Futbolun "bələkdə" tərbiyəsi...

Hər şey təməldən başlayır. Möhkəm özül üzərində qurulan sütunlar asanlıqla çökməz. Bu, həyatın istənilən sferasına aid edilən teoremdir. O cümlədən də, futbola.

Bu gün "beşikdə" öyrədilən keyfiyyətli futbol gələcəyə zəmanətdir. O gələcək ki, həsrətindəyik. O gələcək ki, istedadlı uşaqlarla gələcək, bizim futbola olan "aclığımızı doyduracaq", üzümüzü ağ edəcək. Təbii ki, ölkəmizdə idmanın bu növündə, ələxsus, uşaq futbolundakı əyər-əskikləri saymaqla bitirmək olmaz. Azərbaycan futbolunun gələcəyi məhz uşaq futbol məktəblərindən, akademiyalardan, aidiyyatı qurumların, klubların bu sahəyə göstərilən diqqətindən aslıdır. Gələcəkdə peşəkar futbolçu olmaq arzusu ilə yaşayan uşaqların bu "ehtirasını" söndürməmək, onları illər sonra başqa sahələrdə görməmək üçün bu işə müstəsna önəm verilməlidir.

1485251169

Bu gün Azərbaycanda uşaq futbolunun yol xəritəsi necə olmalıdır? Nələr edilməli, futbolumuzun sağlam gələcəyini təmin edən strategiya necə seçilməli və qurulmalıdır?

Bu suallarla "Neftçi" klubunun U-12 komandasının çalışdırıcısı, Azərbaycanın əməkdar məşqçisi İslam Kərimova müraciət etdik. İllərini bu yolda "xərcləyən" mütəxəssis bunun üçün ilk olaraq bölgə futbolunun inkişaf etdirilməsinin vacibliyini qeyd etdi:

"Birinci növbədə, bölgələrdə futbolun inkişaf proqramı olmalıdır. Ona görə ki, əsas futbolçular bölgələrdən çıxır. Akademiyaların sayı artırılmalıdır. Məsələn, bu gün "Qəbələ" klubuna fikir verin. Əksər futbolçuları öz yetirmələridir. Həmçinin, vaxtilə "Bakı" klubunun fəaliyyəti. Bu gün Mahir Emreli, Namik Ələskərov bu məktəbin parlaq nümayəndələridir. O cümlədən, vaxtilə Portuqaliyaya gedən Valeh Seyidov da "Bakı"nın "şinelindən çıxmışdı". İstedadlı uşaqlar bu gün ölkədən kənara çıxmalıdır. Ələxsus, 13, 14, 15 yaşlı istedadlı uşaqlar xüsusi nəzarətdə olmalıdır. Çünki bu yaş mərhələləri keçid dövrüdür və çox həssas məqamdır. Buna görə də, həmin aralıqlarda uşaqlara çox ciddi nəzarət olmalıdır. Bundan başqa məktəblərin çempionatlarını bərpa etmək lazımdır. Düzdür, pandemiyaya görə, bu çempionatlar dayandırıldı. Yəni kütləvilik olmalıdır. Sovet dövründə "Sevinc kuboku" deyilən bir yarış var idi. Bu yarış məhəllələr arasında keçirilirdi. Bu turnir Mənzil İstismar Sahəsinin nəzdində rayon İcra Hakimiyyətinin İdman Komitəsi tərəfindən keçirilirdi. Seleksiyaçılar da bu yarışlara gəlir, istedadlı uşaqları seçirdilər. Hazırda bu tip yarışlar Nizami rayonunda keçirilir".

İslam Kərimov daha bir maraqlı və vacib məqamı qeyd etdi. MOİK klubunun bərpasını və nümayəndələrindən birinin AFFA İcraiyyə Komitəsində təmsil olunmasını istədiyini dilə gətirən mütəxəssis bunun uşaq və yeniyetmə futbolçuların gələcəyi üçün labüd olduğunu bildirdi:

"Bu, mənim şəxsi fikrimdir. Çox istərdim ki, MOİK komandası bərpa olunsun və güclülər dəstəsində çıxış etsin. Baxın, 18 yaşına çatan yeniyetmənin hərbi xidmət dövrü gəlir. Əgər MOİK Premyer Liqada oynasa, istedadlı uşaqlar bu komandaya cəlb edilə bilər. Yaxşı olardı ki, bu komandanın bir nümayəndəsi də AFFA İcraiyyə Komitəsində təmsil edilsin. Bizim vaxtımızda belə idi. MOİK-in rəhbəri AFFA İcraiyyə Komitəsində təmsil olunurdu. Bu zaman da gənc futbolçuların əsgərlik məsələsi avtomatik həll edilirdi".

isl copy

Hazırda uşaq futbol məktəblərində vəziyyət necədir? Hansı işlər görülür?

Suallarımızı "Sabah" klubunun U-14 komandasının baş məşqçisi Samir Əbdürrəhmanova ünvanladıq. Vaxtilə "Bakı" futbol klubunda da çalışmış Əbdürrəhmanov ümumi vəziyyəti belə şərh etdi:

"Sabah" futbol klubu dedikdə, "Vətən" futbol məktəbinin adını da qeyd etməliyik. Bu iki ad arasında birgə dəstək, işbirliyi əsasında uşaq futbolu inkişaf etdirilir. Aşağı yaş qruplarından danışarkən, "Real Madrid", "Sevilya", "Lokomotiv" və digər uşaq futbol məktəblərində olmuş biri kimi Avropada akademiyaların standartlarına uyğun hansı şərait varsa, ölkəmizlə müqayisə üçün bu gün deyə bilərəm ki, nisbətən "Sabah" futbol klubunda rəhbərlik səviyyəsində böyük işlər görülür. Burada əsas məsələlərdən biri də məşqçilərin maarifləndirilməsidir ki, bu səpkidə də addımlar atılır. Həftənin 5 günü "Zoom" proqramı vasitəsilə xarici mütəxəssislərlə ingilis dilində görüşlər təşkil olunur, məşqçilərimizin həm futbol, həm də öz üzərlərində işləməkləri baxımından bilik və bacarıqları təkmilləşdirilir. Mən istərdim ki, bu nəinki "Sabah"da, digər klublarımızda da olsun. Gəlin, etiraf edək ki, bu gün hər şey ideal deyil, çatışmamazlıqlar var. Təbii ki, iş olan yerdə çatışmamazlıqlar da olmalıdır. Onun da həllini, çıxış yolunu tapmaq lazımdır. Hansısa tənqidə və ya təhqirə yol vermək yox, bu problemləri, əyər-əskikləri aradan qaldırmağa çalışmaq lazımdır.

Bu gün 40-dan çox bölgəmizdən gələn uşaqlar "Sabah" futbol klubunun düşərgəsində qalır. Yeyirlər, içirlər, avtobuslar məşqlərə gətirib-aparır. Yəni, böyük işlər görülür. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar bütün sahələrdə olduğu kimi bizim işimizdə də durğunluq yarandı. Avropada keçirilən müxtəlif yaş qrupları üzrə turnirlərdə çıxış edə bilmədik. "Sabah" futbol klubunun Xorvatiya "Zaqreb"i ilə əməkdaşlığı da var. Bu ilin mayında müqaviləmiz bitdi. Koordinatorlarımız da xorvatlar idi. Bu gün nə xoş ki, bizim yaratdığımız bir model var. Hər zaman deyirəm, bir strategiya, model olmalıdır. Hansısa yaş qrupu ilə "kələkötür" işlənilməməlidir. Bizim əsas məqsədimiz gələcəkdə milli komandamıza layiqli futbolçular yetişdirməkdir".

fjf

Gənc mütəxəssis klub akademiyasına uşaqların qəbulu və seleksiya məsələləri barədə bunları dedi:

"Bizim həm Bakıda, həm də bölgələrimizdə seleksiya məşqçilərimiz var. Ölkənin dörd bir yanında olan seleksiyaçılarımız öz qruplarında olan uşaqlarla bağlı bizə məlumat verirlər. Biz onları dəvət edirik və şərait yaradırıq ki, öz bacarıqlarını, futbol fəlsəfələrini nümayiş etdirə bilsinlər.  Biz də baxırıq, gözdən keçiririk və hansısa uşaq uyğun gəldikcə akademiyamıza qəbul edirik. Tam ödənişsiz formada onların buraya aparılıb-gətirilməsi təmin edilir".

Klubun aşağı yaş qruplarının məşq prosesləri barədə danışan Əbdürrəhmanov həmçinin, valideynlərlə bağlı vacib nüansı da diqqətə çatdırdı:

"Hər bir yaş qrupunun öz məşq proqramı var. Mən U 14-ün baş məşqçisiyəm. Bizim həftədə 4 məşq, 1 oyun olmaqla ümumilikdə 5 hazırlıq prosesimiz olur. Oyuna qədər taktiki məşğələlər keçirilir, matçdan sonra da istirahət verilir. Məşqin ardıcıllığı düzgün qurulmalıdır ki, onun nəticəsi də istənilən səviyyədə olsun. Çalışırıq ki, əlimizdən gəldiyi qədər buna uyğun davranaq. Ümumilikdə, bir məsələni də qeyd etmək istərdim ki, bu da meydança amilidir. Bu gün süni meydançada çıxış etməyin mənfi tərəfləri çoxdur. Sadə bir misal - uşaqların tez zədələnməsinə səbəb olur. Çox istərdik ki, təbii örtüklü meydançaların sayı artsın. Həmçinin, valideyn amilini də qeyd etmək istərdim. Əksər hallarda görürsən ki, uşaqların valideynləri oyun zamanı qapının arxasında dayanaraq, onlara məsləhətlər verir, "bunu belə et, elə et" deyirlər. Bu da yolverilməzdir. Hər kəs məsuliyyəti dərk etməlidir".

O, aşağı yaş qruplarının iştirak etdiyi yerli və beynəlxalq turnirlər barədə də məlumat verdi:

"Bu il pandemiya ilə əlaqədar turnirlərdə iştirak edə bilmədik. Ancaq ötən il Xorvatiyada olduq. "Sabah" futbol klubu və "Vətən" futbol məktəbi ilə birgə Avstriyada da olmuşam. "Real", "Barselona"nın uşaqlarına qarşı oynamışıq. Türkiyədə "İzmir Cup"ın çempionu olmuşuq. Pandemiya dövrünə qədər mən rəhbərlik etdiyim U-14 komandası ilə birlikdə 6-7 beynəlxalq turnirdə iştirak etmişəm. Bunun özü artıq bir nəticədir. Bir haşiyə çıxım, bizim dövrümüzdə uşaq futbolu nöqteyi-nəzərdən heç "Biləcəridən o tərəfə çıxa bilmirdik". İndi hər bir şərait yaradılıb. Bu işi təkcə "Sabah" yox, "Qəbələ" də, "Neftçi" də görür. Əminəm ki, digər klublarımız da bu prosesə qatılacaq və kütləvilik yaranacaq. Nə qədər ki, uşaqlarımız 12, 13, 14 yaşlarında beynəlxaq yarışlarda çıxış edəcəklər, futbolumuzun gələcəyi də parlaq olacaq. Sabah millimizin heyətində çıxış edəcəklər, uğurlu nəticələri ilə bizləri sevindirəcəklər".

6ab01b7e 7fc4 43bd 94a4 1ae10b677907

Samir bəy yekun olaraq qarşıdakı hədəflərdən danışarkən yaxın keçmişə səhayət etdi, "Bakı"dan, bu məktəbin parlaq yetirmələri olan Mahir Emrelidən, Namik Ələskərovdan da bəhs etdi:

"Avqust ayında ezamiyyətlərə getmək və seleksiya işləri aparmaq barədə planlarımız var. Açıq deyim ki, hazırki akademiyamızın işi mənə "Bakı"nı xatırladır. Hafiz Məmmədovun (oxu - "Bakı" klubunun prezidenti) vaxtında bu komandada oynamışam. 2009-cu ildə isə "Bakı"da məşqçiliyə başlamışam. Bu gün mən Mahir Emrelidən, Namik Ələskərovdan danışmaq istərdim. Fəxrlə demək istəyirəm ki, yetirmələrimiz bacarıqları, uğurları ilə bizi sevindirir. O akademiyanın işi bu gün göz qabağındadır. Əminəm ki, "Sabah"da çəkdiyimiz zəhmətlər də öz bəhrəsini verəcək. Təbii ki, futbol bir və ya iki günlük bir iş deyil. Davamlı olaraq bu sahədə fəaliyyətimizi davam etdirməli və vaxtı çatanda da nəticəsini gözləməliyik. Həm də bir məqamı qeyd edim, sabah hansısa futbolçumuz parlasa, məşhurlaşsa, onun təməlini qoyan, "xəmirini yoğuran" məşqçiyə də dəyər verilsin. Bu, biz məşqçilər üçün çox böyük motivasiyadır. Ki, gördüyümüz işin, çəkdiyimiz əziyyətin bəhrəsini görək və yada salındıqca mənən sevinək".

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

1626442780 1625744715 1625297110 media agentlik