Sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus olub, Faiq Ağayevin ifasında sevə-sevə dinlədiyimiz o məşhur mahnı. “Qızıl Şlyager” 1998-ci ildə kameralar qarşısına keçib bu mahnını oxuyanda Mahir Emreli (o vaxt Mədətov idi – H.) yeni doğulmuşdu, körpəliyin dadını çıxarırdı...

Körpəlik, yeniyetməlik, gənclik və nəhayət, peşəkar futbolçu həyatı. “Bakı”yla “Qarabağ”ın müasir Azərbaycan futboluna bəxş etdiyi ən istedadlı futbolçulardan biri. Bəlkə də birincisi. Dünənə qədər Biləcəridən o tərəfə çıxmadığına görə qınadığımız Mahir bundan sonra Polşanın adlı-sanlı klubu, son ölkə çempionu “Legiya”nın uğurları üçün tər tökəcək.

İndiyə qədər Azərbaycan futbolunda onun qədər tənqid və təhqir olunan, məsxərəyə qoyulan ikinci futbolçu olmayıb. Hətta qol vurduğu oyunlarda belə, insanlar “iynə batırmaq” üçün yer tapmağı bacarırdı. Başqası olsaydı, bəlkə də çoxdan karyerasını başa vurmuşdu. Dünyada mümkün olan bütün təzyiq və təhqirlərə baxmayaraq, dözdü, susdu və sonda “Legiya”nın ilk yay transferi kimi adını tarixə yazdırdı.

Əsas olan bundan sonrasıdır – Levandovskinin vətənində nə qədər duruş gətirəcəyi. Hər şey özündən asılıdır. Xarakteri var, dil bilikləri mükəmməldir, Avropa mədəniyyəti və mətbəxi ilə yaxından tanışdır. Darıxmaq? Mümkün deyil! Nə vaxtsa darıxmağı bəhanə etsə, illərdir İtaliyada təhsil alan, ata-ana üzünə həsrət qalan bacısı Ayişənin gözlərinin içinə baxmağa haqqı çatmaz. Yəni “11 nömrə”nin qarşısında əngəl yarada biləcək heç bir tutarlı səbəb yoxdur. Bircə qalır məşq edib, futbol oynamaq ki, onu da lazımınca bacarır.

Mahirin Polşada möhkəmlənməsi təkcə nəyə qadir olması anlamına gəlməyəcək. Panlar ölkəsində verəcəyi ötürmələr və vuracağı qollar onu özü də bilmədən Avropanın aparıcı futbol ölkələrindən birinə aparacaq. Parlaq oyunu sayəsində avropalılarda azərbaycanlı futbolçular haqda müsbət fikirlər formalaşdıracaq. Ümidləri doğruldacağı halda, yeni Nazim Süleymanovumuz, Vəli Qasımovumuz olacaq. Bilmək olmaz, bəlkə onlardan daha güclü, daha adlı-sanlı.

Hə, Mahir. Ən çətin addımı atıb, Azərbaycandan qaçmağı bacardın. Kiçik çətinlik qalıb, o da yeni ölkə və komandadakı ab-havaya uyğunlaşmaq. Formanda sevə-sevə daşıyacağın “Emreli” soyadının gələcəkdə azərbaycanlı uşaqların kürəyində “gəzməsini” istəyirsənsə, heç nəyə baxmadan, heç kimə qulaq asmadan bütün diqqətini futbola yönəltməlisən. Qələbə qazandığında dostlarında əylən, darıxdığında otağın bir küncünə çəkilib ağla. Nə edirsən et, bircə bu tərəflərə qayıtma. Düşün ki, Azərbaycanda futbol yoxdur, çempionat ləğv olunub, stadionlar dağıdılıb.

.. “Get, dönmə geri” dəbdə olanda sən həyatın və futbolun nə olduğunu dərk etməyəcək qədər körpə idin. İndi həyatı anlayırsan, futboldan xəbərdarsan, getdiyin yerdən geri dönməyin nələrə gətirib çıxaracağını başa düşürsən. Bu dəfə Faiq Ağayev yox, biz sənə deyirik, dönmə geri!

HƏBİB