Hələ Bakıda olanda – viza üçün Yunanıstanın ölkəmizdəki səfirliyinin ofisinə müraciət edəndə, səfirlik işçiləri başımıza elə “oyun açmışdı” ki, Bakıda gördüklərimizin qədim Ellada toprağında rastlaşacaqlarımızın yanında şükürlü olacağını zənn etmişdik.
Qısa deyəcəm: viza müraciəti üçün səfirlikdə 4-5 saat gözlədilmişdik. Həm də heç bir tutarlı səbəb olmadan. Konsulun köməkçisinin azərbaycanlı jurnalistlərin vizalarnı qəbul etməkdən daha vacib işi varmış. Soyuq münasibətin hara söykəndiyini ətraflı izah etməyə gərək duymadan keçim məsələnin əsas tərəfinə.
Afinadakı Hava Limanının Gömrük Məntəqəsində heç bir problem görmədən, hətta bəzi anlarda qələm əhli olduğumuza görə xüsusi hörmət münasibəti ilə aeroportu tərk etdik. Amma tərk etməzdən öncə pasportumuza möhür vuran əməkdaşla qısa dialoq yaşandı ki, nəql etməsəm, olmaz.
- İdman jurnalistləriyik, Azərbaycandan, Bakıdan gəlmişik, “Olimpiakos” – “Neftçi” matçını işıqlandırmağa.
- Lap yaxşı.
- Sizcə, kim udacaq?
- Oyunun sonunda biləcəyik (gülür).
- Proqnozunuz?
- Mən “Panatinaikos” azarkeşiyəm...
- Demək ki, “Neftçi”yə azarkeşlik edəcəksiniz.
- Yox, niyə ki?! “Olimpiakos” 2:0 udacaq.
Növbəti yunanla – yaşlı avtobus sürücüsü ilə söhbətimiz də kifayət qədər “şirin” alınır. Nə soruşur, maraqlanırıqsa, məmnuniyyətlə cavab verir, azərbaycanlılara qarşı hansısa qərəz, görməməzlikdən gəlmək hiss etdirmir.
Təxminən 13 saatlıq yolçuluqdan sonra Afinanın “göbəyində” yerləşən “The Athenian Callirhoe” otelinə yerləşirik. Məşhur “Akropol”la bizi piyada 10 dəqiqəlik məsafə ayırır. Bunu eşidən kimi yorğunluq yaddan çıxır və dünyaya səs salan məşhur tarixi ərazini kənardan da olsa görmək şansını əldən vermirik. Amma gecdir, qapılar bağlıdır və bizə kənardan seyr etmək qalır.
Möhtəşəm, turistlərin çoxluq təşkil etdiyi şəhərdir. Bu gün və sabah kifayət qədər gəzib-dolaşmaq imkanımız olacaq ki, təəssüratlarımı zamanla siz oxuculara çatdırmağa çalışacağam. O cümlədən “Olimpiakos”la “Neftçi”nin baş məşqçilərinin oyunöncəsi və oyunsonrası mətbuat konfranslarını, stadionda gördüyümüz ən maraqlı məqamları və matç vaxtı yaşananları.
Hələlik bu qədər...
HƏBİB, Bakı-Afina