düşünürəm ki, hər nə olursa, yaxşılığa doğru olur. Azərbaycan məni dəstəkləməsəydi, karyeramda bu qədər uğur qazana bilməyəcəkdim. Oradan gedən vaxtı ölkənin ən titullu qadın karateçisiydim. Amma federasiya mənə maliyyə dəstəyi göstərmədi. Buna qədər mənim məşqçim şəxsi öz cibindən yarışlara getməyim üçün pul verirdi. Bununla bağlı federasiyaya müraciət edəndə isə mənə dedilər: “Düşünürsən ki, sənin yerinə başqa adam tapa bilmərik?” Bu sözləri eşidəndən sonra, artıq başqa yolum yox idi. Azərbaycanda isə məni çox dəstəkləyirlər, mənə sahib çıxdılar. Bilirəm ki, Ukrayna Karate Federasiyası çox peşmandır. İndi də deyirlər ki, əgər yol pulumu versəydilər, indi hər şey başqa cür ola bilərdi.

WhatsApp Image 2021 08 24 at 13.16.02

- Karate ilk və, çox güman ki, sonuncu dəfə Olimpiada proqramına daxil oldu. Məşğul olduğunuz idman növünün proqramdan kənarda qalması sizə ağır gəlmirmi?

- Hər bir idman növü vaxt və güc tələb edir. Karateni Olimpiya Oyunlarında gördükdə, başa düşdüm ki, çox gözəl və baxımlı idman növümüz var. Çox təəssüf ki, Parisdə karate olmayacaq, amma breykdans olacaq… (gülür). İnanıram ki, 2028-ci ildə Los-Ancelesdə karate yenidən Olimpiadaya qayıdacaq.

- Çoxları karateni aqressiya ilə əlaqələndirir. Sizin karate üzrə Olimpiya mükafatçısı olduğunuzu öyrənəndə, insanların ilk reaksiyası necə olur?

- Bir çoxları düşünür ki, karatedə biz hələ də başımızla taxta parçası sıdırırıq. Bu artıq spesifik şərq döyüş növü deyil, müasir idmandır. Karatedə cəld və tez olmalısan. O ki qaldı insanların ilk reaksiyasına… axı mən heç kimi döymürəm (gülür).

- Karatenin ən məşhur simalarından olan Rafael Ağayevlə bir komandada çıxış edirsiz. Onunla bir ölkəni təmsil etmək necə bir hissdir?

- Rafael Ağayev dünya karatesinin əfsanəsidir. Azərbaycanda isə, ümmumiyyətlə, ən çox sevilən idmançılardan biridir. Mən uşaq olarkən, Rafael artıq məşhur idi və onun döyüş videolarına baxaraq böyümüşəm. Bir dəfə o, Ukraynaya master-klass keçmək üçün gəlmişdi. O zaman istəyirdim ki, məni tərfiləsin, məsləhət versin. Mənə baxdı və dedi ki, göstərmə yox, rəqibi vurmaq lazımdır və mənə baxaraq zərbə endirməyimi istədi. Zərbə güclü alındı və məşqçim şoka düşərək, mənə dedi: “O axı əfsanədir. Sən nə etdin?” Amma o zərbədən sonra Rafael məni təriflədi, texnika ilə bağlı bir neçə sirri mənimlə bölüşdü. O zaman təxminən 10-11 yaşım var idi. Onun sözləri hər zaman ağlımda idi və mənə motivasiya verirdi. İllər sonra onunla bir yığmada çıxış etməyə başlayanda, məşqlərdə mənə çox dəstək oldu. Hazırda isə Rafael Ağayevi milli komandadakı ən yaxın dostum adlandıra bilərəm. Hər zaman deyirdi ki, sən və mən Olimpiadada medal qazanacağıq. Rafael çox çalışqan və sadə insandır, ona sonsuz hörmətim var. Hər zaman təşəkkür edir, hamıya dəstək olur. Onu həyatın bütün aspektlərində hər kəsə nümunə gətirmək olar.

- 2012-ci ildə gənclər arasında Avropa çempionatı Bakıda keçirilirdi və siz orada Ukrayna təmsilçisi kimi çıxış edirdiniz. Nə vaxtsa ağlınıza gələ bilərdimi ki, bir neçə ildən sonra Azərbaycan bayrağı altında yarışlarda iştirak edəcəksiniz?

- Mənim ilk Avropa Çempionatım idi. Bütün qarşıdurmalarımı, rəqiblərimi detallı şəkildə xatırlayıram. Hətta Azərbaycan təmsilçisi Aytac Əliyeva ilə 1/4 finalda qarşılaşmışdım və onu məğlub etmişdim. O zaman Ukraynada yaşayan azərbaycanlı dostum mənə demişdi ki, əgər Azərbaycanı təmsil etsəydim, artıq ulduz olmuşdun. Bu sözləri ciddiyə almadım, amma illər sonra onları xatırlayıram. Azərbaycandan təklif gələndə, dərhal razılaşdım. Bakıyla bağlı çox xatirələrim var: ilk Avropa çempionatı, Avropa Oyunları, hətta həyat yoldaşım evlilik təklifini mənə burada edib! Paytaxtımızı, ümmumiyyətlə Azərbaycanı çox sevirəm.

- Artıq 6 ildir ki, buradasınız. Geriyə baxsaz, sizə dəstək olan insanlara, azarkeşlərə və ölkəyə nə demək istərdiniz?

- Mən burada idmana olan diqqəti görəndə, sözün yaxşı mənasında, şoka düşmüşdüm. Sadəcə hər şeyə görə təşəkkür edə bilərəm. Bizi dəstəkləyən hər kəsə minnətdaram. Əgər kimsə mənim qazandığım medallardan qürur duyursa, bu, mənim üçün ən böyük naliyyətdir. Məhz bunun üçün hər gün idman zalına gəlib, saatlarla məşq etməyə dəyər. İnsanların məndən uğur gözləməsini, dəstəkləməyə hazır olduqlarını hiss edirəm və buna görə də hər kəsə təşəkkür edirəm.

Müsahibənin təşkil olunmasında göstərdiyi dəstəyə görə “Ice Pub”-a təşəkkür edirik.

 092617 gw irina01

 

images/2021-08-08/Screenshot_2021-08-08_162448.jpg