Bu ərəblər...
Paytaxtımızı "zəbt etdilər", gəzdilər, bölgələrimizdə ov ovladılar, quş quşladılar. Hay-küy qaldırdıq, bir az məzəmmət olundular, məsələ unuduldu.
Bu gün də "təşəkkür" etdilər...
Söhbətimizin mövzusu futboldur. Məsələyə sırf bu yöndən yanaşa bilərdik, ancaq ərəblər bizdə elə bir travma yaradıb ki, hara "fırlatsaq" da, yenə gəlib yuxarıdakı söhbətin üzərində dayanırıq.
Tam 18 gün əvvəl gənc futbolçumuz Bəhlul Mustafazadə bəh-bəhlə, çal-çağırla ərəb klubuna transfer edildi. Təbii ki, ölkədən kənara çıxan, karyerasını xarici çempionatlarda davam etdirən futbolçularımızı görmək bizi sevindirir. Bu mənada əvvəl Mahirin, ardınca Bəhlulun keçidinə xoşhallandıq. Bəhlul əslində normal ölkəyə, normal çempionata getməmişdi. Bizi sevindirən onun üçün "Sabah"a ödənilən, yayılan məlumatlara görə, təxminən 500 min avro təzminat məbləği idi. Bir azərbaycanlı futbolçu üçün bu, böyük pul sayılır.
Xülasə, indi bu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu Mustafazadəni əyninə formanı geyinib "siftə" etmədən geri qaytarıb. Belə ki, "Sabah" Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb. Məsələni sabaha saxlamaq istəməyən bakılılar bununla bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə dünyanın bir nömrəli futbol qurumu FİFA-ya müraciət etməyi planlaşdırır. Futbolçumuzu Ərəbistan çöllərində buraxan BƏƏ-lilər isə yəqin ki, çox rahatdırlar və bu məsələnin də "quş söhbəti" kimi unudulub gedəcəyini düşünürlər. Ya da ki, pullarına nə gəlib? Az olubmu, milyonları verib futbol dünyasında ürəkləri istədiyi kimi davranmaları?
"Bəhlul" sözü də elə ərəb kökənlidir. Mənası "ayıq, tez başa düşən insan" deməkdir. Ancaq nə "Sabah", nə də Bəhlul bu məsələdə ayıq davrana bilmədi. Ya da, hardan biləydilər? Ki, futbol anlayışı baxımından kasadlıq yaşayan, hər şeyi pulla ölçən ərəblər belə hərəkət edəcəklər?
BƏƏ karyerası alınmayan Bəhlul isə artıq azad agentdir. 24 yaşlı müdafiəçi yəqin ki, yenə də Premyer Liqamızda top qovmalı olacaq...
Daşqın Əziz