Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Neftçi"nin rəqibinin adına aydınlıq gəldi.
Tiflis "Dinamo"su azərbaycanlı futbolçulara tanış komandadır. Bəzi həmyerlilərimiz son 1 ildə Gürcüstan çempionatında bu komandaya qarşı oynayıb.
Offsideplus.az xəbər verir ki, belələrindən biri Vüqar Bəybalayevdir. Həmin Vüqar ki, mayın 16-da "Telavi"nin heyətində "Dinamo"ya qarşı matçda 58 dəqiqə meydanda olub və komandası son ölkə çempionuna 0:1 hesabı ilə məğlub olub. Maraqlı olacağını nəzərə alıb, Bəybalayevdən "Neftçi"nin rəqibi haqda soruşduq: "Dinamo" Gürcüstan səviyyəsində güclü komandadır. Özünəməxsus oyun üslubları var. Topla oynamağa üstünlük verirlər, 3 mərkəz müdafiəçisi olmaqla "5-li" müdafiə sistemindən istifadə edirlər. Orta sahədə top saxlamağı bacaran texnikalı oyunçuları var. Cinahdakı futbolçuları sürətli hücumlar qurmağı bacarır. Və ən əsası, Gürcüstan çempionatına xas olan fiziki hazırlıq. İkili mübarizələrdə inamlıdırlar. Uzaq məsafədən qapı istiqamətinə zərbələri də təhlükəli alınır.
Bütün bunlara baxmayaraq, "Neftçi"ni daha keyfiyyətli və təcrübəli komanda hesab edirəm. Heyətdə usta oyunçular var. İnşallah, möcüzə baş verməsə, mərhələni "Neftçi" adlayacaq.
Hazırda İbrahim Qədirzadə ilə birlikdəyəm. İnanırsız, püşkatmanın nəticələrini görən kimi hədsiz sevindik. "Dinamo" - "Neftçi" oyunu günü istirahət olmalıdır bizdə. Allahın köməkliyi ilə stadiona gedib, "Neftçi"yə dəstək olacağıq".
Qeyd edək ki, Vüqar Bəybalayev cari mövsümdə Gürcüstan elitasında 10 oyunda 635 dəqiqə oynayıb.